2 ildir ki, pandemiya şəraitində yaşayır, koronovirusla mübarizə aparırıq. Ən böyük silahımız isə vaksinasiya, sosial məsafə, tibbi maskadan istifadə, gigiyena qaydalarına əməl etmək və kütləvi immunitetdir. Yoluxuruq, sağalırıq, məğlub olur, ətrafımızdan, ailəmizdən birini itiririk, amma ümidimiz tükənmir. Kədərimizi “unudub” digərlərini qorumaq üçün yenidən mübarizəyə atılırıq. Bəs bu mübarizə nə vaxt bitəcək?
Son zamanlar vaksinasiya və kütləvi immunitetin hesabına, artıq virus əvvəlki gücündə deyil. Bunu yoluxma sayından da görmək olar. Virusu tanıyır, mübarizə yollarını bilirik. Lakin hələ də pandemiya şəraitində, yumşaq da olsa, karantin qaydaları ilə yaşayırıq. Bəs pandemiya nə vaxt bitəcək? 2022-ci il dünyada pandemiyanın başa çatdığı il ola bilərmi?
Qayıdış üçün standartlar…
Millət vəkili Müşfiq Məmmədli deyir ki, gələn ilin ortalarında pandemiya bitəcək: “Pandemiya reallığının itməsi və normal həyata qayıdış üçün ÜST ( Ümumdünya Səhiyyə Təşkilatı) bir neçə müddət öncə müəyyən standartları açıqlayıb. Bu standartlara görə, əhalinin 70-80 faizi hər iki doza vaksin aldıqdan sonra artıq pandemiyanın sürəti azalır və risk faktorları böyük ölçüdə aradan qalxır. Peyvəndlə yanaşı, yoluxub sağalanların sayı da virusun gücünü zaman keçdikcə aşağı salır. Azərbaycandakı epidemioloji vəziyyəti, vaksinasiya prosesini, əhalinin bu prosesdə iştirakını nəzərə alsaq, deyə bilərik ki, qarşıdakı ilin ortalarından başlayaraq normal həyata dönəcəyik. Pandemiya bitdikdən sonra da maksimum qoruma və gigiyenik tədbirlərə riayət etməliyik”.
1 il də davam edəcək?
Rus infeksionist Yevgeni Timakov isə deyir ki, pandemiya ən azı 1 il də davam edəcək: “Koronavirus pandemiyası ən azı bir il davam edəcək. Adi həyat tərzinə qayıtmağın mümkünlüyü barədə yalnız yazda xəstələnmə nisbətlərini təhlil etdikdən sonra danışmaq mümkün olacaq”.
“Koronavirus mövsümi xarakter daşıyacaq”
İngiltərənin “Daily Mail” nəşri ölkənin Milli Səhiyyə Xidmətinin sənədlərinə əsasən bildirir ki, koronavirus infeksiyası yayılmaqda davam edəcək, lakin mövsümi xarakter daşıyacaq. Qeyd edilir ki, dünya illər ərzində endemik xəstəlik kimi COVID-19 ilə yaşamalı olacaq. Mütəxəssislərin fikrincə, koronavirus qrip və digər respirator infeksiyalar kimi soyuq aylarda “mövsümi epidemiyalar”la yayılma sürətini qoruyacaq. Alimlər hesab edirlər ki, xəstəlik peyvənd sayəsində sabit vəziyyətə keçəcək. Bu, pandemiyanın sona çatması deməkdir. Ekspertlərin sözlərinə görə, bütün dünyada yayılma miqyasını nəzərə alaraq, virusun mövcudluğu şəraitində necə yaşamaq və uzun illər endemik vəziyyətə necə nail olmaq barədə düşünmək lazımdır.
“Pandemiya yay aylarında bitəcək”
İnfeksionist Mərdan Əliyev isə pandemiyanın yay aylarında bitəcəyini vurğulayır: “Düşünürəm ki, pandemiya yay aylarında bitəcək. Yadınızdadırsa, keçən il çox güclü karantin qaydaları vardı. Hətta rayonlararası yollar da bağlı idi. İndi bu qadağalar yoxdur və hətta toylar keçirilir. Restoranlar açıqdır, məktəblər də açılıb. Yəni karantin qaydaları keçən illə müqayisədə yox səviyyəsindədir. Keçən yay yoluxma sayı da məhz bu səbəbdən azalmışdı. Amma indi əhali kütləvi şəkildə vaksinasiya olunub, digər hissəsi də yoluxub sağalıb, immunitet yaranıb. Düzdür, peyvənd olunanlar arasında 3-cü dozanı qəbul etməyənlərdə yoluxma sayı xeyli müşahidə edilir. Amma yoluxub sağalanlarda təkrar yoluxma nadir hallardadır. Əsasən, zəif, immuniteti aşağı olan şəxslərdə müşahidə edilir. Mənə elə gəlir ki, yay aylarında pandemiyaya son qoyulacaq, pandemiya tarix olacaq”.
Xəstəxana xofu
Yoluxma azalsa da, ölüm sayında artımı müşahidə edirik. İnfeksionistin sözlərinə görə, ölüm sayının ötən illərə nisbətən çox olması, insanlar arasında xəstəliyin adiləşməsi ilə əlaqəlidir: “Əhali arasında koronavirus xəstəliyi adiləşib. Əhali artıq xəstəliyə dırnaqarası yanaşır. Sanki cəmiyyət buna öyrəşib. Əvvəllər insanlar özlərini xəstə hiss edən kimi tez həkimə gəlib müayinə olunur, müalicələr götürürdü, bu da, ağırlaşmanın qarşısını nisbətən alırdı. İndi isə belə deyil. Virusa yoluxduqda adi soyuqdəymə, qrip hesab edirlər. Xəstəxanaya, artıq evdə çarə qalmadıqda, ağırlaşma olduqda müraciət edirlər. Buna görə də, ağırlaşma və ölüm hallarının sayı çoxdur. Bunun da nəticəsində insanlar arasında xəstəxana xofu yaranır. Sanki “xəstəxanaya gedən xəstə ölür” kimi fikirlər formalaşır”.
Tunelin sonu…
Məlumat üçün bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatından koronavirus epidemiyası ilə bağlı diqqətçəkən açıqlamalar gəlib. ÜST epidemiyanın qlobal miqyasda azaldığını bildirib. ÜST-nin İctimai Səhiyyə, Ətraf Mühit və İqlim Dəyişikliyi Departamentinin direktoru Maria Neyra bildirib ki, artıq tunelin sonuna yaxınlaşmışıq. Təşkilatın son hesabatlarına görə, qlobal miqyasda koronavirus epidemiyasının yayılma sürəti həftələr keçdikcə azalır. Neyra bildirib ki, xəstəlik böhranı 2022-ci ilin martın sonuna qədər yekunlaşacaq.
Aygün ƏZİZ