Bu gün Bakının bir çox mağaza, market və alış-veriş mərkəzlərində, xüsusən də qida sektorunda istehlakçılar aldadılır. Necə?
Yəqin ki, hamınız ərzaq və ya hər hansı bir məhsulu alarkən vitrində başqa, kassada isə başqa qiymətlə qarşılaşmısınız. Məsələn, gördüyünüz şokoladın qiyməti vitrində 8 manat yazıldığı təqdirdə, kassaya vurulan zaman çekdə 9 manat və ya bir az daha artıq yazıldığına şahid olmusunuz. Belə hal ilə qarşılaşan zaman iradınızı bildirkdə isə satıcılar vitrindəki məhsulların qiymətlərini dəyişməyi unutduqlarını və yaxud qiymət dəyişikliyinin dünən axşam edildiyini və bunun üçün hələ vitrin qiymətlərinin dəyişmədiyini bəhanə edərək “vəziyyətdən çıxmağa” çalışırlar. Siz isə ya deyilənlərə inanıb məhsulu alırsınız, ya da geri qaytarırsınız.
Və düşünün, hər gün sizin kimi yüzlərlə vətəndaş, eyni problemi yaşayır. Belə olan halda, niyə müvafiq quruma şikayət etmirsiniz? Və yaxud vitrinlərdə istifadə müddəti keçmiş məhsullarla qarşılaşırsınız, reaksiyanız necə olur? Əlbəttə ki, həmin məhsulu sizə satmağa çalışmasalar, heç bir reaksiya göstərmirsiniz. Əslində isə “birimiz hamımız üçün” prinsipinə əsaslanaraq şikayətlərinizi dilə gətirməlisiniz.
“Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynov bildirir ki, əksər hallarda marketlərin vitrinlərində məhsulların qiymətləri aşağı, kassada-scanerdə isə qiymət baha vurulur. E.Hüseynov qeyd edir ki, bununla bağlı onların təşkilatına çox şikayətlər edilir.
“Alıcının hüququ var ki, o, vitrində gördüyü qiyməti tələb etsin. İstehlakçılar belə hallarla qarşılaşdıqları zaman 195 (2) yığaraq İqtisadiyyat Nazirliyinə, köhnə və ya istifadə müddəti keçmiş məhsullarla qarşılaşdıqları zaman isə 1003 telefon nömrəsinə zəng edərək Qida Təhlükəsizliyi Agentliyinə məlumat verməlidirlər. Belə olan halda onların şikayətləri araşdırıla bilər. Mən hələ bir dəfə də olsun görməmişəm ki, vitrində qiymət yuxarı, çıxışda-kassada aşağı olsun. Yəni belə halla heç qarşılaşmamışam. Əksər hallarda satıcılar qiymət dəyişikliyini unutduqlarını, bu səbəbdən vitrinlərdə qiymətləri dəyişmədiklərini və s. bəhanə edirlər”,– deyən ekspert vurğulayır ki, istehlakçılar bu yolla aldadıdılır. “Azad İstehlakçılar Birliyi” isə bu kimi halların qarşısını almaq üçün mübarizə aparır. Ancaq təkcə bir QHT-nın bu istiqamətdə mübarizə aparması, təbii ki, kifayət etmir. Elə bu səbəbdən də, hər kəs qarşılaşdığı hadisəyə biganə qalmamalıdır. Əgər market və mağazalarda sizi aldatmağa, sizə vaxtı keçmiş məhsulları satmağa çalışırlarsa, siz niyə buna narazı olmayasınız.
Düzdür, Azərbaycan vətəndaşı, çox zaman gördüyünə göz yummağı bacarır. Amma icazə verməyin ki, gözünüz görə-görə sizi aldatsınlar.