corek

Mağazalar çörəyin qiyməti ilə necə “oynayır”?

Baxış sayı: 1. 050

İki gündür ki, ölkədə çörəyin qiymətinin bahalaşması müşahidə olunur. Dünən axşam saatlarında bəzi ərzaq mağazalarında çörəyin yenidən köhnə qiymətə satılması əhali arasında çörəyin ucuzlaşması fikri yaradıb.

 

“50 qəpiklik zavod çörəyini 65, 40 qəpiklik çörəyi isə 50 qəpiyə satırıq”

Əvvəlcə yolumuzu “Oba” marketdən salırıq. Elə mağazaya daxil olar-olmaz içəridə alıcı ilə satıcı arasında çörəyin qiyməti ilə bağlı müzakirənin şahidi oluruq.

Alıcı bəzi yerlərdə çörəyin qiymətinin ucuzlaşdığını, satıcı isə səhər çörəyi baha qiymətə aldıqlarını söyləyirdi. Satıcı Sputnik Azərbaycan-a açıqlamasında da bildirdi ki, dünən axşam bəzi mağazalarda çörəyin fərqli qiymətə satılması insanlar arasında çaşqınlıq yaradıb. Bu alıcılarda çörəyin qiymətinin ucuzlaşdığına inam yaradıb. Amma alıcı çörəyin topdan satışda qiymətinin heç də ucuzlaşmadığını söylədi: “Çörəyin qiymətini bu səhər də baha götürmüşük. Hazırda 50 qəpiklik zavod çörəyini 65, 40 qəpiklik çörəyi isə 50 qəpiyə satırıq”.

 

Qiymət çəkiyə görə dəyişir

Satıcı ilə söhbət zamanı öyrəndik ki, çörəyin qiymətindəki fərq çəkisinə görə dəyişir. Satıcının sözlərinə görə, əvvəl 600 qram çəkidə çörək 50 qəpiyə təklif olunurdusa, hazırda onun qiyməti 65 qəpikdir. 400 qramlıq çörəklər isə 50 qəpik olub.

Müşahidə apardığımız digər mağazalarda da vəziyyət eyni idi. “Flaqman” marketdə 50 qəpiklik “Binə çörəyi” 65 qəpiyə təklif olunurdu. Satıcı bildirdi ki, 30 qəpiklik çörəklərin qiyməti isə 40 qəpik olub. O, qiymət artımının dünəndən baş verdiyini bildirdi.

“Xəzər” marketdə də “Bərəkət” zavod çörəyi 65 qəpiyə təklif olunurdu. Satıcı çörəyin qiymətinin 15 qəpik bahalaşdığını təsdiqlədi.

Xırda marketlərdən fərqli olaraq iri supermarketlərdə çörəyin qiyməti hələ ki, dəyişməmişdi. Bayılda yerləşən “Araz” supermarketində 50 qəpiklik “Binə” zavod çörəyi vitrində 50 qəpiyə göstərilirdi. Satıcılar da çörəyin qiymətinin hələ ki, bahalaşmadığını bildirdilər.

corek

Supermarketlərin qiymət fırıldağı

“Binə” çörək zavodunun satışa məsul şəxsi, Qasım adlı əməkdaşı iri supermarketlərdə “Binə” zavod çörəyinin 50 qəpiyə satılmasının mümkünsüz olduğunu bildirir: “Biz bütün mağazalara topdansatışda eyni qiymət qoymuşuq. Heç bir mağaza ziyana işləyib çörəyi ucuz sata bilməz. Bu məsələni araşdırıb sizə məlumat verəcəyik”.

Çox keçməmiş bizimlə əlaqə saxlayan zavod təmsilçisi çörəyin qiymətinin “Araz marketdə yalnız vitrində dəyişmədiyini bildirib. Onu sözlərinə görə, kassada çörəyin dəyəri 65 qəpikdən ödənilir.

Bayılda yerləşən Araz marketin əməkdaşı isə qiymət artımından sonra qiymətlərin tədricən dəyişdirildiyini söyləyib.

Qeyd edək ki, qiymət artımı təkcə zavod çörəklərində müşahidə olunmur. Lavaşın qiyməti 1 manat 20 qəpikdən 1 manat 50 qəpiyə qalxıb. 35 qəpiklik pəhriz çörəkləri isə 55 qəpiyə təklif olunur. Təndiq çörəklərinin qiyməti də dəyişib. Hazırda satışda 70-80 qəpikdən ucuz təndir çörəyi yoxdur.

 

Dövlət qurumu qiyməti müəyyənləşdirdi

İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti un və çörək istehsalçıları ilə birlikdə bu məhsulların qiymətlərinin yuxarı hədlərini müəyyənləşdirib. Bu barədə bu gün qurum açıqlama yayıb.

Məlumatda deyilir ki, son dövrdə dünyada baş verən iqtisadi proseslərin və COVİD-19 pandemiyasının təsirləri, 2021-ci il ərzində dünya bazarlarında ərzaqlıq buğdaya tələbin artması və buğda istehsalçısı olan ölkələrin daxili bazarı qorumaq məqsədilə həyata keçirdiyi müxtəlif proteksionist tədbirlər fonunda ərzaqlıq buğdanın qiyməti kəskin artıb. Əlavə olaraq, ən böyük ərzaqlıq buğda istehsalçılarından biri və Azərbaycana ixrac edilən buğdanın əsas mənbə ölkəsi olan Rusiyanın ötən ilin fevral ayından yüksək ixrac rüsumları tətbiq etməsi səbəbindən ölkəmizə idxal olunun ərzaqlıq buğdanın qiymətində 2019-cu illə müqayisədə təxminən 58% artım baş verib.

Azərbaycanda ərzaqlıq buğdanın, unun və çörəyin qiyməti tənzimlənən tariflər əsasında deyil, bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq tələb-təklif əsasında formalaşır. Ötən il ərzaqlıq buğdanın dünya üzrə kəskin bahalaşmasının Azərbaycana təsirinin azaldılması məqsədi ilə hökumətin ayırdığı böyük subsidiyalar hesabına buğda və unun qiymətləri real qiymətlərdən aşağı saxlanılmıb. Təbii olaraq, subsidiyalar hesabına bu qiymətlərin uzunmüddətli dövrdə liberal iqtisadi tələblərə zidd olaraq qeyri-real səviyyədə saxlanılması mümkün deyil.

Nəticədə cari ilin əvvəlindən etibarən ərzaqlıq buğda tədarükü və un istehsalı ilə məşğul olan sahibkarlıq subyektləri unun qiymətini ərzaqlıq buğdanın hazırkı idxal qiymətinə uyğunlaşdırıb. Satış bazarında qiymət manipulasiyalarına yol verilməməsi məqsədi ilə preventiv tədbir olaraq, Dövlət Xidməti bir sıra iri ərzaqlıq buğda idxalçıları, həmçinin un və çörək istehsalçıları ilə müzakirələr aparıb və prosesin nəzarətdə saxlanılması təmin edilib.

Belə ki, idxal qiymətləri və emal xərcləri nəzərə alınmaqla, hazırda bu məhsula real qiymət formalaşmış, un və çörək istehsalçıları ilə qiymətlərin yuxarı hədləri müəyyənləşdirilib: 50 kq-lıq bir kisə unun topdansatış qiyməti – 35,9 manat, 500 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti – 50 qəpik, 650 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti – 65 qəpik.

Dövlət Xidməti qiymət hədlərinə əməl olunması üzrə ciddi nəzarət tədbirlərini davam etdirir. İlk günlərin monitorinqlərinin nəticələrinə əsasən, unun topdansatış qiyməti 35,4- 35,9 manat arasında dəyişir.

Hazırda Dövlət Xidməti un istehsalçılarının topdansatış mərkəzləri və məntəqələri, iş vaxtları və topdansatış qiymətlərinə dair mütəmadi şəkildə yenilənəcək məlumat bazası hazırlayır və bu gün ictimaiyyətə açıqlanacaq.

İstehlakçılar un və çörək bazarında qiymət manipulasiyası halları ilə rastlaşdıqda, həmçinin əlaqəli məlumat almaq məqsədi ilə Dövlət Xidmətinə müraciət edə bilərlər: əlaqə telefonu: (+99412)-599-76-00.

COREK-SOGAN

İstehsalçılardan müraciət

Qeyd edək ki, ötən gün Azərbaycanın iri un və çörək istehsalçıları müraciət yayıblar. Müraciətdə deyilir ki, məlum olduğu kimi, baş verən qlobal neqativ proseslər, qeyri-müəyyənliklər, istehsala və təchizat zəncirlərinə təzyiqlər, həmçinin COVID-19 pandemiyası səbəbindən dünyada ərzaq məhsulların qiyməti kəskin artıb. Bu proseslər ərzaqlıq buğdanın qiymətinə də təsirsiz ötüşməyib:

“Azərbaycana ərzaqlıq buğdanın idxalının əsasən Rusiyadan həyata keçirildiyi üçün bu ölkənin bazarında baş verən qiymət artımı bu məhsulun ölkəmizə daha yüksək qiymətlərlə tədarükü ilə nəticələnir. Əlavə olaraq, Rusiyada 2021-ci ilin fevral ayından etibarən yüksək ixrac rüsumunun tətbiqi də qiymətlərin artmasına ciddi təsir göstərir. 2021-ci ilin dekabr ayında Rusiyada ərzaqlıq buğdanın 1 tonunun orta aylıq ixrac qiyməti 2019-cu ilin analoji dövrü ilə müqayisədə 58,7%, 2020-ci ilin dekabr ayı ilə müqayisədə isə 33,1% yüksək olub”.

Qeyd olunur ki, bununla belə, qlobal qiymət artımlarının Azərbaycan bazarına neqativ təsirlərinin azaldılması məqsədilə dövlət tərəfindən il ərzində un idxalçılarına və istehsalçılarına böyük dəstək göstərilib:

“Belə ki, ölkədə ərzaqlıq buğda ehtiyatlarının lazımı səviyyəyə çatdırılması məqsədillə 2020-ci ildən başlayaraq tədarükçülərə subsidiyalı kreditlər ayrılır. Əlavə olaraq, 2021-ci ilin fevral ayından başlayaraq un istehsalçılarına subsidiyalar ödənilib, ərzaqlıq buğdanın idxalı və satışı, həmçinin unun və çörəyin satışı ƏDV-dən azad olunub. Biz sahibkarlara göstərilən dəstək tədbirlərinin nəticəsidir ki, qlobal qiymət dəyişiklikləri Azərbaycan bazarına ciddi təsir etməyib, 50 kq-lıq bir kisə unun topdan satış qiymətini 26 manat səviyyəsində saxlamağa imkan verib”.

Mövcud subsidiya mexanizminin 2021-ci ilin dekabr ayının sonunadək qüvvədə olmasını nəzərə alaraq, hazırda buğda idxalının və un istehsalçılarının fəaliyyətinin davam etdirilməsi, ölkəmizin bu strateji ərzaq məhsulu ilə etibarlı təminatı, eləcə də qıtlığın yaranması təhlükəsinin qarşısının alınması məqsədilə unun qiymətinin ərzaqlıq buğdanın cari qiyməti ilə uyğunlaşdırılması zərurəti yaranıb:

“Hesablamalarımıza görə, uyğunlaşmanın nəticəsi olaraq, 50 kq-lıq bir kisə unun topdan satış qiyməti 36 manatadək arta bilər və bu səbəbdən ənənəvi (dairəvi “zavod” çörəyi) çörəyin qiymətinin də maksimum 10-15 qəpik artması ehtimal olunur”.

“Vətəndaşlarımızın qida təchizatında önəmli rolumuzu dərk edərək, bildiririk ki, unun qiymətinin ərzaqlıq buğdanın cari qiyməti ilə uyğunlaşdırılacağı halda, çörək və un məmulatlarının qiymətinin 2022-ci ilin taxılın biçin-tədarük dövrünədək qeyd etdiyimiz səviyyədən yuxarı qalxmaması üçün bütün səylərimizi səfərbər edəcəyik. Qida təchizatı zəncirinin bütün iştirakçılarını bizimlə həmrəy olmağa çağırırıq”, – deyə əlavə olunub.

 

Zülfiyyə Quliyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir