sosial sebekeler

Sosial şəbəkə, yoxsa ailə institutu üçün əsas təhdid?

Baxış sayı: 701

Bir zamanlar bəzi ailə modelləri cəmiyyət tərəfindən müqavimətlə qarşılaşırdısa, hazırda uşaqsız ailə modeli norma olaraq qəbul edilir. Bu gün rəqəmsal texnologiya, sosial media ailə bağlarının qırılmasına səbəb olur. Təsadüfi deyil ki, rəy sorğularında Azərbaycan cəmiyyəti əsas təhdid kimi sosial şəbəkələri (64 faiz) qeyd edir.

Bu sözləri Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc “Azərbaycanda mövcud ailə münasibətləri: sosial-psixoloji təhlil” ictimai rəy sorğusu və sosioloji tədqiqatın nəticələrinə dair konfransda çıxışı zamanı deyib.

sosial sebekeler

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova isə komitənin sifarişi ilə STM tərəfindən həyata keçirilən “Azərbaycanda mövcud ailə münasibətləri: sosial-psixoloji təhlil” ictimai rəy sorğusu və sosioloji tədqiqatın nəticələrindən danışıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov isə cari ilin 9 ayında 62 mindən artıq vətəndaşın işlə təmin olunduğunu bildirib. O qeyd edib ki, ailələrin sosial vəziyyətinin yaxşılaşdırılması üçün müxtəlif sosial layihələr icra olunur:

“Sosial Xidmətlər haqda” milli fəaliyyət planı hazırlanır. Bununla da ailələrə sosial, iqtisadi və hüquqi dəstəklər nəzərdə tutulur. Qeyd edim ki, 2 il öncə övladlığaverilmə ilə bağlı yeni sistem yarandı, 106 uşaq ailələrə verildi”.

internet

Mediasiya Şurası İdarə heyətinin sədri Nadir Adilov isə 6 aylıq fəaliyyət planından danışıb, bildirib ki, bu müddətdə ailə, kommersiya, istehlak, əmək münasibətləri ilə bağlı mübahisələrə baxılıb. Ümumilikdə 9 550 müraciət daxil olub ki, onların 8 515-i ailə münasibətlərinə dair olub: “Hazırda bizim reyestrdən keçən mediatorlarımızın sayı 239-dur. Bəzən cəmiyyətdə səhv başa düşülür, elə qəbul olunur ki, biz tərəfləri boşanmağa qoymuruq. Düzdür, biz də istəmərik ki, ailələr boşansın. Lakin bəzən boşanarkən mübahisələr çox olur. Əsas məqsədimiz mübahisələrdə barışığa nail olmaqdır”.

Hesabatın nəticəsi olaraq qeyd olunur ki, Azərbaycanda 2 milyon 62 mindən artıq ailə mövcuddur.

 

Nigar İsgəndərova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir