KISI-QADIN

Evli cütlüklər niyə bir-birinə bənzəyirlər? – ARAŞDIRMA

Baxış sayı: 750

Yəqin fikir vermiş olarsınız, bir çox hallarda evli cütlüklər bir-birinə çox bənzəyirlər. Hətta bununla bağlı bir ifadə də var: ərlə arvadın torpağı bir yerdən götürülüb.

Hərdən elə olur ki, bu insanlar xarakter baxımından da bir almanın iki yarısı kimi görünürlər.

 

Bəs bu bənzərliklər təsadüfdürmü?

Bu məsələ ilə bağlı onlarla fərqli araşdırma var. Həmin araşdırmalar və təcrübə çalışmaları onu göstərir ki, bu cür bənzərliklər heç də təsadüfi deyil.

Hətta amerikalı bir qadın sevgilisi ilə o qədər bənzərliyə sahib olub ki, o, DNT testi etdirmək qərarına gəlib. Olivia Brunner adlı bu qadın körpə vaxtı övladlıq verildiyi üçün sevgilisi ilə qohum ola biləcəyi ehtimalını düşünüb. Çünki aralarındakı bənzərliyi görən təkcə o deyildi.  Ətraflarındakı insanlar da bu bənzərliyin yalnız bacı-qardaşda ola biləcəyini düşünüblər. Olivia ilə sevgilisi həm saç, həm dəri rənginə görə, həm üz ifadələri baxımından bir-birinə çox bənzərdirlər. Xarici mətbuatda çıxan  bu xəbərdə Olivianın məsələ ilə bağlı təəssüratları da yer alıb. O bildirib ki: “Əgər testin nəticəsi müsbət çıxsaydı, əgər yaxın qohumluğumuz olsaydı, o zaman nə edəcəyimi bilmirdim. Bu da məni çox qorxudurdu. Amma testin nəticəsi mənfi çıxdı”.

Bəs yaxşı, o zaman bu qədər bənzərlik nədən qaynaqlanırdı?

 

Evli cütlüklər yaşlandıqca bir-birinə bənzəyir

Hələ 1987-ci ildə Miçiqan Universitetinin elm adamları zaman keçdikcə bir-birinə daha çox bənzəyən yaşlı cütlükləri araşdırmağa başlayıblar. Onların bu bənzərliyin ilkin səbəbi olaraq ortaya qoyduqları fərziyyə belə olub ki, onlarla ili birlikdə keçirmək, bənzər duyğuları paylaşmaq insanlarda bənzər üz qırışıqlıqlarının və ifadələrin yaranmasına səbəb olur. İllər keçdikcə də bu bənzər üz ifadələri daha da dərinləşir.

Amma Olivia və onun kimi minlərlə insan var ki, onların durumu bu nəzəriyyəyə uyğun gəlmir. O zaman, bəs necə olur ki, bir-birinə bu qədər bənzəyən insanlar bir-birini tapır və uyğunlaşırlar?

Məhz bu məsələylə bağlı da Kinsey İnstitutunun tədqiqatçısı, psixoloq Justin Lehmiller ( çoxları onu “Mənə nə istədiyini de” adlı kitabı ilə tanıyır) bunu altşüuru ilə əlaqələndirib. O bildirib ki, təhtəlşüurla əlaqədar olaraq insan siması tanış gələn kəslərə meylli olur.

Əlbəttə, bir çox psixoloji araşdırmaya görə, xaraktercə əks qütblərdə olan insanlar bir-birini daha çox cəzb edir və bu ziddiyyət özü münasibəti tarazlayır. Amma psixoloq Lehmillerə görə, açıq-aşkar fərqinə varmasaq da, bizə tanış olan şeylər məhz sevdiyimiz və yaxınlıq hiss etdiyimiz şeylər ola bilir. Bu tutum isə insanların xarakterindən görünüşlərinə qədər uzanır: “Öz zahiri görünşünüzə alışıq olduğunuzdan oxşar görünüşə və xarakterə sahib başqa insanları görmək sizdə daha çox məmnunluq yaradır”.

Lehillerin bu fərziyyəsi 2013-cü ildə aparılan bir təcrübə ilə təsdiqini tapıb. Təcrübə zamanı insanlara evli olduqları şəxslərin üz ifadələrini kompüterlə dəyişərək, qismən üz ifadələrini saxladıqları fotoları göstərilib. Göstərilən fotolardakı insanlar iştirakçıların tanımadığı kəslər idi. Amma həmin kəslərin üz ifadələri iştirakçıların ər, ya da arvadlarının üz ifadələrinə bənzəyirdi. Həmin fotoların hər biri iştirakçılara göstərilir və hansının daha cəlbedici olduğu soruşulur. Təəccüblüsü budur ki, hər bir iştirakçı mimikaları öz ərinə (arvadına)  bənzəyən insanların fotolarını seçir.

Daha öncə aparılan başqa bir araşdırmada isə insanların özlərinə həyat yoldaşı seçərkən onlarda valideynlərinin xüsusiyyətlərini axtardıqları ortaya çıxıb. Yəni bir kişi üçün anasının üz ifadəsinə yaxın hesab etdiyi qadın üzü, qadın üçün isə atasının, yaxud anasının üz ifadələrinə bənzər kişilər daha cəzbedicidir.

Bundan başqa, bizim “metis” adlandırdığımız karma irqlərdən olan insanların görüntülərinə baxaraq, 2018-ci ildə həyata keçirilən bir araşdırmada cinsiyyətdən asılı olmayaraq, iştirakçıların valideynlərini andıran insanlarla tanış olmağa və yaxınlaşmağa meylli olduqları müşahidə edilib.

Psixoloq Lehmiller bunu insan beyni ilə əlaqələndirir və  bildirir ki, bu xüsusiyyətlərin rahatladıcı olduğu düşünülə bilər. Çünki sizə tanış gələn üz ifadələri sizdə güvən yaradır, yad birinin üzü isə daxili didərginliyə səbəb ola bilir. Hətta deyilənə görə, bu məsələdə genetik miras da önəm daşıyır. Məsələn, bənzər soy-kökə aid olan insanların bir-birini daha çox cəzb etdiyi müşahidə olunur.

Belə insanların bir-birini necə tapdığına qaldıqda isə, Stanford Təhsil İnstitutunda cütlüklər və dostlar arasındakı genetik bənzərlik üzərində araşdırma aparan doktor  Ben Dominik bunu belə əsaslandırır: “Genetik baxımdan uyumlu olan insanlar sosial, mədəni baxımdan da ortaq düşüncədə ola bilirlər. Bu da onların çox vaxt ortaq zəmində bir-birlərini tapmasına və yaxınlaşmasına səbəb olur”. Dominikin sözlərinə görə, genetik bənzərliklər insanların bənzər mühitlərdə, sosial çevrədə birləşməsinə səbəb ola bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir