yeni il hediyyeleri

Uşaqları sevindirir, valideynlərin cibini “yandırır” – ARAŞDIRMA

Baxış sayı: 597

Qarşıdan Yeni il gəlir. Hər il olduğu kimi, bu il də market və dükanlarda, həmçinin bazarda uşaqlar üçün içində oyuncaq, qida məhsulları olan Yeni il hədiyyələri satışa çıxarılıb. Lakin uşaqları sevindirən, həyəcanlandıran bu hədiyyələr valideynlərin cibini “yandırır”. Hədiyyələrin ən ucuzu 9 manata, ən bahası isə 100 manata təklif olunur. Göz oxşayan kağız qutunun içindəkilər də ayrı “dərd”dir. Lakin şəkilli karton qutularda qablaşdırılmış konfet və şirniyyatları almağa həvəsli olan uşaqları nə qiymət maraqlandırır, nə də içindəki məhsullar. Bəs çıxış yolu nədir?

 

“Uşaq istəyir deyə məcburuq”

“Marketə daxil olan kimi Yeni il hədiyyələri göz oxşayır. Nəinki uşaq, adam özü də həvəslənir. Lakin qiymətlər çox bahadır. Qutunun ölçüsü böyük, içi boşdur. Qutulara ucuz qiymətə məhsullar yerləşdiriblər. Üstəlik, şirniyyatların sayı da azdır. Məhsullar o qədər azdır ki, qutunun dibində qalır”.

Bu sözlər şəhər sakini Gülzar Cəfərovaya məxsusdur. Gülzar deyir ki, uşaq istəyir deyə, məcbur olub alır: “Bilirsiniz ki, Yeni il uşaqların ən sevdiyi bayramlardandır. Şəkillərlə bəzədilən hədiyyələri də istəməyi normaldır. Lakin 15 manat verdiyim hədiyyə qutusunda heç 5 manatlıq qida məhsulu yox idi. Yarmarkalarda nisbətən ucuz olur, lakin keyfiyyətinə görə, böyük marketlərdən almağa məcburuq”.

 

“Həm ucuz başa gəlir, həm də keyfiyyətinə əminəm”

Valideyn Əzizə Əliyeva isə deyir ki, övladı üçün Yeni il hədiyyələrini evdə özü hazırlayır: “Bu cür hədiyyələri, içində nə olduğunu bilmədiyimiz qutuları övladımıza vermək təhlükəlidir. Ötən il övladıma bu hədiyyələrdən birini almışdım. Qutunun içindəki məhsulların dəyəri verdiyim puldan qat-qat ucuz idi. Bundan əlavə, şirniyyatlar keyfiyyətsiz olur, bəzilərinin üzərində tarixi göstərilmir, hansı ölkənin istehsalı olduğu bilinmirdi. Tarix göstəriləndə də, ya vaxtı bitmişdi, ya da istifadə müddətinin bitməsinə bir ay qalmışdı. Ona görə də, boş qutular alıb, içini istədiyim məhsullarla doldururam. Boş qutunun qiymətləri 90 qəpik – 2 manat arasında dəyişir. İçinə istədiyiniz şirniyyatları yerləşdirə bilərsiniz. Həm ucuz başa gəlir, həm də keyfiyyətinə əminəm”.

 

Valideyn hədiyyə almağa imkanı çatmayanda…

Sosioloq Əhməd Qəşəmoğlu deyir ki, hər şeyi valideyndən gözləmək olmaz. Onun sözlərinə görə, valideynin hədiyyə almağa imkanı olmayanda uşaq mənəvi zərbə alır: “Bəzən elə şeylər var ki, valideynin gücü daxilində deyil. Uşaqları cəlb etmək üçün hazırlanan hədiyyələrin baha olması qəti yolverilməzdir. Maddi dəyərlərin öndə olduğu cəmiyyətlərdə gərginlik çox olur. Mənəvi dəyərləri ilə zəngin olan cəmiyyət isə həmişə özü özünü tənzimləyir. Azərbaycanda maddiyyatı təbliğ edən belə hadisələr, reklamlar çoxdur. Körpə uşaq niyə mənəvi zərbə almalıdır? Yeni il ərəfəsində hamı şadlanmalıdır, amma təsəvvür edin ki, bahalı hədiyyələri hər valideyn ala bilmir və nə qədər körpə uşağa zərbə vururlar. Buna göz yummaq olmaz. Bu, tək valideynin işi deyil, bütün cəmiyyətin, qurumların, humanitar siyasəti həyata keçirənlərin borcudur. Valideyn uşağına necə desin ki, bala, sənə hədiyyə almağa gücüm çatmır? Xüsusi ilə Yeni il hədiyyələri ilə bağlı şişirdilmə qiymətlərə yol vermək olmaz. Ona görə də, burada aztəminatlı valideyn heç nə edə bilməz”.

 

“Seçim valideynindir”

Sosial sahə üzrə mütəxəssis İlqar Hüseynli deyir ki, valideynlər bayramda uşaqlar üçün xərclənəcək pulu əvvəlcədən planlamalıdır. Ən əsası, mütləq marketdə satılan hədiyyələri almazdan öncə, içindəki məhsulları nəzərdən keçirməlidirlər: “Valideyn uşağa hədiyyə alarkən öz büdcəsini nəzərə almalıdır. Marketləri, bazarları, iri ticarət mərkəzlərini hədiyyələrin qiymətinə görə qınaya bilmərik. Seçim valideynindir. Valideyn övladı üçün müəyyən büdcə nəzərdə tutmalı, o büdcəyə görə hərəkət etməlidir. Hədiyyəni də qiymətinə görə kor-koranə almaq olmaz. Bəlkə içində qoyulan hansısa məhsula sənin övladının allergiyası var?”

 

“Valideynin şikayət etmək hüququ var”

Mütəxəssisin sözlərinə görə, valideyn hədiyyənin içindəki məhsulun qiyməti ilə maraqlanmalıdır: “Valideyn tələb etməlidir ki, hədiyyənin içində olan ərzaq məhsullarının ayrılıqda ümumi qiyməti nə qədərdir. Əgər doğrudan da qiymət fərqi çoxdursa, yaxud ərzaqların buraxılış, saxlanma müddəti adekvat deyilsə, onda tədbir görmək olar. Valideyn hədiyyəni açanda, içərisində müddəti bitmiş, yemək  üçün uyğun olmayan ərzaq müşahidə edərsə, onun şikayət etmək hüququ var. Amma hər şey qaydasındadırsa, mağazada satılan qidalardan qiymətdə də az fərqlənirsə, burada  nə marketin, nə digər şəxslərin hər hansı məsuliyyət hissi yoxdur. Hədiyyə almağa imkanı olmayan valideynlər eyni ərzaqları ayrıca marketdən alıb hədiyyə paketi kimi hazırlaya bilərlər”.

 

“Özünüz hədiyyə paketi hazırlayın”

Mütəxəssislər məsləhət görürlər ki, valideynlər hədiyyə qutularının xarici görünüşünə aldanmasınlar. Qutuların içində olan məhsulların keyfiyyətinə və yararlılıq müddətinə nəzər yetirmək mütləqdir. Övladınızı sevindirmək istəyirsinizsə, ona ya özünüz xüsusi hədiyyə paketləri hazırlayın, ya da alarkən həmin hədiyyənin məhsullarına dəfələrlə nəzarət edin.

 

Aygün ƏZİZ




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir