aile

“Ailə münaqişəsidir, polis qarışa bilməz” qalmaqalı, yaxud qanlı izlərlə

Baxış sayı: 687
Yenə qadın qətli. Fəaliyyətsizlikdə günahlandırılan polis əməkdaşları. Bu dəfə qadınla bərabər övladları da qətlə yetirilib. Hadisə fevralın 20-də paytaxtın Nizami rayonu ərazisində baş verib. Gülnar Qaraxanova və iki azyaşlı övladı yaşadıqları evdə qətlə yetirilib. Bu barədə sosial şəbəkələrdə yayılmış məlumata görə isə hadisə baş verən gün qonşular yaranmış hay-küyə görə polis çağırıblar. Polis qapını döysə də, açan olmayıb və bu zaman hüquq-mühafizə orqanının əməkdaşları “şəxsi məsələləridir, bizim qarışmaq hüququmuz yoxdur, siz də qarışmayın”, – deyərək oranı tərk ediblər.Bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov mətbuatın sorğusuna cavab olaraq bildirib ki, xidməti yoxlama zamanı polis əməkdaşlarının hər hansı fəaliyyətsizliyi, yaxud səhlənkarlığı ilə əlaqəli hansısa məqam üzə çıxarsa, dərhal müvafiq qaydada tədbir görüləcək: “Sosial şəbəkələrdə yayılmış iddialar hələlik təsdiqini tapmayıb. Bir nüansı nəzərə almaq lazımdır ki, cinayəti törədən mərhumların yaxın qohumudur, daim gediş-gəlişi olan, ailənin bir üzvü kimi yaxın şəxsdir”.

DİN-dən o da qeyd olunub ki, cinayət tamahkarlıq məqsədilə törədilib, hər hansı ailə münaqişəsi olmayıb: “Qətli törətməkdə şübhəli bilinən Əhəd Əliyev polis əməkdaşları tərəfindən keçirilən intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. İlkin məlumata görə, qətlə yetirilən G.Qaraxanovanın bacısının əri olan Əhəd Əliyev cinayəti tamah məqsədi ilə törədib. Həmin şəxsin evdən apardığı pulun bir hissəsi olan 20 min manat da ondan dəlil kimi aşkar edilərək götürülüb”.

Doğrudur, hələlik bu məsələdə nə polis əməkdaşının fəaliyyətsizliyi sübut olunub, nə də cinayətin ailədaxili münaqişə zəminində baş verdiyi. Lakin bir sıra hallarda qadın qətllərindən danışarkən polisin fəaliyyətsizliyi və ya yanlış yanaşması tənqid olunur. Elə sözügedən cinayətin özündə də polisin qapıyacan gəldiyi halda, müdaxilə etmədən geri getməsi barədə iddialar var və bu, polisin belə məsələlərdə fəaliyyətini bir daha şübhə altına salmış olur. Bu kimi hallarda belə bir təəssürat yaranır ki, ya qanunla polisin ailə münaqişələrinə, qadınların kişilər tərəfindən psixoloji, fiziki şiddətə, təzyiqə məruz qalması barədə müraciətlərinə müdaxilə etmək səlahiyyəti yoxdur, ya da deyildiyi kimi sadəcə polis əməkdaşları bu cür hallarda fəaliyyət göstərməkdə maraqlı olmurlar.

Bəs qanunla polisin ailədaxili münaqişələrə hansı formada müdaxilə etmək hüququ var? Hüquq-mühafizə orqanının əməkdaşları onlara müraciət etmiş qadının təhülkəsizliyini necə təmin etməlidirlər? Bu və digər suallara ekspertlərlə aydınlıq gətirməyə çalışdıq.

Vəkil İradə Cavadova söyləyir ki, polisin münaqişə olduğu təqdirdə müdaxilə etmək üçün tam səlahiyyətləri var: “Bəs polis nə üçün var? Təəssüf ki, bizim bütün bəlalarımız elə buradan başlayır ki, hüquq-mühafizə orqanları ailə münaqişəsinə qarışmaq istəmir. Ər-arvad davalarında “gedin, barışın” deməklə “ağsaqqallıq” edirlər. Bu, düzgün mövqe deyil. Hüquq-mühafizə orqanlarının işi ondan ibarətdir ki, hansısa münaqişə olduğunda müdaxilə etsin”.

Həmsöhbətimiz münaqişəli ailələrin nəzarətə götürülməli olduğunu hesab edir: “Hansısa problemin olub-olmamasına görə onlardan ara-sıra izahat alınmalıdır. Ailədə şiddət, təzyiq olub-olmadığı ilə maraqlanılmalıdır. Təəssüf ki, bu, bizdə yoxdur. “Uçaskovu” bilir ki, məsələn, bu ailə münaqişəli ailədir. Amma onları nəzarətə götürmək, həftədə, ayda bir dəfə yoxlamaq, qadın və uşaqlardan vəziyyəti soruşmaq, ailə ilə maraqlanmaq yoxdur”.

“Hüquq-mühafizə orqanlarında yetkinlik yaşına çatmayan uşaqlarla məşğul olan əməkdaşlar var. Onlar uşaqlarla işləməli, psixoloq söhbətlər aparmalıdır. Bunlar çox vacibdir. Xarici ölkələrdə, məsələn, qonşu polisə xəbər verəndə ki, burada uşağı incidirlər, uşaq ağlayır, bu zaman hüquq-mühafizə orqanının əməkdaşları gedib həmin ailəni sorğu-sual edə, lazım gəlsə, cərimələyə bilir. Təəssüf ki, bizim praktikada belə deyil”, – deyə vəkil bildirib.

Onun fikrincə, qanunda hər şey qaydasında olsa da, problemə yanaşmada yanlışlıq var: “Qətllərin sayı həddindən artıq çoxalıb. Qadınlar polisə bir neçə dəfə müraciət edirlər, amma kişiyə qarşı heç bir ölçü götürülmür. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin müdaxilə etməyə səlahiyyətləri yoxdur. Ona görə də belə özbaşınalıqlar baş alıb gedir. Qanunda “ər-arvad münaqişəsinə polis qarışa bilməz” deyə bir şey yazılmayıb. “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunda birbaşa göstərilir ki, əgər ailə üzvlərindən hansınasa (ər, qayın, qaynata, qaynana) şiddət göstərilirsə, müvəqqəti order verilməli, onlar müvəqqəti uzaqlaşdırılmalı, onlarla söhbət aparılmalıdır. Əslində qanunda hər şey çox gözəl göstərilib. Sadəcə sovet dönəmindən qalan təfəkkür var ki, ailə münaqişəsinə polis qarışa bilməz. Bəs öləndən sonra kim məsuliyyət daşıyır? Mən hesab edirəm, ailədaxili münaqişələrə müdaxilə etməyən polis əməkdaşları cəzasını tapmayana kimi bu problem davam edəcək”.

Bir sıra hallarda qadının polisə müraciət etməsindən sonra qarşı tərəfin aqressivləşməsi və qadının qətlə yetirilməsi hallarına münasibət bildirən Cavadova polisin bu məqamda düzgün yanaşma qoymadığını qeyd edi: “Qadının müraciəti əsasında ölçü götürülmədiyi kimi, hətta kişiyə deyirlər ki, arvadın səndən şikayətçi olub. Ən azından sadəcə belə bir məlumat daxil olduğunu deyə bilərlər. Kişiyə bildirməklə onu aqressivləşdirirlər. Çünki yanaşma düzgün deyil. Kişiyə “sənin arvadın səndən şikayət edib” deməkləri vacib deyil. Şikayət məxfi saxlanılmalıdır. Polislər qadına bir qədər doğma yanaşmalıdırlar. Bildirməlidirlər ki, şiddət göstərəndə zəng et, bizi məlumatlandır. Yerindəcə əməliyyat tədbiri keçirməlidirlər. Necə ki, bunu narkotik vasitələrlə bağlı və s. edirlər. Amma qadına qarşı münasibətdə bunu etməkdə maraqlı olmurlar”.

“Keçən il mənə bir qadın müraciət etmişdi. Qadın münasibətdə olduğu kişidən ayrılmaq istəyirdi. Lakin kişi qadının iş yerinəcən gedir, uşaqlarına təzyiq göstərirdi. Qadın dəfələrlə polisə müraciət etmişdi. Həmin xanıma kömək etdim, ərizə də yazdıq. Hüquq-mühafizə orqanı həmin kişiyə “gözünün üstündə qaşın var” demədi. Kişi də imkanlı adam idi. “Lotuluq” edirdi. “O nə deməkdir ayrılıb, ayrılmamalıdır. Gözünü çıxararam” deyirdi. Qadının müraciət etmədiyi yer qalmadı. Lakin nəticə olmadı. Qadın qorxa-qorxa qalmışdı, psixoloji işgəncə çəkirdi. Lakin polis qətiyyən bir ölçü götürə bilmədi, götürmədi”, – deyə müsahibimiz vurğulayıb.

“Qadın polisə müraciət edirsə, təhülkəsizliyindən necə əmin olmalıdır?” sualına isə vəkilin cavabı belə oldu: “Polis müraciət edən qadını yönəltməlidir ki, icra hakimiyyətinə gedib ərizə ilə müraciət etsin, mühafizə orderi götürsün. Kişini çağırmalı, onunla danışmalıdırlar. Narkotik istifadəçisi olub-olmaması, psixoloji durumu yoxlanılmalıdır. Təəssüf ki, polislər münaqişədə həmişə kişi tərəfin yanında dayanırlar, qadının deyil. Qadınlar yazıqdırlar, çox əziyyət çəkirlər. Hesab edirəm ki, bu addımlar mütləq atılmalıdır. Qanun da buna bir maneə yaratmır. Əgər şikayət varsa, polisin hərtərəfli araşdırmaq borcudur. İstəyəndə qanunu elə də, belə də fırladırlar. Kimisə tutmaq, cəzalandırmaq lazım olanda heç ağıla gəlməyən elə qəşəng maddələr tapırlar ki! Lazımlı şeylərdə isə bunu görmürük. Qanun hamı üçün eynidir”.

Keçmiş polis rəisi Mahmud Hacıyev isə düşünür ki, sözügedən qətl hadisəsində polisin müdaxilə etmədən qapıdan qayıtması inandırıcı deyil: “Dəqiqləşdirmək lazımdır. Ola bilməz ki, polis gəlsin, qapıdan qayıtsın! Dava-dalaş düşübsə, səs-küy varsa, mütləq polis qapını döyür, maraqlanır. Gəlibsə, “ailə münaqişəsidir, müdaxilə edə bilmərik” deyib getməsi inandırıcı deyil. Nə olsun ailə münaqişəsidir?! Polis hadisə yerinə gedibsə, hökmən müdaxilə edir”.

Sabiq rəis qadın qətllərində polisin fəaliyyətsizliyi ilə bağlı səsləndirilən iddialarla razılaşmır: ““Polis qarışmır, qadınlar qətlə yetirilir” yanaşması düzgün deyil. İnsan faktoru varsa, cinayətin də olması normaldır. Hər kəs öz subyektiv fikrini irəli sürür. Mən hesab edirəm ki, bu, o qədər də düzgün yanaşma deyil. Polis kifayət qədər müdaxilə də edir, mübarizə də aparırır. Polis falçı, ekstrasens deyil ki, harada nə hadisə baş verə bilərsə, əvvəlcədən bilsin, gedib orada olsun”.

“Əvvəlcədən heç kim heç nəyi proqnozlaşdıra bilməz. Polisə müraciət olanda mütləq araşdırılır. Çalışırlar ki, barışdırsınlar, ərlə arvad arasında konflikt düşməsin. Hamı barışdırıcı mövqe tutmağı istəyir, o cümlədən də polis. Polis də əvvəlcədən bilmir ki, bu davanın sonu nə ola bilər”, – deyə Hacıyev fikrini yekunlaşdırıb.

 

Aləmdə Nəsib




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir