Natevan Abdulla

Qadınlara xas olan yüngül isterik hiylələr

Baxış sayı: 676

Qarşı cinslər həmişə bir-birinin diqqətinə və qayğısına ehtiyac duyurlar. Qadınlar isə bu baxımdan daha həssas sayılırlar. Bunun təməlində insanın xarakterimi, yetişdirilmə tərzimi, yoxsa məhz cinsi xüsusiyyətlərmi dayanır, deyə bilmərik. Amma yəqin ki, qadının diqqət çəkməyi daha çox sevməsində hər birinin təsiri var.

Əksər qadınlarda isə müşahidə olunan ortaq bir xüsusiyyət var. Onun adı isteriyadır. Bu, ailədə, cəmiyyətdə səsini eşitdirmək, diqqət çəkmək istəyən qadınların şüurlu şəkildə, amma qeyri-iradi olaraq əl atdığı hiyləli bir oyundur. Əsirlərlə davam edən və milliyyətlə heç bir əlaqəsi olmayan bir oyun.

Bu məqamda sizə şahid olduğum bəzi isterik hadisələrdən də bəhs etmək istəyirəm.

Hələ lap kiçik yaşlarımda tanıdığım bir yaşlı qadında buna şahid olmuşam.Yadımdadır, evin kişiləri –  oğulları, əri onun sözündən çıxanda həmin qadın özünü yerdən-yerə vurar, saçlarını yolar, şüvən qoparardı. Sonra da yatağa düşüb xəstə təqlidi edər və ailənin kişiləri də onun başına toplaşıb üzr istəyər, bir dediyini iki etməzdilər.

Daha sonra cəmiyyətdə, ətrafımdakı gənc qızlarda da bu davranışa şahid olmuşdum. Bir dəfə kafedə dostlarımızla görüşüb çay içirdik və birdən qarşıdakı masada əyləşən qızın başına oğlanlar toplaşmağa başladı. Biri üzünə su çırpır, biri menyunu əlinə alıb yelpikləyir, biri qızın əllərini ovurdu. Kənardan baxanda qızın rolunu heç də gözəl oynamadığına, buna rəğmən, yetərincə diqqət və qayğı gördüyünə şahid oldum.

Yenə eyni şəkildə kiçik bir problem yaşadığına görə, bir vaxtlar mənim işlətdiyim kafedə gənc bir qızın özünü yerə atıb ürəkgetməsi varmış kimi davrandığının şahidi olmuşdum. Başına oğlanlar yığılmış, eyni formada qayğı, diqqətlə onu ayıltmağa çalışdıqca, onun bir az da rola girdiyini müşahidə eləmişəm.

Hamıya, “Çəkilin, xanım roldan çıxsın” – deyəndə isə bütün oğlanlar məni qınadılar. Həmcinsimə qarşı bu qəddarlıq onların gözündə məni daşürəkli, qısqanc birinə çevirmişdi. Bu dəfə isteriya növbəsi məndəydi, çünki məni elə tanımaqlarını istəmirdim. Ən azından bu, kafenin müştəri itirməyinə səbəb olacaqdı. Nə uzadım, yüksək səslə danışaraq, “Hanı bunun çantası? Telefonunu verin, atasına yığım, gəlsin aparsın. Mən məkanımda problem istəmirəm” – dedim. Çox təəccüblüdür ki, qız yavaş-yavaş ayılmağa başladı. Telefonunu alıb yalandan zəng edirəmmiş kimi davrananda özünə gəldi və telefonu əlimdən aldı. Ümid edirəm, bu hadisə onu birdəfəlik isteriya bəlasından xilas etmiş olar. Bir daha nə kafemizə gəldi, nə də üzünü gördüm. Onu da deyim ki, qadınlarda şahid olduğum isteriya halları təkcə bu sadaladıqlarımla yekunlaşmır.

Görəsən, dünyanın hər yerində tarix boyu qadınlar niyə bu cür davranır və öz isteriyaları ilə kişilərin diqqət mərkəzində olmağa çalışırlar?

Psixologiya elminin atası hesab edilən Ziqmund Freyd istorik pozuntunun təkcə qadınlara xas xəstəlik olmadığını, kişilərdə də isteriya hallarına rast gəlindiyini yazır. Bəs, nədir bu isteriya?

İsteriya psixi və sinir pozuntuları, xüsusilə emosional reaksiyaların kəskinləşməsi, ani əsəbilik, müvəqqəti davranış dəyişikliyi və gündəlik yaddaş pozuntusu kimi müxtəlif şikayətlər ilə xarakterizə olunan psixonevrotik xəstəlikdir. Erkən yaşlarda, vaxtında müdaxilə olunmazsa, bu problem daha dərin psixoloji problemlərə də səbəb ola bilər. İsteriya xüsusilə qadınlarda ani ortaya çıxan, əsəbi, nevrotik bir xəstəlik olaraq təsvir olunur. Ən pisi də odur ki, isterik xəstə özünün ruhi sağlamlıq pozğunluğundan xəbərsiz olur. Ona görə göstərdiyi bütün bu davranışlar və diqqət çəkmək üçün girdiyi rol əslində, normaldır.

Psixiatrların dediyinə görə, müxtəlif duyğu pozğunluqları, qıcolmalar ilə də özünü göstərən və yaşı otuzdan az olan şəxslərdə daha çox təsadüf olunan bu nevroz zehni xəstəlik növü insanlarda şüuraltı problemlərdən dolayı ortaya çıxır və daimi davranış pozğunluqlarına səbəb olur.

Əgər bu məsələdə “insanın qara qutusu” hesab olunan altşüuru varsa, deməli bu problemə qadınlarda niyə bu qədər çox təsadüf olunduğunu da anlamaq olar. Biz, müasir, öz ayaqlarının üstündə dayanmağı bacaran, xarakter bütövlüyünü qurmağı və qorumağı bilən, başqalarından maddi və mənəvi gözləntiləri olmayan, vaxtilə qədərində sevgi və qayğı ilə yetişdirilən qadınlarda bu problemlə, demək olar ki, qarşılaşmırıq. Onlar gündəlik işlərini görür, məsuliyyətlərini yerinə yetirir və öz reallıqlarını açıq bir zehinlə qəbul etməyi bacarırlar. Bu, təkcə qadın yox, kişi üçün də sağlam psixoloji hal hesab olunur.

Digər tərəfdən, daima təzyiq altında yaşayan, həyatında duyğusal boşluqlar olan, məsuliyyətdən qaçan, güc nümayiş etdirməyi, diqqət mərkəzində olmağı sevən insanlarda bu problem daha çox müşahidə edilir. Elə Freydin də dediyi kimi, isterik xəstə psixoloji çöküntülərini fiziki davranış deformasiyaları ilə göstərir və beləcə, onun altşüurundakı qorxuları isteriya kimi üzə çıxır.

 

Bəs bu hal Azərbaycan cəmiyyətində necə müşahidə olunur?

Ana övladlarını təsir altında saxlamaq üçün onların ucbatından xəstə düşdüyünü dilə gətirə bilir, uşaqlar sözə baxmasa, ana öləcəyini deyərək onları qorxudur, ailəsindən, ərindən daha çox qayğı, diqqət görə bilmək üçün tez-tez xəstələnir, yaxud ürəkgetmələri olur, problemini açıq şəkildə ifadə edə bilməyən, xarakterini ortaya qoymaqdan qorxan gənc, problem qarşısında əsməyə, titrəməyə başlayır, yaxud qıcolmaları tutur və sair. Bu siyahını daha da uzada bilərik, bunların heç biri bizə yad deyil. Amma isteriyanın daha da dərinləşdiyi insanlarda bu, artıq ciddi problemə çevrilir və bunun qarşısı yalnız dərmanlar vasitəsilə müalicə yolu ilə alına bilir. Yuxuda gəzmə, bədənin trans halına keçməsi, güclü baş ağrıları ilə nəzarətdən çıxan əsəb krizislərini buna misal gətirə bilərik.

Yüngül isteriya halları isə, demək olar, “Mən varam, burdayam, məni görün və qayğı göstərin ki, yaxşı olum”, mənasına gəlir. Bütün hallarda bu insanlar güclü manipulyatorlardır və istəklərinin icra olunması üçün qarşısındakı insanı günahkar hiss etdirməyi bacarırlar.

 

Bəs, ailəmizdə, ətrafımızda isterik insanlar varsa, onları necə tanıya bilərik?

İsterik fərdlərin insani münasibətləri o qədər də sağlam olmur. Onlar münasibətlərdə səthi, tələbkar, çox gərgin, həddən artıq asılı olaraq xarakterizə olunurlar. Bu insanlar diqqət mərkəzində olmadıqları vaxt narahat özlərini hiss etməyə başlayır, qarşı cinslə münasibətdə təhrikedici, cəzbedici davranmağa çalışırlar, eyni zamanda onların duyğuları da tez-tez dəyişir və dərin olmur. Diqqət çəkmək üçün daima fiziki görünüşünə fikir verir, danışarkən yüksək səs tonu və sərhədləri gözləmədən ünsiyyət qura bilirlər. Göstərişə meyilli olan bu insanlar duyğularını da çox biruzə verməyə çalışırlar. Təsir altında qalmağa meyilli olurlar.  Bu əlamətlərdən hər hansı beşi bir insanda varsa, psixiatrlara görə, o, isterik xəstədir.

Bu insanların ən böyük problemi isə öz həyatlarının və duyğularının məsuliyyətini qəbul edə bilməmələri, reallıqlarla üzləşməkdən qorxmalarıdır. Qarşısındakından dəyər görə bilməmək qorxusu, hər kəs tərəfindən sevilmək istəyi bu insanların ən güclü hissləridir. Onlar ya başqalarını əyləndirməyə daha çox meyilli olur, ya da dramatik, həyatda bütün pis hadisələr yalnız onların başına gəlirmiş kimi davranırlar ki, daha çox diqqət çəkə bilsinlər.

 

 Natəvan Abdulla




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir