qadin-kisi

Azərbaycan ailəsi – problemlər və onların həlli yolları

Baxış sayı: 815

Müasir Azərbaycan qadını ana olmaqla yanaşı, həm də bacarıqlı siyasətçi, iş adamı, dövlət məmuru, xalqın inanıb səs verdiyi millət vəkilidir.

Bu fəallıq, malik olduğumuz tarixi ənənələrlə yanaşı, ölkəmizdə həyata keçirilən gender siyasətinin mahiyyətindən, onlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir.

Qadınların iqtisadi cəhətdən gücləndirilməsi ailə münasibətlərinə də təsir edir. Ailə büdcəsinə öz töhfələrini verməklə bərabər, qadınların özünə inamı artır, ailədə iqtisadi cəhətdən asılı olmur, iqtisadi və ictimai həyatda paralel iştiraklarını təmin edirlər.

Mövzu ilə bağlı danışan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova deyir ki, ailə üzvləri arasında səmimi münasibət, böyük-kiçik yerinin bilinməsi, valideyn-övlad münasibətlərinin düzgün qurulması bizim ailələrə xas keyfiyyətlərdəndir.

Qadınlar tərəfindən döyülən kişilərin sayı

Onun sözlərinə görə, milli-mənəvi dəyərləri xalqımızın ən böyük sərvəti hesab edən Heydər Əliyev bu dəyərlərin qorunmasının vacibliyini dönə-dönə deyib və bu gün prezident İlham Əliyevin göstərişilə ailənin inkişafı, cəmiyyətdə yerinin möhkəmləndirilməsi məqsədilə həyata keçirilən tədbirlər ailəyə dövlət qayğısını təmin edir: “Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə, ailələrin, uşaqların hərtərəfli inkişafı, keyfiyyətli təhsil və yüksək standartlara cavab verən sosial xidmətlərlə təmin olunması istiqamətində layihələr həyata keçirilir”.

Komitə rəsmisi bildirir ki, bir çox problemlər qanunvericilik aktlarındakı boşluqlardan yaranır: “Bu sahədə uğurların davam etdirilməsi üçün yeni qanunvericilik aktlarının, milli fəaliyyət planlarının qəbulu vacibdir. Hazırda bu sahədə bir sıra problemlər var. Belə neqativ hallara göz yuma bilmərik. Ailə üzvləri arasında ünsiyyət çətinliyi, sosial-psixoloji mühitin gərgin olması, erkən nikah, məişət zorakılığı, uşaqların təhsildən yayınması kimi problemlər ailələrin təməlinin zəifləməsinə və nəticədə dağılmasına aparır”.

A.Veysəlovanın dediklərinə görə, bəzi boşanan qadınlar yaşayış yeri və mülkiyyət hüququndan məhrum olur, iqtisadi çətinliklərlə üzləşirlər, uşaqlar üçün nəzərdə tutulmuş aliment ödənilmir: “Boşanma zamanı ən çox uşaqlar zərər çəkir, psixoloji problemlərə məruz qalırlar. Uşaqların təhsildən yayınması, əməyə cəlb edilməsi və məruz qaldıqları digər sosial-psixoloji problemlər valideyn məsuliyyətinin artırılmasını zəruri edir. İndiki halda artan boşanmalar, ailədaxili münasibətlərin pozulması, ailə münaqişəsi zəmnində baş verən cinayətlər onu göstərir ki, ailə qurmaq nə qədər məsuliyyətlidirsə, onu qoruyub saxlamaq bir o qədər də çətindir.

Ailədə münasibətlər sisteminin düzgün olması da zəruridir. Əgər ailədə münasibətlər normal olarsa, o zaman, insanlar da cəmiyyətdə müəyyən mövqe tuta bilərlər. Tarazlıq pozularsa, həm problemi törədən, həm də yaranmış problemdən əziyyət çəkən insan (istər qadın, istər kişi, istərsə də uşaq olsun), cəmiyyətdə özünü təsdiq etmək üçün çətinliklərlə üzləşir. Məhz bu baxımdan qadınların iqtisadi cəhətdən gücləndirilməsi, onları iqtisadi asılılıqdan azad olmasına gətirib çıxarır. İqtisadi cəhətdən güclü olan qadın  yoxsul və ya işsiz  qadına nisbətdə daha az zorakılığa məruz qalır”.

Baş məsləhətçi düşünür ki, qadın hüquqlarının pozulması, gender əsaslı zorakılıq bəşəriyyətin qarşısında dayanan vacib və qlobal səviyyəli məsələlərdir: “Bunlardan biri də uşaqların cinsə görə nisbətinin pozulmasıdır. Belə münasibət qadına, onun sağlamlığına, doğulmayan qızlara qarşı zorakılıqdır. Eyni zamanda, ailədaxili münasibətlərdə yaranan problemlərdən biri də uşaqların cinsi ayrı-seçkiliyə məruz qalmasıdır.

Hazırda dünyanın bir sıra ölkələrində aktual problemlərdən biri  də doğulan uşaqların cinsə görə nisbətinin pozulmasıdır. Hamiləliyin süni şəkildə pozulması faktı inkişaf etmiş ölkələrdə il ərzində iyirmi səkkiz milyon, inkişaf etməkdə olan ölkələrdə isə il ərzində yüz səksən iki milyondur. Bəzi qadınlar ailə planlaşdırmalarında ikinci, üçüncü  və daha çox uşağın olmasını nəzərdə tutmurlar. Buna səbəb kimi iqtisadi və ya sosial səbəbləri göstərirlər. Bu siyahıya uşağın cinsinə görə hamiləliyin süni şəkildə pozulmasını da aid etmək olar.

Uşaqların cinsi nisbətinin pozulması əvvəllər o qədər də hiss olunmayan, lakin hazırda cəmiyyəti düşündürən məsələlər  sırasında dayanır. Əgər bu disbalans təbii surətdə baş verirsə, müdaxilə etmək düzgün olmazdı. Lakin təəssüflər olsun ki, bu proses bir çox hallarda təbii surətdə baş vermir.

Əfsus ki, Azərbaycan da bu problemdən kənarda qalmayıb. Ailədə əsasən kişinin, qayınana və qayınatanın istəyinə görə oğlan uşaqlarının ana bətnində saxlanılması, qız uşaqlarının isə məhv edilməsi cəmiyyətdə gender balansının, eləcə də genefondun pozulmasına gətirib çıxara bilər”.

“Ailə” Sosial Araşdırmalar İctimai Birliyinin sədri Gülnarə Şəbiyevanın sözlərinə görə, gender problemi və gender bərabərliyinin tam təmin olunması Azərbaycanda da aktual məsələlərdən biri kimi qarşıda durur: “Hazırda bu sahədə dövlət siyasətinin əsas istiqamətlərini gender əsaslı zorakılıq hallarının qarşısının alınması üzrə tədbirlərin görülməsi, qadınlar və kişilər üçün əmək bazarında bərabər imkanların yaradılması, qadınların işdə irəli çəkilmək, rəhbər vəzifə tutmaq imkanlarının daha da genişləndirilməsi təşkil edir”.

O deyir ki, ölkəmizdə aparılan dövlət siyasətinin əsas hədəfi cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmaqla gender bərabərliyinin təmin edilməsinə nail olmaqdır. “Azərbaycan qadınları hələ də zorakılıq, iqtisadi həyatdan sıxışdırılma, işəgötürmədə ayrı-seçkilik və peşə seçimi ilə bağlı bir çox problemlərlə rastlaşırlar və bu onların şəxsi və ailə həyatına da öz mənfi təsirini göstərir.

Ailələrdə boşanmaların sayının artması, qadınlara və uşaqlara qarşı zorakılığın olması əsas problemlərdəndir. Azərbaycanda il ərzində orta hesabla qadınlara qarşı məişət zorakılığı hallarının çox olduğunu nəzərə alaraq bu problemə diqqətin artırılması, xüsusilə məişət zorakılığı qurbanları üçün dövlət yardım mərkəzinin yaradılması çox vacibdir. Bu istiqamətdə məişət zorakılığından zərər çəkənlər üçün hərtərəfli və səmərəli müdafiə vasitələri yaradılsa da, məişət zorakılığının qarşısının alınması üzrə “Milli Fəaliyyət Planı”nın qəbul edilməsi zəruridir”.

Birliyin sədri vurğulayır ki, Azərbaycan ailələrində genderlə bağlı yaranan ən mühüm sosial problemlərdən biri də Ermənistanın hərbi təcavüzü nəticəsində ölkəmizin 20 faiz torpaqlarının işğal olunması, ölkədə bir milyondan çox əhalinin didərgin düşməsi ilə bağlı idi: “Qaçqın və məcburi köçkünlərin əksər hissəsini təşkil edən, eyni zamanda, evlərini, işlərini, ailə üzvlərini itirmiş qadınlar (400 mindən çox) və uşaqlar (300 mindən çox) ən çox əzab çəkən qurbanlar sırasındadırlar. Ölkədə gender bərabərliyinin təmin olunması üçün dövlət qurumlarının və vətəndaş cəmiyyəti təşkilatlarının əlaqələndirilmiş şəkildə fəaliyyəti zəruridir”.

Mehriban Zeynalova

Mövzu ilə bağlı şiddətə məruz qalan qadınları sığınacaqla təmin edən “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyində olduq. Birliyə sığınanlarla danışdıq. Birliyin sədri Mehriban Zeynalova əvvəlcə qurumun məramından söhbət açdı: “Birliyimiz sırf qadın problemləri ilə məşğuldur. Sığınacaqdakı qadınlar üçün hüquqi, psixoloji yardım,tibb müəssisələrinə istiqamətləndirmə, müayinə, müalicə, peşə kursları, əmək qabiliyyətinin bərpa edilməsi, işə düzəltmə kimi xidmətlər mövcuddur. Həmçinin, bu qadınların övladları da bəzi xidmətlərdən yararlana bilərlər. Cəmi 30 nəfərlik yeri olan sığınacaqda 42 qadın var. Heç bir təşkilat deyə bilməz ki, bu qədər işin öhdəsindən tək gəlmək mümkündür. Bizim qurumun da gördüyü iş çox cüzidir. Dövlət qurumları ilə əməkdaşlıq etməsək, gördüyünüzdən daha az nəticə əldə edə bilərik”.

Qurumun rəhbəri qeyd edir ki, reabilitasiya prosesi üç aydan il yarıma qədər çəkə bilir. Uzun müddətli olanlar hamilə və körpə uşaqlı qadınlardır.

“Qarşılıqlı əməkdaşlığın özü də yardımdır”, – deyən M.Zeynalova sığınacağın ünvanını, adətən, qeyd etmədiklərini, məxfiliyin qorunduğunu bildirir.

Sığınacaqda reabilitasiya keçən Şəhla Hümbətova (ad və soyad şərtidir) söhbət zamanı qeyd edib ki, hamilə olduğu dövrdə belə, həyat yoldaşı ona fiziki təzyiq göstərib, qayınanası isə müxtəlif bəhanələr gətirərək onu evdən qovub. Qəhrəmanımız bacısının köməyilə mərkəzə gəlib. Sığınacaqdakı şəraitdən razılıq edən A.Zeynalova artıq boşanma prosedurunun başlandığını da diqqətə çatdırıb.

Digər pasient 19 yaşlı Təhminə Orucova (ad və soyad şərtidir) bildirir ki, iki körpə uşağının olmasına rəğmən, 3 aydır, həyat yoldaşı onu atıb. 20 gündən artıqdır hər hansı şəkildə əlaqə saxlayıb onun, uşaqlarının vəziyyəti ilə maraqlanmayıb. Valideynləri isə Gülnardan imtina edib. Bildiriblər ki, onu və iki körpəsini dolandırmaq üçün maddi imkanları yoxdur. G.Seyidova da şərait və göstərilən münasibətdən razıdır.

Nikah və kəbinsiz ailə həyatı quran Azadə Qurbanlı (ad və soyad şərtidir) ailədaxili zorakılıq ucbatından sığınacağa üz tutub. 4 yaşlı qızı olan gənc ana valideynlərinin razılığı olmadan ailə qurduğundan ata-anası onun övladını qəbul etmək istəmir. Dəfələrlə barışıq olsa da, bir nəticə hasil olmayıb.

Psixoloq Elnur Rüstəmov gender bərabərliyi anlayışını lokallaşdırmağın əleyhinədir: “Bu, təkcə Azərbaycanla bağlı məsələ deyil, dövrün, sivilizasiyanın tələbidir. Qərb ölkələrindən qaynaqlanır və bu gün Azərbaycan cəmiyyətinə sirayət etməkdədir. Bəziləri gender bərabərliyini feminizmlə eyniləşdirir. Əslində, sözügedən anlayışlar tamam fərqlidir. Feminizm qadın hüquqlarını önə çəkirsə, gender bərabərliyi bu ayırımçılığın əleyhinə çıxır, cinsindən asılı olmayaraq insanların eyni hüquqa malik olması düşüncəsini müdafiə edir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir