DERS

Məktəblərdə humanist davranış effekt vermir – nə etməli?

Baxış sayı: 594

Məktəb müqəddəs bir ocaqdır. Məktəb məbəddir. İndi təəssüf ki, bu, nəzəri olaraq belədir.
Nə qədər acı olsa da, praktik olaraq məktəblərin nüfuzunu, təhsilin səviyyəsini istədiyimiz səviyyəyə yüksəldə bilməmişik. Səbəblər çoxdur, nəticədə neqativlər ondan da çoxdur…

Təhsil sahəsinin inkişafı ilə bağlı dövlət tərəfindən hansısa işlər görülmədiyini demək ədalətsizlik olar. Son 10 ildə ciddi proqramlar işlənib, həyata keçirilib, rüşvətxorluq, korrupsiyanın aradan qaldırılması üçün böyük səylər göstərilib. Bunlar tamamilə ayrı məsələlərdir, bu yazıda məktəblərdə tərbiyəvi mühitin heç də qənaətbəxş olmamasından danışacağıq. Çünki indi ən böyük problem kimi bu görünür.

Təhsil bütövlükdə cəmiyyətin məşğul olmalı, inkişafına hər kəsin töhfə verməli olduğu sistemdir.
Uzun illərdir müşahidə etdiyim bir məsələ var: məktəblərlə bağlı humanist siyasət yürüdülür. Təxminən belə rəy yaranır ki, “pis şagird yoxdur, lap varsa da, sonadək onun nazı ilə oynamalıyıq”. Haradasa razıyam, məktəb, müəllim şagirdin tərbiyəli olması üçün maksimum çalışmalıdır, bütün pedaqoji vasitələrə əl atmalıdır.
Ancaq o da faktdır ki, heç bir metodla tərbiyələndirmək mümkün olmayan uşaqlar var. Çünki o uşağın məktəbdən kənar mühiti bərbaddır. Eybəcər mühitdə aldıqlarını məktəbdə də bölüşür…

Etiraf edək ki, bütövlükdə cəmiyyətimizdə davranış mədəniyyətində, tərzlərdə böyük problemlər var. Sağlam cəmiyyət formalaşmayana qədər bunun təsirlərini, inikasını məktəblərdə də təbii olaraq görəcəyik. Ancaq məktəb bu cür anormal davranışların ilk son qoyulduğu, minimuma endirilməsi əşhədü-vacib olan sistemdir.

Əgər məktəblərdə vəziyyəti düzəldə bilsək, gələcəkdə cəmiyyətin sağlamlaşdırılmasına da nail ola biləcəyik. Bir müddət öncə məktəbdə baş verən bir hadisənin videosu yayıldı. 165 saylı məktəbdə çəkilmiş bir videoya hamımız baxdıq. Mən hətta baxarkən sarsıntı keçirdim! Partanın üstünə ayağını qoyan kim, müəllimin arxasında anormal hərəkətlər edən kim, yazı lövhəsinin üstündən hoppanan kim… Və müəllim susqunluqla hansısa bir yazı yoxlayır, jurnal yazır, dinmir, reaksiya vermir…

esas.jpg (159 KB)

Əlbəttə, müəllim bu mühiti aradan qaldırmaq üçün bütün vasitələrə əl atmalı, lazım gəldikdə hüquq-mühafizə orqanlarına da məlumat verməlidir. Ancaq gəlin görək, müəllim, belə mühitdə bu addımları atsa, onun özünə münasibət necə olacaq? Partanın üstünə kriminalların adlarını yazmış şagirdlə bacarmaq asandırmı?..
Müəllim aciz durumda qalıb. Təbii, qeyd etdiyimiz kimi, pedaqoq bu situasiyada nə etmək lazımdır, onu müəyyənləşdirməlidir, gərəkən addımları atmalıdır. Ancaq bunun üçün gərək bir formalaşmış ənənə, baza, normalar müəyyən edilsin. İndiki şərtlərlə, prinsiplərlə çox çətindir.
Birmənalı, döymək, vurmaq, zorakı üsullar da yolverilməzdir! Ancaq mövcud qaydalar, yanaşmalar davam etdikcə, vəziyyət daha da ağırlaşacaq. Əmin olun ki, o videodakından daha betər hadisələr baş verir məktəblərdə. Bu günlərdə facebookda ictimai fəal xanımlardan biri bəzi məktəblərin tualetlərində yuxarı sinif şagirdlərinin biabırçı əməlləri olmasından bəhs etmişdi…

Hamımız narahatıq, hamımız gələcəyimiz üçün təlaşlıyıq. Həyəcan təbilidir son yayılan video! Məktəblərdə tərbiyəvi mühiti yaxşılaşdırmaq üçün təcili tədbirlər görülməlidir. Mütəxəssislər bunun yollarını tapmalıdır. Məktəblərin hamısını kameralarla təchiz etmək, maarifləndirici tədbirlər həyata keçirmək, rüşvəti aradan qaldırmaq, valideyn-məktəb körpüsü qurmaq, müəllim adını uca tutmayanlarla vidalaşmaq və s. təkliflər var.

Ümumilikdə hamısı ilə razıyam, ancaq keçmiş pedaqoq və cəmiyyətşünas kimi gəldiyim bir qənaət var: məktəblərdə humanist davranış da effekt vermir! Necə ki, cəmiyyətə aşırı humanizm verdikdə fəsadları olur, məktəb də o cür.

Etiraf edək ki, cəmiyyətimizdəki kriminallaşma bəzi yeniyetmələrə də sirayət edib. Onların normala dönməsi ağır bir işdir. Fakt bundan ibarətdir ki, problemli, kriminal mühitdə, anormal ailələrdə böyüyən uşaqlar bütünlüklə məktəbi təngə gətirir, əxlaqlı, oxumaq istəyən şagirdlərin də təhsil almasına mane olurlar. Xüsusilə qızlar üçün böyük problemlər yaradırlar. Məktəblərə, nazirliyə səlahiyyət verilməlidir ki, problemli, müəllimə, məktəbə, sinif yoldaşlarına hörmətsizlik edən, tədrisə mane olan və bütün görülən tədbirlərə baxmayaraq normal davranış göstərməyən şagirdlər ümumtəhsil müəssisələrindən uzaqlaşdırılsınlar.
Əlbəttə, onları küçələrə də buraxmaq olmaz! Daha pis nəticələr əldə edərik. Yalnız adekvat tədbirlər görülməlidir. Dünyada bununla bağlı təcrübələr var.

mekteb
Tərbiyəvi mühitə, tədrisə problemlər yaradanları məcburi qaydada, çətin tərbiyə olunan uşaqlar üçün müəssisələrin sayını artırıb, ora yerləşdirmək, peşə, müxtəlif sənətlər öyrətmək lazımdır.

Zatən o uşaqlar oxumur, ali məktəbə daxil olmayacaq. Barı bir sənət öyrənsilər, məktəbə, oxumaq istəyənlərə də əngəl olmasınlar, həm də adekvat üsullarla tərbiyə olunsunlar. Həmin müəssisələrdə onlarla müvafiq dövlət qurumları, QHT-lər mütəmadi görüşməli, maarifləndirməli, tərbiyəsinə kömək göstərməlidir. Bu duruma gəlmələrinə səbəb olan mühiti də araşdırmalı, gərəkərsə ailəsi ilə də iş aparılmalıdır.

9-cu sinifdən sonra ümumtəhsil məktəbləri yalnız oxumaq istəyənlər üçün olmalıdır. Humanizm heç də həmişə keçərli, lazımlı, effektiv deyil! Əgər sağlam cəmiyyət, normal mühit, kriminaldan, narkotikdən uzaq gənclik istəyiriksə, mütləq sərt, adekvat qaydalar da tətbiq etməliyik. Cəmiyyət heç bir halda özbaşına tərbiyə olmur.
Məsələn, Avropanın inkişaf tarixinə baxanda görürük ki, sivil davranışlar, yaxşı ənənələr ilkində həm də sərt qaydaların tətbiqinin nəticəsidir…

 

Elşad Məmmədli




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir