Yazımın əvvəlini aşağıdakı linkdən oxuya bilərsiniz
http://gencaile.az/ail%c9%99-qurduqda-diqq%c9%99t-edilm%c9%99li-olan-amill%c9%99r-ail%c9%99-
Təbii ki, ilk növbədə yeni qurulan ailənin özünün bir evi olmalıdır. Nahaq deyil ki, bizim xalq arasında bir məsəl var. ”Evlənmək” sözü, “ev” sözü ilə bağlıdır. Evin olandan sonra evlənmək daha çox lazımdır. Amma, təbii ki, elə hallar olur ki, gənclərin ayrı yaşamaq üçün imkanları olmur. Yeni ailə quranlar arasında bu barədə əvvəlcədən razılıq olmalıdır.
Yeni qurulmuş ailəyə valideynlərin dərhal müdaxilə etməsi olduqca təhlükəli haldır. Yeni ailə qurmuş insanlar bir müddət daha çox ikilikdə qalsalar, öz problemlərinin həlli yollarını özləri axtarsalar, bu, gələcək ailənin daha möhkəm olması üçün olduqca faydalı olar. Məşhur “qaynana” faktoruna münasibətdə çox ehtiyatlı olmaq lazımdır. Bəzi qaynanalarda hələ də köhnədən qalma belə bir təsəvvür var ki, yeni ailə quranları dərhal təsir altına salmaq düzgün yoldur. Onlar unudurlar ki, indiki dövrdə bu olduqca təhlükəlidir. Daha 50 il bundan qabaqkı zaman deyil. İndi uyğun elm sahələri də təsdiq edir ki, müasir insanları göstəriş yolu ilə idarə etmək mümkün deyil. İndi yalnız insanları inandırmaqla, onların daxili potensialını hərəkətə gətirməklə müəyyən məqsədə nail olmaq olar. Ona görə də müasir dövrdə qaynana, qaynata, başqa doğma insanlar da yeni ailə quranlara hansısa məhdudiyyət qoymaq barədə yox, onlara kömək etmək barədə düşünməlidirlər. Bu köməksə, həmin insanların daxili potensialını hərəkətə gətirməklə, qarşılaşdıqları problemləri qayğıkeşliklə hərəkətə gətirməklə mümkündür.
Yeni ailə quranlar artıq hiss etməlidirlər ki, onların həyatı tamamilə dəyişmişdir. Hiss etməlidirlər ki, qarşı tərəf də ona özü qədər əzizdir. O qarşı tərəfin qarşısında müəyyən bir ciddi məsuliyyət daşıyır və onun qayğısına qalmağa mənəvi olaraq borcludur. Əaər yeni ailə quranların hansısa bu hisslərə malik deyilsə, belə düşünmürsə, deməli, ailə həyatının ilk addımı o qədər də uğurlu deyildir.
Yeni ailə quranlar bilməlidir ki, onların ailələrinin qarşısında birlikdə müzakirə edib, qəbul etdikləri hədəflər olmalıdır. Bu hədəflər konkret, aydın deyilsə, ailənin sonrakı taleyi müəyyən qədər təhlükə altındadır. Bu hədəflər ilk növbədə ailənin mahiyyətinə, imkanlarına uyğun olmalıdır. Bu hədəflər hər iki tərəfin ürəyincə olmalıdır. Ailənin bu ümumi hədəfləri, ümumi maraqları şəxsi maraqlardan yüksəkdə olmalıdır. Yəni, hər iki tərəf aydın şəkildə dərk etməlidirlər ki, hər ikisinin borcu ilk növbədə ailə maraqlarına qulluq etməkdir. Bu hədəflər elə olmalıdır ki, yeni qurulmuş ailənin həmin hədəfə çatmaları üçün imkanları olsun. Əks halda, imkanlara uyğun olmayan hədəflər ailəni xoşagəlməz vəziyyətə sala bilər.
Artıq ailə qarşısındakı konkret hədəflər aydındırsa, o zaman yeni ailə quranlar öz imkan və məhdudiyyətlərini birlikdə təhlil edərək, həmin hədəfə çatmaq üçün ən optimal yollar barədə düşünmək lazımdır. Bu yolda, özlərinin, onlara dəstək olan insanların nə etməli olduqları barədə aydın təsəvvürlərə malik olmaları çox mühümdür.
Hər bir ailə üzvünün ailənin digər üzvlərindən ailə qarşısında duran ümumi hədəflərə çatmaq üçün konkret fəaliyyət tələb etmək haqqı olmalıdır. Bu tələb etmə zamanı qarşı tərəf öz məsuliyyətini dərk etməli və bu tələbə qarşı etiraz etməməlidir.
Ailədə hər bir adamın fəaliyyəti ümumi hədəfə çatmağa yönəlməli və bu işdə digərlərinin də fəaliyyətinin güclənməsinə kömək etməlidir.
Bu şərtlərə əməl edildiyi halda ailədə ahəngdar bir münasibət yaranır.
Ailə uzvlərinin sayı çoxaldıqca belə ahəngdar münasibətlərin qorunmasına olduqca böyük ehtiyac yaranır.
Hər bir ailə şüurlu şəkildə aydın dərk etməlidir ki, bu ailədə ən mühüm işlərdən biri yeni nəslin dünyaya gəlməsi və keyfiyyətli yetişməsidir. Ailədə doğulan hər bir körpə, hər bir uşaq həmin ailənin sevinc mənbəyi, mənəvi-psixoloji rahatlığı, sabaha ümididir. Bu uşaq həm də bir xalqın nümayəndəsi, ölkə vətəndaşı, yer üzünün bir sakinidir. Həmin körpə, həmin uşaq gələcəkdə bu ailənin qürur mənbəyi, gələcəyinin təminatcısı, bütün xalqın fəxr etdiyi insan, yer üzünün tərəqqisində fəal iştirak edə bilən bir şəxsiyyət də, hər kəs üçün utanc mənbəyi, yaxud, hamıya bir artıq yük də ola bilər. Daha ləyaqətli insan yetişdirmək insanın həyatının ən məsuliyyətli, ən şərəfli bir işidir.
Hər bir evdə uşaqların fiziki cəhətdən sağlam, mənəvi cəhətdən zəngin, əməksevər böyüməsi üçün şərait yaradılmalıdır. Valideynlər öz övladlarının daha layiqli şəkildə yetişməsi üçün həm də özlərini hazırlamağa borcludurlar. Bunun üçün onlar başqalarının təcrübələrini öyrənməli, xüsusi ədəbiyyatla tanış olmalı, lazım gələrsə, xüsusi kurslara da getməlidir. Hər bir valideyn eyni zamanda bir uşaq yetişdirmə mütəxəssisi, bir müəllimdir. Müasir dövrdə bu funksiyanı yerinə yetirmək olduqca ciddi hazırlıq tələb edir.
Xoşbəxt ailədə hər zaman ailə üzvlərinin ümumi maraqları, üstünlük verdikləri ümumi dəyərləri olur. Bu ümumi maraqlar, dəyərlər onların şəxsi maraqlarından daha üstün və mühüm hesab edilir. Onlar birlikdə olanda xoş bir əhval-ruhiyyə yaranır. Onlar biri-birlərindən bezmirlər, əksinə, biri-birinin əhval-ruhiyyəsinin yüksəlməsinə səbəb olurlar. Ona görə də birlikdə şənlənməyi, istirahət etməyi, gəzintiyə, səfərə getməyi xoşlayırlar. O ailə xoşbəxt ailədir ki, ailə üzvləri biri-birinə qarşı çox səmimidir. Orada yalana yer yoxdur. Ailə üzvləri biri-birinə xəyanət etmirlər. Biri-birindən heç nə gizlətmirlər. Bunun üçün uşaqları hələ körpə vaxtlarından qorxutmaq, onların qorxudan nəyisə gizlətməyinə şərait yaratmaq olmaz. Körpələrdən, uşaqların birinə üstünlük verərək digərlərini qıcıqlandırmaq xoşagəlməz xarakterlərin formalaşdırılmasında mühüm rol oynayır.
ARDI VAR…
Sosioloq Əhməd Qəşəmoğlu