aytac sahed

Səbətdəki “səbəblər” – Aytac Sahəd yazır

Baxış sayı: 897

Bəzən marketə girərkən nə alacağımızı bildiyimiz halda almamalı olduğumuz bir çox şeyləri alıb çıxırıq. Bu vəziyyətin yaranmasında həm bizim büdcə planlamasındakı səhvlərimizin, həm də marketinq hiylələrinin böyük rolu var. Birinci amil haqqında bir söz deyə bilmərəm, çünki bu, individual məsələdir, ancaq ümumi marketinq hiylələri haqqında ən məşhur nümunələrdən danışa bilərəm. Bəlkə gələn dəfəki bazarlığınızda köməyinizə çatar.

Başlayaq elə marketdə olan arabalardan. Çox vaxt bu arabalar həcmcə böyük və trapes formasında olur. Bu da alıcının nə qədər məhsul aldığını doğru şəkildə təyin etməsinə mane olur. Beləcə, səbətin hələ dolmadığını görən alıcı marketdən çıxmağa tələsmir.

Müştəriyə vaxt anlayışını unutdurmaq da məşhur üsullardan biridir. Bu üsul marketlərdən daha çox iri ticarət mərkəzlərində tətbiq olunur. Bir çox hallarda biz belə məkanlarda pəncərə görmürük, pəncərəsizlik havanın qaralmasını, saatın olmaması ilə ümumiyyətlə, zaman anlayışını unutdurur. Beləcə, müştəri zamanın necə keçdiyini bilmədən rahat alış-veriş edir. Rahatlıqdan söz düşmüşkən, marketlərdə eşitdiyimiz musiqi sədaları da buna xidmət edir. Bir növ bizi rahatlaşdırır və bütün diqqətimizi bazarlığa yönəldir.

Araşdırmalara görə, qadınlar kişilərdən daha çox alış-veriş edirlər. Bunu nəzərə alan marketlər kişi və qadın üçün nəzərdə tutulan məhsulları çox vaxt fərqli istiqamdə yerləşdirir. Bu zaman qadınların alış-verişinə mane olan kişilər də “zərərsizləşdirilmiş” olur.

Rəflərdə məhsulların düzülüşü də satış üçün mühüm faktorlardan biridir. Adətən,  ucuz məhsulları rəfin alt və ya üst hissəsində yerləşdirirlər. Alıcı rəfin ortasında satıcıya ən çox gəlir gətirən məhsulları görə bilər, ucuz məhsullar isə çox hallarda rəfin aşağısında və ya üst hissəsində yerləşir.

Uşaqları da unutmayan marketlər  uşaqların göz səviyyəsində onların diqqətini cəlb edəcək qida və oyuncaq məhsulları yerləşdirir. Beləcə, uşaqlar belə məhsulları böyüklərdən daha tez görürlər.

Fikir vermisinizsə, marketlərdə meyvə-tərəvəz bölümü əsasən girişdə olur. Bunun əsas səbəbi bir çox hallarda digər məhsullara nisbətən daha təravətli olan meyvə-tərəvəz vasitəsilə müştəriyə “burada bütün məhsullar yenidir” psixoloji mesajını verməkdir.

Əgər marketdə məhsullar bizim gündəlik tələbatlarımıza əsasən yerləşdirilsəydi, o zaman gündəlik tələbata uyğun olaraq çörək kimi az qala hər gün istehlak edilən ərzaqlar ön sıralarda olardı. Lakin biz çox vaxt bunun əksini görürük. Adətən, çörək rəfləri marketin künclərində, yaxud da əks istiqamətində olur. Beləcə, marketə sadəcə çörək almaq üçün girən müştəri o yolu qət edərək digər məhsulları da görür. Həmin məhsulları alıb-almamaq isə məsələnin ikinci tərəfidir.

Aparılan müşahidələr göstərir ki, müştərilər supermarketə giriş etdikdən sonra ilk olaraq sola baxır və daha sonra sağ tərəfə irəliləyir. Buna görə də alış-veriş səbətləri bir çox hallarda o istiqamətdə qoyulur.

Qiymət nişanlarında tez-tez gördüyümüz “99”lar da öz növbəsində bir mesaj və psixoloji hiylədir. Beyin gördüyü rəqəmin sehrinə aldanaraq yuvarlaqlaşdırma prinsipini unudur. Məsələn, qiyməti “5,99” manat görən müştərinin ağlında altı yox, məhz beş rəqəmi canlanır. “Bir qəpik nəyi dəyişər”  düşüncəsi əslində, ümumi bazarlıq qiymətində çox şeyi dəyişir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir