“Məsələn, bir bərbər və ya dərzi xidmət haqlarını artırmaqla xərclərini kompensasiya etməyə çalışacaq. Bundan əlavə, dövlət sektorunda əməkhaqlarının artımını müşahidə edən özəl sektorda çalışan işçilər, belə desək, “sosial ədaləti” bərpa etməyə çalışacaq və xidmətlərinin qiymətini qaldıracaqlar. Axı onların maaşlarını qaldıracaq bir qurum yoxdur. Bu, normal iqtisadi reallıqdır – əmək haqqının və gəlirlərin artması həmişə istehlakın artmasına səbəb olur, ona görə də qiymətlər də qalxır”, – deyə Əmirov vurğulayır.
Amma bizim təcrübəmizdə inflyasiya adətən daha ciddi olur və miqyasda əsas səbəbi üstələyir. Mütəxəssis belə izah edir: “Bu, inhisarların qiymət diktəsi ilə baş verir. Artıq 15 ildir ki, ölkəmizdə Rəqabət Məcəlləsi müzakirə olunur, amma qanun qəbul olunmayıb. Bahalaşmanın səbəblərindən biri də budur. Bu arada inflyasiya, təbii ki, təkcə sadə vətəndaşlara deyil, həm də ölkənin iqtisadi inkişaf tempinə ağır zərbədir. Ona görə də fevral bahalaşmasını gözləmədən indidən qabaqlayıcı tədbirlər görmək çox vacibdir”.
İqtisadçı ekspert Natiq Cəfərli də deyir ki, ölkəmizdə baş verən inflyasiya prosesləri, xüsusən də idxal seqmentində inhisarçılığı həqiqətən stimullaşdırır: “Ümumiyyətlə, qiymətlərin artımı obyektiv və subyektiv amillərlə bağlıdır. Birincilər arasında pandemiyanın nəticələrinin yaratdığı qlobal qiymət artımı və dövlət tərəfindən tənzimlənən qiymət artımı dayanır. Sağlam rəqabətin olmaması ikinci səbəbdir”.
İqtisad elmləri doktoru, professor Elşad Məmmədov da o fikirdədir ki, bazarın inhisarlaşdırılması qiymətləri diktə edən ayrı-ayrı oyunçuların bölünməz hökmranlığına gətirib çıxarır: “Daxili səbəblərə dünya bazarlarından inflyasiyanın Azərbaycan bazarına gətirilməsi ilə yanaşı, il ərzində təbii inhisar subyektlərinin xidmətlərinin tariflərinin artırılması, daxili inhisarın demonopolizasiyasının kifayət qədər səviyyəsinin olmaması, iqtisadiyyatda yerli istehsalın qeyri-kafi həcmi kimi amillər də var”.
Ekspert dairələrində mümkün inflyasiya ilə bağlı narahatlığa həftənin sonunda təsdiq edilmiş, 2022-ci il yanvarın 1-dən təhsil sistemində və dövlətdən maliyyələşən bir sıra büdcə təşkilatlarında çalışan işçilərin əməkhaqlarının artırılmasını nəzərdə tutan sərəncamlar paketi səbəb olub. Bu sənədə əsasən, təhsil sistemində çalışan 165 min işçinin əməkhaqqı təxminən 20-30% artacaq. Bunun üçün gələn ilin dövlət büdcəsində 273 milyon manat nəzərdə tutulub.
Bundan başqa, Azərbaycanın dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatların rəhbər və digər işçilərinin maaşları orta hesabla 20 faiz artırılacaq. Daha əvvəl xəbər verildiyi kimi, dövlət başçısı 2021-ci ilin oktyabrında hökumətə vətəndaşların sosial rifahının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlərin görülməsi ilə bağlı tapşırıq verib. 2022-ci ildə bu tədbirlər 2,1 milyondan çox insanı əhatə edəcək və onların maliyyələşdirilməsinə dövlət büdcəsindən 1,5 milyard manat vəsait ayrılacaq.
Tanya Samsonova