sac

Saç niyə ağarır və bunun qarşısını almaq olarmı?

Baxış sayı: 711

Kişilərdə saç 30-35, qadınlarda isə bir az daha gec – 40-45 yaşlarında bəyazlaşmağa başlayır. Yaş artdıqca, ağaran saçların sayı da artır. Bu səbəbdən ağ saçlar çox zaman qocalığı təmsil edir. Lakin gənc insanlarda da ağ saçlara rast gəlirik. Bu da olduqca yayğın hadisələrdəndir.

Ağaran saçlarını kompleks edən də var, etməyən də. Məsələyə dövr olaraq yanaşsaq, 20-ci əsrdə bəyaz saçlar tez-tez rənglənsə də, 21-ci əsrdə boz saçların dəbə gəldiyinin şahidiyik. Kişilər çox vaxt ümumiyyətlə, saçlarını rəngləmirlər, bəzi qadınlar isə öz istəkləri ilə boz saçlara üstünlük verirlər. Məsələn, 2015-ci ildə “İnstaqramda “grannyhair” fləşmobu başladı. Bu zaman bir çox xanımlar saçlarını gümüşü rəngə boyadılar. Bu gün də gümüşü saça üstünlük verənlər az deyil. Ancaq yenə də saçlarının ağarmasından narahat olanlar var. Onları düşündürən suallar bunlardır: Saçım niyə ağarır? Bunun qarşısını almağın yolları var?

 

Piqmentin rolu

Trixoloq Aynur Alcanova deyir ki, saçların təbii rəngi melanin piqmentinin növündən asılıdır: “Eumelanin növü saçlara qara və ya qəhvəyi, feomelanin isə narıncı çalar verir. Sarışınlarda piqmentin konsentrasiyası azdır deyə, saçları açıq rəngli görünür. Saçların piqment itirməsi ilə onların quruluşu və xüsusiyyəti də dəyişir. Piqmentsiz saçın məsamələrindəki boşluqlar ağ rəngi yaradır. Piqmentdən məhrum olmuş saçın strukturu məsaməli olur, əmələ gəlmiş hava boşluqları saçlara gümüşü, ağ rəng verir”.

 

Ağarmanın səbəbləri

Trixoloq Gültəkin Abdullayeva bildirir ki, yaşlandıqca saçların istehsal etdiyi piqmentin miqdarı azalır və bu da onların ağarmasına gətirib çıxarır: “Gənc insanların saçı durmadan piqment istehsal edir. Yaşlandıqca bu proses zəifləməyə başlayır və piqment – saça rəng verən maddə əmələ gəlmir. Saçların ağarması melanositlərin piqment istehsaletmə qabiliyyətinin azalmasından xəbər verir. 30-35 yaşlarından sonra saçların bir qisminin ağarması normal haldır”.

 

Trixoloq Cəmilə Əsgərovaya görə də  saç ağarmasının bir sıra səbəbləri var: “Bunlara misal olaraq tirozinaza fermentlərinin aktivliyinin azalması nəticəsində melanosit və trixosit əlaqəsinin pozulmasını, ultrabənövşəyi şüaların mənfi təsirini, kimyəvi maddələri təsirini, iltihab faktorlarını, hüceyrənin genetik aparatının qüsurlu olmasını və s. göstərə bilərik. Digər faktor dəri və saç follikullarında sərbəst radikalların toplanması və antioksidan sisteminin deqradasiyasıdır”.

C.Əsgərova deyir ki, saç hansı rəngdə olsa da, melanosit itirəndə rəngsiz olacaq: “Fərqi yoxdur, saç hansı rəngdə olub. Məsələn, saç qəhvəyi də, açıq sarı da ola bilər. Sadəcə, saç melanosit itirir deyə rəngsiz olur”.

 

Özü cavan, saçı qoca

A.Alcanovanın sözlərinə görə, saçların erkən ağarmasının müəyyən səbəbləri olur: “Erkən saç ağarması melanositlərin aktivliyinin azalması və ya onların məhvi ilə əlaqəli ola bilər. Bununla yanaşı, stress, anemiya, sink, mis, bəzi vitaminlərin azlığı, az zülallı qidalar, saçların davamlı günəş şüasına məruz qalması, siqaret çəkmək melanositlərin funksiyasını pozur və saç vaxtından əvvəl ağarır”.

 

Genetik səbəb

G.Abdullayeva deyir ki, saçlar həm genetik, həm də müəyyən xəstəliklər nəticəsində erkən ağara da bilər: “Vaxtından əvvəl ağarmanın səbəbləri çox hallarda genetikdir. Valideynlərin birində və ya yaxın qohumlarda erkən ağarma olduqda, gələcək nəsildə bu halın olması ehtimalı artır. Orqanizmin bəzi xəstəlikləri var ki, bu zaman saçların ağarması tezləşə bilər”.

 

Erkən “qocalığın” müalicəsi

A.Alcanova bildirir ki, erkən ağaran saçların müalicəsi olmur: ”Sadəcə, ağarmanın sürətini azaltmaq mümkündür. Bir sıra müayinələrdən sonra uyğun müalicə yazılır, düzgün qidalanma və vitamin qəbul edilir”.

C.Əsgərovanın sözlərinə görə, bəzi analizləri verib yaşlanmanın səbəbini müəyyənləşdirib müalicəyə keçmək olar: “Fiziolojidirsə, yaşlanmanın qarşısını ala bilmirik. Əgər erkən yaşda sürətli şəkildə başlayıbsa, araşdırmaq lazımdır. Tiroid, anemiya, qanın ümumi analizi, vitamin əksikliyi, mis yoxlanılmalıdır. Yoxlandıqdan sonra hər hansı bir patologiya müşahidə olunubsa, ona uyğun müalicə tərtib olunmalıdır. Yox, hər şey qaydasında olsa da, saçlar bəyazlaşırsa, demək, irsidir və bunun qarşısını ala bilmərik. Sadəcə, mikroelementlərlə zəngin qidalar qəbul etmək, stressdən uzaq durmaq, vitamin D və sink qəbul etmək lazımdır. Saç follikullarının günəş şüalarının zərərli təsirlərinə məruz qalmasının qarşısını almalıyıq”.

C.Əsgərova deyir ki, hər hansı üsullarla saçın əvvəlki rəngini təbii şəkildə geri qaytarmaq mümkün deyil.

 

Zərif Salmanlı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir