Bakıda yaranan tıxacların bəziləri baş verən qəzalar səbəbindən yaranır. Bu zaman sürücülər hadisədə kimin günahkar olmasını dəqiqləşdirmək məqsədilə avtomobilləri yolun hərəkət hissəsindən kənarlaşdırmırlar. Nəticədə xüsusən intensiv hərəkət olan yollarda tıxac yaranır. Bundan başqa, sürücülərin əksəriyyəti sığorta şirkətlərinin hadisə yerinə gec gəlməsindən də şikayətlənir. Görəsən, qəza zamanı görülən tədbirlər necə olmalıdır?
Məsələ ilə bağlı danışan sığorta eksperti İlkin İbrahimov bildirir ki, sığorta şirkətlərinin hansı müddətdə hadisə yerinə gəlmələri barədə qanunvericilikdə müddəa yoxdur:
“Avtomobil qəzalarında hadisələrin təsdiqi müvafiq dövlət orqanları tərəfindən edilir. Sığorta ödənişinin əsası kimi sığorta şirkətləri 1000 manatdan yuxarı olan məbləğlər üçün mütləq qeyd olunan qurumların arayışlarını istəyir və onun əsasında ödəniş edilir. Hadisə zamanı maşınları yolun ortasında saxlamağa da ehtiyac yoxdur. Çünki hadisə yerinə gələn yol polisi əməkdaşı qəzanı qeydə alırsa, o zaman maşınlar kənara çəkilə bilər. Əgər mübahisə varsa belə təhlükəsiz şəhər kamerasından, videoqeydiyyat və vətəndaşların özlərinin çəkdiyi şəkillər də sübut və baxış üçün istifadə oluna bilir. Qanunvericilikdə sığorta şirkətinin hadisə yerinə gəlməsinin müddəti barədə heç bir müddəa yoxdur. Kasko (könüllü) sığortada müqaviləsi 2 tərəfin iradə ifadə olunduğundan həmin müqavilələr üzrə bununla bağlı nəsə ola bilər. Sığorta şirkətləri hadisə yerinə yalnız özləri dəqiqləşmə üçün gələ bilər. Onların hüquqi prosedur baxımından bu hərəkətləri etməyə qanunvericilikdə tənzimlənmə yoxdur. Bu yalnız məlumat xarakterli ola bilər. Hadisəni təsdiq edən orqan DİN və FHN-dir”.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli isə bildirir ki, qəza törədən avtomobillər yolun hərəkət hissəsindən mütləq kənarlaşdırılmalıdır:
“Sürücülər hadisənin baş verdiyi ərazidə süni sıxlıq və tıxacların yaranmaması üçün hadisə nəticəsində xəsarət görmüş avtomobillərin, həmçinin digər maneələrin foto və video qeydlərini aparmalı və aidiyyatı üzrə polisə məlumat verməlidir. Digər avtomobillərin hərəkətinə çətinlik yaratmamaq üçün nəqliyyat vasitələrini yolun təhlükəsiz hissəsinə-kənarına qəza-durma qaydalarına əməl etməklə aparmalıdırlar. Əgər qəza zamanı şəxsin sağlamlığında xəsarət və ya ölüm halı baş veribsə, bu barədə mütləq qaydada polisə düzgün məlumat verilməlidir. Xəsarət alan şəxsə isə ilkin tibbi yardım göstərilməsini və xəstəxanaya çatdırılmasını təmin etmək hər bir sürücüdən tələb olunur. Əks təqdirdə bu gələcəkdə hadisəni törədən şəxsin məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirilir. Baş verən hadisənin gizlədilməsi isə ən yaxşı halda inzibati məsuliyyətə səbəb olur”.