rus qizlar

“Cadugər” slavyan qadınlarına qarşı Qafqazın məzlum qızları – Natəvan Abdulla yazır

Baxış sayı: 668

Şərq qadınlarının “cəhənnəm alovu”na düçar olacağına əmin olduqları qərb qadınları haqqında tarixdə daha çox və maraqlı məlumatlar olduğunu müşahidə etmək çətin deyil. Onlar güclü, hiyləgər, savadlı, dümağ parlaq dərisi olan, uzun boylu, dik baxışlı, gülər üzlü təsvir edilirlər. Bədii əsərlərdə arzulanan qəhrəmanlardır. Elə real həyatda da belə deyilmi? İllərlə Azərbaycan kişiləri uşaqlarına çörək gətirə bilmək üçün getdikləri Rusiya, Ukraynada da “ifritələr”in əməl-cadusunun güdazına gedir, ilişib oradaca qalırdılar. Mən də kənd qadınlarının dilindən az eşitməmişdim bu sözləri. Uşaqlıqdan ukraynalı, rusiyalı qadınların qəfəsdə siçovullar saxlayan, qurt dişi, dırnağı, qarğa dimdiyi bişirən, onu kişilərə içirdən uzun sarısaçlı, göygöz cadugərlar olaraq təsəvvür edirdim. Eşitdiklərim, duyduqlarım məni belə düşünməyə vadar edirdi.

Biz, Azərbaycan qızları çox gözəlik. O qədər gözəlik ki, dünyada bizdən gözəli, bizdən ağıllı, bizdən tərbiyəli heç bir qadın yoxdur. Hətta bir dəfə hardansa qulağım çalmışdı ki, Azərbaycan qızları dünyanın ən gözəl qadınları siyahısındadır. Gərək ki, ya televizordan, ya da radiodan eşitmişdim bunları. Bu eşitdiklərimdən elə razı qalmışdım ki, qeyri-iradi dodağım yana əyilmişdi. Yaxşı ki, azərbaycanlıyam. Biz hamıdan gözəlik. Rusiyanın küpəgirən qarıları da bizi qısqanır, atalarımızı, əmilərimizi keçirdirlər caynaqlarına. Onlar öz ölkələrinə, övladlarının, arvadlarının yanına qayıtmaq üçün can atır, amma bu həyasız sarışın ləçərlər aman vermirdilər. Allah bilir, siçovullarla nə cadu-piti edir, bəlkə də kişiləri elə siçovullar olan qəfəslərə həbs edirdilər.

Bu cür informasiya blokadasında qalmaq mənə sonradan çox ağır başa gəldi. Uşaq ağlı ilə, eşitdiklərim üzərindən fantaziyalar qurur, hekayələr uydurur, təsəvvürlər canlandırırdım. Bir şeydən əmin idim ki, mən burda acından ölsəm də, gələcək ərim heç vaxt nə Rusiyaya, nə də Ukraynaya gedəcək. Qoymaram.

Yaxşı ki, bu eyforiyalar zamanla yerini universitet hazırlıqlarına, təhsilə, qaçıb canını kənddən qurtarmaq eşqinə buraxdı. Bu əvəzləşmə mərhələsində rus qadınlarına olan nifrətim isə heç azalmamışdı. Ta ki onlardan biri ilə yan-yana xəstəxana palatasında yatana qədər.

İlk günlər paxıllıqdan bağrım çatlayırdı. Əməliyyat ağrısı, narkozun əsəbi bir yandan, bu qadının gözəlliyi, ayaqlarının uzunluğu, burnunun xırda, yaşıl gözlərindən axan su, uzun saçlarının kürənliyi də bir tərəfdən. Ondan düşündüm: bəs dünyanın ən gözəl qadını biz idik?! Bu kimdir bəs? Bu hardan çıxdı? Üst dişlərimlə alt dodağımı gəmirməkdən qanatmışdım. Reallıq çox sərt və qəddar idi. Kişini başdan çıxarmaq üçün bu qadının nə qəfəsdə siçovula, nə qarğa başını qaynadıb ona içirtməyə, nə də başqa bir əndazəyə ehiyacı vardı. O, özü başdan ayağa tilsimli idi. Yəqin buna görə palatada gəzinəndə əyninə don yox, şalvar geyinməsi ilə bağlı xəbərdarlıq edilmişdi ona. Tibb bacısının bu xəbərdarlığı onu elə qəzəbləndirmişdi ki, palataya daxil olub qapını əsəblə çırpmışdı. Deyinə-deyinə gəlib uzandı. Sonradan məlum oldu ki, ona qısa donla koridorda gəzməməsi, əyninə şalvar alması məsləhət bilinib. Donu qısadır və burda bir qadının belə “lüt” gəzməsi ayıbdır. Maraqlısı burasındadır ki, burda qadınların nə qeybətləşməsi, nə elə xəstəxanadaca kimlərinsə torbasını tikməyə çalışması ayıb hesab edilmir. Əksinə, normal sayılırdı.
Beləcə bizimlə eyni mərtəbədə olan bütün xəstələr o sütun kimi ayaqları görməkdən məhrum oldular. O, bir də otaqdan bayıra çıxmadı. Artıq tamamilə mənim idi. Dilimizdə çox azca bilir, tamamilə anlayırdı. Evli olduğunu, ərinin azərbaycanlı olduğunu öyrəndim. Balerin olduğunu, böyük teatrların səhnələrinə çıxdığını da. Təkcə yuxuya gedəndə bu qədər gözəl olmağı bacaran bir qadın səhnədə yüzlərlə insana göz ziyafəti verir, deyə düşünürdüm. Ya Rəbb, insan necə əsərlərdəki kimi gözəl, təmiz, zərif ola bilərmiş. Bir həftə birlikdə qaldığımız Mingəçevir Mərkəzi Xəstəxanasında bircə dəfə də olsun ondan qeybət, pis söz eşitmədim. Çarpayıda dinməz uzanır, heykəl kimi gövdəsini barmaqlarının ucunda səssizcə otağın o baş-bu başına daşıyır, güldandakı qızıl gülləri qoxlayır, hərdən də pəncərədən boylanırdı.

Palatanı tərk etmək vaxtı çatanda bir ara özümü yalandan xəstəliyə vurdum ki, bəlkə bir gün də qalaram yanında. Amma valideynlərim gəlib məni apardı. Sonralar onun kimi gəzməyi, onun kimi yatmağı, gülləri onun zərifliyi ilə qoxlamağı, saçlarımı onun kimi daramağı istəyir, bir sözlə, onu təqlid edirdim. Nifrət duyduğum, qısqandığım bu qadına heyran qalmışdım. Reallıq isə sinəmə bıçaq kimi batmışdı. Nə dünyanın ən gözəl qadınlarıyıq, nə dəki o və onun kimi qadınların özünü sevdirmək üçün caduya ehtiyacı var. Genetika, fiziki fərqliliklər ortadadır, buna söz yox. Amma bu qadın təkcə fiziki gözəlliyindən ibarət deyildi. Elə olsaydı, iki-üç günə gözümdə sönüb gedərdi yəqin. Amma mən onun yanında dinc, xoşbəxt və sərxoş olmuşdum. Bir dəfə də neqativ davranışı ilə qarşılaşmamışdım. Ağlımda bircə pis xasiyyəti, hərəkəti, sözü qalmamışdı. Elə bir şey də olmamışdı. Xəstəxanada ona ərinin bacısı, mənə də öz bacım yoldaşlıq edirdi. Bacım mənə Orxan Pamukun “Mənim adım qırmızı” kitabını oxuyur, hər bölməsi, bu cür bənzətməylə başladığına görə, kitabın adını məsxərəyə qoyur, “mənim adım şabalıdlıq” deyib gülüşürdük.  Palatada olanlar, bizə “Nəyə gülürsüz?”, “O, kimin kitabıdır?”, “Siz kimin qızlarısız?”, “Burda qalansız, ya başqa rayondan gəlmisiz?” kimi bir yığın sual verirdilər. Uşaqlığımızdan istifadə edib öz lazımsız informasiya boşluqlarını bizi sorğu-suala çəkməklə doldururdular. Başqa palatalardan da bizim palataya gəlir, qapıların ağzında da qeybətləşirdi qadınlar. Nə danışdıqlarını anlamasam da, mövzunun rus balerin olduğuna əmin idim.

Bu qadının bizlərdən təkcə fiziki yox, həm də mədəniyyət fərqini o vaxtlar müşahidə etməyə fürsətim olmamışdı. Təkcə onun hamıdan fərqli olduğunu görür, heyranlıqla süzürdüm. Çox sonralar məni də onun yanında dinc və xoşbəxt edən səbəblərdən bir neçəsini anladım. Əvvəla gözəllik, estetika kimi məst etməz ki? Sonrası da, nə qeybəti vardı, nə də söz-söhbəti. Mənəvi olaraq dinc və qürurlu idi. Kim olduğunu və nə istədiyini bilən davranışları, özünəxas tərzi və mimikaları vardı. Hamısı da bir-birindən tilsimli…

Bir neçə gündən sonra xarici görünüşünə gözüm öyrəşsə də, bu sehrin davamlılığını onun bu xarakteristikası təmin etmişdi.

Azad bir cəmiyyətdə azad qadın olmaq, özünü bir sənətin içində tapıb öz potensialını reallaşdırmaq, göstərişsiz, gözləntisiz, güclü olmağı bacarmaq hansı qadını gözəlləşdirməzdi ki? Bəlkə də o, bu motivasiyanı elə öz yaradılışından, genetikasından almışdı. Əlbəttə, bu, təktərəfi yanaşmadır. Bəlkə də düzgün təhlil deyil. Bu qədər gözəl bir qadın səhnədə sənətini icra edib  minlərlə insanın alqışının qarşısında dayanır.

Gözləri parıldayır, sevinclə təzim edib səhnədən çəkilir. Qrim otağında aynaya baxanda gözəl bir sima və uğur görür. Bu qədər azadlıq və bu cür uğura çatmaq bir qadını əlbəttə komplekssiz, sadə və səmimi edə bilər. Yəqin ölkəsinin qadınları da onu bu sənəti seçdiyi üçün əxlaqsızlıqla mühakimə etmir, adına, şərəfinə artıq söz çıxarmırlar.  Bizdə isə təkcə ayaq dekoltəsinə görə yazıq qızı bir daşlamadıqları qaldı.

Ən sadəlövh insan da cahil, dünyagörüşü az olan qadınlarda qeybət, isterika, dedi-qodu, xof, hər şeydən narazılıq, komplekslər və bundan qaynaqlanan eyforiyaların çox olduğunu anlaya bilər. Əqli düzgün tərbiyə görən və ruhu azad olan qadınların işıq saçdığını kim dana bilər ki?! Fiziki gözəllik qadınlar üçün hərdən mükafat, hərdən də cəza ola bilir. Tarixdə bunun minlərlə örnəyi var. Amma gözəl xasiyyət, insanın yalnız öz halında, öz dəmində özü ilə məşğul olması onun ən böyük xoşbəxtliyi ola bilər.

Bəzilərimiz kiçikboylu, xırda-mırda, qara-qura olsaq belə, xasiyyətimiz, davranışlarımız bizi gözəlləşdirə bilər. Fitnə-fəsad yaradan qadınların simasında nə bir qram nur tapmaq, nə də yanlarında dinclik tapmaq olar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir