Dişlərə qulluq edilməsinin bir sıra qaydaları var. İlk növbədə, onu səhər yeməyindən sonra yumaq məsləhətdir. Qəbul edilən qidaların diş aralarında qalma müddəti uzun çəkdiyi və bunun diş ətinə zərər verərək iltihab yaratmaq təhlükəsi çox olduğuna görə həmin vaxt daha uyğun hesab edilir.
Mövzu ilə bağlı danışan Respublika Stomatoloji Mərkəzinin həkim-stomatoloqu Fidan Aslanlı aşağıdakıları dedi: “Dişlər gün ərzində 3-5 dəqiqə fırçalanmalıdır. Təəssüf ki, çox vaxt 30 saniyə dişin görünən hissəsini fırçalayaraq bu işi bitmiş hesab edirlər. Əslində isə dişin çeynəmə səthi, orta, çökək və arxa səthləri də tamamilə təmizlənməlidir. Bəzən diş aralarında məsafələr sıx olduğuna görə həmin hissədə qida yığılır. Belə hallarda diş sapları vasitəsilə təmizlik aparmaq lazımdır”.
Həmsöhbətimiz qeyd edir ki, dişləri yuyarkən istifadə edilən fırçanın da böyük rolu var: ”Yumşaq fırça qida qalıqlarını, yəni ərpi yaxşı təmizləyə bilmir. Ərp diş əti nahiyələrinə toplaşdıqca diş əti iltihabı və ya qanaxması prosesi başlayır və paradont toxumasının qan-damar sistemində iltihabı proseslər olur və dişlərin qidalanması pozulur. Bunun nəticəsində dişlər tez çürüməyə başlayır və gələcəkdə fəsadlara səbəb olur”.
Onun dediyinə görə, diş ağrılarının kəskin və xroniki mərhələsi var: “Kəskin mərhələdə diş çürüdükdən sonra sinirin başlanğıc mərhələsində iltihabi proses yaranır və diş ağrıları ən çox gecələr olur. Dişdə çürümə baş verir, sonradan kanal müalicə edilir və kanalın içərisində boşluq qalanda dişin kökündə iltihab baş verir”.
Həkim-stomatoloq süd dişlərinin ağız boşluğundakı rolundan da bəhs etdi: “Süd dişləri adətən daimi dişlər dəyişdiyi dövrə qədər ağız boşluğunda qalmalıdır. Süd dişləri həmin dövrədək ağız boşluğunda qalmadıqda çənə sistemində inkişaf pozulur, daimi diş çıxanda süd dişinin mayasını tədricən sormağa başlayır. Süd dişinin mayasındakı kalsium daimi dişin mayasına keçir və gələcəkdə daimi dişin daha sağlam və uzunömürlü olmasına xidmət edir”.