Nermine  Abbasova

Nərminə Abbasova: “Osteoporoz xəstəliyi kliniki olaraq özünü heç bir əlamətlə büruzə vermir”

Baxış sayı: 868

“Osteoporoz – sümük toxumasının həcminin azalması ilə müşayiət edilən xəstəlikdir. Bunun nəticəsində xəstəlik zamanı sümüklər daha kövrək olurlar. Bu isə hətta kiçik zərbə və travmalar nəticəsində onların asanlıqla sınmasına səbəb olur. Qadınlar bu xəstəliyə kişilərdən bir neçə dəfə artıq hallarda düçar olurlar”.

Bunu həmsöhbətimiz Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi Nərminə Abbasova Osteoporoz xəstəliyi ilə bağlı danışarkən dedi.

Həkim-terapevt deyir ki, klimaksın başlanması qadınların əksəriyyətində orqanizmində kalsium mübadiləsinin pozulması ilə müşayiət olunur. Nərminə xanım qeyd edib ki, qadın cinsi hormonları olan estrogenlər digər təsirlərindən başqa sümük toxumasının sıxlığına və möhkəmliyinə də təsir edir:

“Yaş artımı ilə əlaqədar olaraq qanda estrogenlərin miqdarı azaldığı üçün sümüklər nisbətən daha kövrək olurlar. Bu isə gələcəkdə bədən formasının dəyişməsinə, məsələn, qadının belinin əyilməsinə səbəb olur, sınıqların baş verməsi təhlükəsini artırır. Qeyd edim ki, osteoporoz prosesinə onurğa sütunu da daha çox məruz qalır. Fəqərələrdə çoxlu sayda kiçicik sınıqlar əmələ gəlir. Daxildən zədələnməyə məruz qalmış fəqərə onurğa sütununa olan təzyiqə davam gətirməyərək sınır. Onurğa sütununun bu dəyişikliyə uğraması tədricən boyun qısalmasına və onurğanın əyilməsinə səbəb olur”.

Nərminə xanım bildirdi ki, onurğa sütununun əyilməsi nəticəsində daxili orqanların fəaliyyəti də pisləşir. Belə ki, bu zaman tənəffüsün çətinləşməsi, onurğa beynindən çıxaraq qabırğaların arası ilə gedən sinirlərin sıxılması nəticəsində belin aşağı hissəsində və ürək nahiyəsində baş verən ağrılar, mədə-bağırsaq sisteminin fəaliyyətinin pozulması və digər bu kimi əlamətlər yaranmış olur.

Həkim onu da qeyd etdi ki, osteoporoz xəstəliyi menofasilə (menopauza, klimaks) dövründə qadınlarda sınıqların daha tez-tez rast gəlməsinin əsas səbəblərindən biridir:

Osteoparoz zamanı sınıqların əsas xarakterik cəhəti, onların minimal travmatik zədələrdən və hətta kiçik hündürlüklərdən də yıxılması nəticəsində baş verməsidir. Yaşlı qadınlarda baş verən sınıqlar arasında daha çox təsadüf edilən və daha qorxulu olanı – bud sümüyü boynunun sınıqlarıdır”.

Nərminə xanım osteoporozun baş verməsinin əsas risk faktorlarından da bəhs etdi. Bildirdi ki, əsas faktorlardan biri yaşdır, yəni yaşın 65-dən artıq olmasıdır:

“Uşaqlıq və ya yumurtalığın olmaması da əsas risk faktorudur. Bəzi hallarda qadınlar nisbətən cavan yaşlarında bu orqanlarını itirmiş olurlar. Genetik meylliyin olması da nəzərə alınmalıdır. Əgər qadının ana və nənəsində osteoparoz xəstəliyi olmuşsa, onun özündə bu xəstəliyin inkişaf etməsi ehtimalı da çox olur. Digər faktorlar aybaşının vaxtından qabaq kəsilməsidir. Çoxuşaqlı analar və uşağı uzun müddət əmizdirən qadınlar da yüksək təhlükə qrupuna aiddirlər. Bununla yanaşı, kofe və kofe tərkibli içkiərin qəbul olunmasının həvəskarı olmaq, siqaret çəkilməsi, spirtli içkilərin qəbul edilməsi və digər bu kimi zərərli faktorlar da sümük sisteminə xeyir gətirməyən səbəblərdir. Qeyd edim ki, az həkətli həyat tərzi də osteoparozun inkişaf etməsi üçün ciddi təhlükə faktorudur”.

N.Abbasovanın sözlərinə görə, fiziki hərəkətlər, piyada gəzintilər, üzgüçülüklə məşğul olmaq, rəqs etmək, aktiv istirahət bu xəstəliyin profilaktikası üçün çox vacib hesab olunur. Həkim eyni zamanda onu da vurğuladı ki, bədən sümüklərinə peşəkar idmançılarda olduğu kimi həddindən artıq gərginliyin verilməsi də təhlükəli ola bilər:

“Qeyd etmək lazımdır ki, osteoporoz xəstəliyi kliniki olaraq özünü heç bir əlamətlə büruzə vermir. Yəni heç bir insan özündə sümük toxuması kütləsinin hissəvi olaraq itirilməsini hiss edə bilmir. Sümük densitometriyası kimi xüsusi diaqnostik müayinə üsulu vardır ki, onun köməkliyi ilə sümük toxumasının mineral sıxlığı – sümüyün “miqdarı” müəyyən edilir. Bu müayinə tamamilə ağrısızdır. Onu rentgen aparatından istifadə etməklə aparırıq. Müayinə cəmi bir neçə dəqiqə çəkir. 45 yaşından yuxarı olan bütün qadınlara ildə 1 dəfə bu müayinədən keçmək məsləhət görülür. Müayinə nəticəsində osteoparoz xəstəliyinin ilkin əlamətləri olduğu təqdirdə, tərəfimizndən qadına müəyyən dərman preparatlarının qəbul edilməsi təyin olunur”.

Osteoporoz xəstəliyi ilə əlaqədar olan problemlərdən uzaq olmaq üçün onun profilaktikasına yuxarı yaşlarda xəstəliyin ilkin əlamətləri meydana çıxandan sonra deyil, uşaq yaşlarından başlamağın lazımlığını qeydedən həkim-terapevtin sözlərinə görə, bu zaman kalsium elementi ilə zəngin olan qidaların olması şərti ilə düzgün qidalanma çox vacibdir:

“Kalsium süd məhsullarında, balıq və mal ətində, günəbaxan tumlarında, qoz, fındıq, üzüm, şüyüd, cəfəri, ispanaq, maş, lobya, kələm və digər bu kimi məhsulların tərkibində daha çox olur. Kalsiumun mənimsənilməsi üçün vacib hesab edilən D vitamini isə müxtəlif yarmalarda, məsələn, qarabaşaq yarması, yumurta və yağlı balıqlarda və digər məhsullarda olur.

Onu da deyim ki, hətta ən tarazlaşdırılmış pəhriz qaydalarına əməl edildikdə belə, həyatın müəyyən dövrlərində, yəni sümüklərin aktiv böyüməsi, hamiləlik, laktasiya, menofasilə dövründə əlavə olaraq kalsium preparatları qəbul etmək vacib hesab edilir. Ancan unutmayaq ki, kalsium preparatları yaşa uyğun dozalarda – həkim tərəfindən müəyyən edilir”.

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir