usaq

Uşaqlara gender bərabərliyini izah etməyin yolları – ARAŞDIRMA

Baxış sayı: 665

Bu gün biz gender bərabərliyi məsələsində mövcud olan problemləri ilk növbədə ailə-məişət çərçivəsində həll etməyə çalışırıqsa, bunun birinci yolu ailədə böyüyən uşaqların bu mövzuda maarifləndirilməsindən keçir. Yaxşı olardı ki, bununla bağlı dərslər erkən yaşlarda ailədə başlasın, bağçada, daha sonra da məktəbdə davam etdirilsin və beləcə, yetişən yeni nəsil üçün artıq cəmiyyətdə gender bərabərsizliliyi kimi bir problem qalmasın.

Bəs uşaqlara hansı yaşdan gender bərabərliyi dərsləri keçilməli və bu, necə izah olunmalıdır?

Mütəxəssislər bildirlər ki, uşaqlar üçün gender bərabərliyini anlama mərhələsi üç yaşdan başlayır. İki yaşından etibarən oğlan və qız uşaqları arasındakı fiziki fərqliliklər özünü büruzə verir. Üç yaşından etibarən isə cinsiyyətə uyğun bəlli rol və davranışlar ortaya çıxır. Uşaqlarda ətraf mühiti anlama və dərk etmə instinktinin formalaşması prosesi  yaranır və onlar tədricən baş verənləri əlaqələndirməyə, yavaş-yavaş qavramağa başayırlar. Buna görə də, üç yaş sizə gender bərabərliyi haqqında düşünmək üçün tez görünsə də, bu mövzuda ilkin bilikləri uşaqlara ötürə bilmək üçün ən uyğun zaman kəsimidir.

 

Gender bərabərliyini oyunlarla necə öyrətməli?

Bu əsnada uşaqlarla oyun zamanı kişi rolunda olan bir qadını, yaxud da qadın rolunda bir kişini təsvir etmək balacalar üçün ən yaxşı başlanğıc hesab edilə bilər. Nəzərə almaq lazımdır ki, elə həmin yaşlarda oğlan uşaqlarına “qız kimi” ifadəsi ayıb və alçaldıcı hiss olaraq ailə tərəfindən ötürülür. Ağlayan oğlan uşağına “sən kişisən, qız kimi ağlama” deyən valideynlərin olması, yəqin ki, bizim cəmiyyət üçün yadırğanacaq hal deyil. Elə bu kompleksi aşmaq üçün də ən yaxşı vasitə bu cür oyunlarla onlara qadın və kişi olmağın heç bir aşağılıq və yaxud üstünlük ifadə etmədiyini, hər ikisinin də bərabərhüquqlu insan olduqlarını aşılamaq ən uğurlu addımıdır.

Beləcə, yəqin burdan da anlamış olarıq ki, oğlan uşaqlarına gender bərabərliyini öyrətmək istəyiriksə, bir az düşünüb özümüzə sual verməliyik: biz hər an öz davranışlarımızla onlara hansı mesajları ötürür, onların balaca beyinlərini körpəlikdən hansı fikirlərlə kodlayır, necə formalaşdırırıq?

Qız uşaqlarının yetişdirilmə tərzinə gəldikdə isə, yenə öz düşüncələrimizi incələməyimiz vacibdir. Hansı valideyn qızının gələcəkdə özünə inamlı, lider xüsusiyyətlərinə sahib, güclü bir qadın olaraq görmək istəməz? Məgər atalar, analar qızlarının bir kişinin, bir cəmiyyətin qeyri-bərabər dəyərləri, şərtləri altında əzilməsini qəbul edərmi? Yəqin ki, yox. Əgər valideynlər qız uşaqlarının cəmiyyətdəki yanlış şərtlənmələrini aydın düşüncə ilə görə bilsələr, onları daha güclü və özünəinamlı böyümələri üçün əllərindən gələni etməyə çalışarlar. Amma bəzən təkcə qız uşaqlarını lider kimi böyütmək kifayət eləmir. Burada həm də oğlan uşaqlarını qadınların lider ola biləcəyi fikrinə alışdırmaq lazımdır. Bu prosesdə balansı təmin edə bilmək üçün bütün uşaqlara qarşılıqlı hörmət və anlayış hissi aşılanmalıdır. Yəni bir cəmiyyətdə qadınların əzilməməsinin yolu təkcə onları lider kimi yetişdirməkdən keçmir, həm də o cəmiyyətdəki kişilərin düzgün yetişdirilmiş olması şərtdir.

 

Uşaqlara mediada gördükləri barədə izahat vermək lazımdır 

Bu gün böyüklər qədər uşaqlar da medianın təsirlərinə məruz qalırlar. İstər müxtəlif qəzet və jurnalların səhifələrindən, istər sosial şəbəkələrdə çıxan reklamlardan, küçələrdəki reklam lövhələrindən mənimsədikləri informasiyalar, istərsə də ünsiyyətdə olduqları həmyaşıdlarından eşitdikləri fərqli fikirlər olsun, uşaqlar hansısa şəkildə mütləq gərəksiz və zərərli informasiya yükü ilə yüklənmək məcburiyyətində qalırlar. Bunların arasında ən zərərlisi isə cinsəllik və zorakılıqla bağlı olanlardır. Bu səbəbdən uşaqlarla media və orada gördükləri, eşitdikləri haqqında danışmaqda fayda var.

Birinci növbədə onların bəzi şou proqramları izlənməsinə, bəzi musiqiləri dinləmələrinə və bəzi oyunları oynamalarına niyə icazə vermədiyinizi doğru şəkildə çatdırmaq, izah etmək lazımdır.

Psixoloqlar uşaqlara jurnal və reklam lövhələrində gördükləri fotolar, görüntülərlə bağlı nə hiss etdikərini soruşmağın, onların mənalarını aydınlaşdırmaqda düzgün kömək etməyin vacibliyini qeyd edirlər. Mediada gördüklərinin bir çoxunun şişirdilmiş, əksərən seksist olduğu və real həyatı əks etdirmədiyi uşaqlara uyğun dillə izah edilərsə, onları bu cür informasiya zəhərlənməsindən qorumaq olar. Digər tərəfdən, belə media oyunlarını anlamaları bir dönəm sonra uşaqların özlərinin yalnışı-doğrunu ayırd edəcək idrak səviyyəsinə çata bilmələrinə də yardımçı olar.

 

Uşaqlar arasında kəskin cinsiyyət stereotipləri qoymaq yanlışdır 

Oğlan uşaqlarının rəngi mavi, qızlarınkı isə çəhrayı rəng olaraq bəlirlənib. Hətta körpələrə paltar alanda da bir qayda olaraq bu rəng ayrımına diqqət yetirilir. Digər tərəfdən, qız uşaqlarına maşın və digər bu kimi oyuncaqlar yox, əsasən gəlinciklər alınır. Qızlar oturanda ayaqlarını birləşdirib mədəni şəkildə oturmalı olduğu halda, oğlanlar istədikləri kimi otura bilirlər. Bütün bu kiçik gözə dəyməyən cinsiyyət stereotiplərinin məntiqi nədir?

Uşaqlar arasında cinsi ayrı-seçkilik yoxdur, onlarda bu düşüncəni formalaşdıran böyüklərin bəlirlədiyi bu və bunlar kimi bir çox cinsiyyət stereotipləridir.

İlk növbədə biz özümüz anlamalıyıq ki, uşaqlar arasında “kişi təbiəti” deyə bir anlayış yoxdur, eynən “bu, qız əşyasıdır” kimi ifadə də. Uşaq uşaqdır və onlar hamısı bir-birindən fərqlidir. Bəzi davranışları cinsiyyət rollarına görə müəyyənləşdirmək, yaxud da bəzi seçimləri cinsiyyətlə əlaqələndirmək uşaqların həyatı dar bir çərçivədən görməsinə, anlamasına səbəb olur. Pedaqoqlar kiçik yaşlarda bu cür cinsi ayrı-seçkiliyin, uşaqlara yanlış, hətta təhlükəli mesajlar ötürdüyünü deyirlər. “Kişi təbiəti” istədiyini alan, tutduğunu qoparan olmalıdır. Bəs bunun bir sərhədi varmı? Bununla yanaşı, yalnız qadınlar zərif və kübar olmalıdır düşüncəsinin formalaşması oğlan uşaqlarının ilk yaşlardan bir növ dağıdıcı hissləri mənimsəmələrinə yol açır. Bu zaman cəmiyyətdə böyüyən qız uşaqlarını özümüz təhlükəyə atmırıqmı?

Cinsiyyət stereotipləri adətən şüursuz bir formada qərəzin ortaya çıxmasına və çoxalmasına səbəb olur. Yanlış məlumatlar əsasında formalaşmış düşüncə də cəmiyyətə zərər verir. Belə zərərli stereotipləri mənimsəməklə bu qəlibləri sorğulamadan qəbul və təbliğ etməyin cəmiyyəti, insan münasibətlərini nə dərəcədə zədələdiyini görmək, anlamaq lazımdır.

 

Oğlan uşaqlarında empatiya qabiliyyətini necə gücləndirməli?

Mütəxəssislər illərdir formalaşmış cinsiyyət ayrı-seçkiliyini zəiflətmək üçün bir neçə davranış normaları məsləhət görürlər. Onlardan ən əsası isə oğlan uşaqlarını düşüncəli olmağa və hisslərindən bəhs etməyə təşviq etməkdir. Kişilər də qadınlar qədər empatiya qabiliyyətinə sahibdirlər. Amma sosial təzyiqin, “kişilik” qəlibinin onlar üzərində qoyduğu təsirlərdən biri də böyüdükcə hisslərini ifadə etməkdə, ən dərin duyğularını dilə gətirməkdə çətinlik çəkmələridir. Bunun əvəzində onlar daha çox qəzəb və əsəb hisslərini göstərməyə üstünlük verir, ən yaxşı halda zarafatlaşıb gülürlər. Halbuki insanın onlarla fərqli ruh halı var. Qadın da, kişi də qəmli də ola bilər, həyəcanlı da, qorxu da hiss edə bilər, sevinc də. Sadalanan bu hisslərin hər biri bütün insanlara aiddir. Bunları öz içində yaşamaq, kənara göstərməmək, bəzən özünə belə etiraf etməmək insanı stresli, qəzəbli hala gətirir. Bu səbəbdən də oğlan uşaqlarını bir cinsiyyət qəlibinə yerləşdirməkdənsə, onları utanmadan duyğularını açıq formada ifadə etməyə yönəltmək etmək ən doğru yoldur. Xüsusilə, oğlan uşaqlarının empatiya qurmalarına imkan yaradılması onların gələcəkdə çox dəyərli dostluqlar və münasibətlər qurmasına, qurduqları bu münasibətlərin davamlı olmasına təkan verəcək, ünsiyyət qabiliyyətini inkişaf etdirəcək.

Bütün bunlarla bərabər, qız uşaqlarını da “bacarmayacaqlar”ı yanılğısından xilas etmək lazımdır. “Qızlar riyaziyyat və elmi işi bacarmazlar”, “qızlar texnikadan düzgün istifadə edə bilməzlər”, “yüksək texnologiyalarla işləmək üçün qadın beyni çox zəifdir və tez yorulur” kimi bir çox hər çağa, hər sahəyə uyğun qəliblər yaradılır. Bu səbəbdən uşaqlara bu cür birləşmələrin mənasız və cahil təfəkkürün məhsulu olduğunu, bunların boş və mənasızlığını öyrətmək, onları özlərinə və istədikləri sahəni seçib, o sahədə əmək verərək ixtisaslaşa biləcəklərinə inandırmaq hər bir valideyn üçün ən düzgün davranış metodudur. Qız uşaqları cəmiyyətdən belə aşağılayıcı mesajlar qəbul edərək böyüsələr, bu qəlibləşmiş ifadələr onların bütün potensialını, həyatlarını və gələcəklərini məhv edə bilər. Burada ən acınacaqlısı isə indiki qız uşaqlarının – gələcək anaların cinsiyyət sərhədlərinin olduğu qəliblərə inanıb onları qara bir miras kimi gələcək nəsillərə ötürmə ehtimalıdır.

 

Natəvan ABDULLA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir