ders

Ənənəvi təhsil sisteminin yaradıcılığa təsiri

Baxış sayı: 660

Valideynlər uşaqların oyuncaqlarını qırdıqlarını görəndə əsəbləşirlər. Əlbəttə, özlərinə görə haqlı səbəbləri var. Pul verib aldıqları və oynamaq üçün olan bir əşyanı uşaq niyə qəsdən qırsın ki? Pedaqoqlar əksər uşaqlarda bu davranışın maraqdan, öyrənmək istəyindən yarandığını deyirlər. Uşaqlar çox vaxt əllərindəki oyuncağın mexanizmini, necə qurulduğunu, necə çalışdığını anlamaq üçün onu sökürlər. Uşaqlıqdan insanın öyrənmə üsulu maraq üzərində qurulur və maraq insana dünyanı anlamağı, kəşf etməyi, yeni biliklər qazanmağı və onları tətbiq etməyi öyrədir. Böyüdükcə isə dünyaya və dünya elmlərini öyrənməyə olan marağımızı yavaş-yavaş itiririk. Bu marağı qoruyan və bəsləyən insanlar çox azsaydadırlar. Deyə bilərik ki, onların çoxu elm adamıdır.

 

Bəs necə olur ki, böyüdükcə öyrənməyə marağımızı itiririk?

Uşaqlıqdan maraqlı və rəngarəng dünyanı öz üsullarımızla, əylənərək öyrənirik və bunun fərqində olmuruq. O gün ki parta arxasına keçib nizam-intizamı öyrənməyə başlayırıq və qarşımızda dayanan müəllim bizə hansısa bilikləri diktə etməyə başlayır, öyrənməyə maraq da o nöqtədə yavaş-yavaş sönür.

Hamı üçün belə olmasa da, bir çox uşağın rəngarəng dünyası birdən-birə qəfəsə salınmış və məcburi diktəylə öyrənmə üsuluna yönləndirilmiş olur. Bu da içimizdəki uşaq həyəcanını get-gedə azaldır. Elə bu səbəbdən də pedaqoqlar bir çox hallarda ənənəvi təhsil sisteminin uşaqların həqiqi potensialını üzə çıxarmağa mane olduğunu iddia edirlər.

Uşaqlar davamlı olaraq biliyə yiyələnir, amma aldıqları bilikləri real həyatda yox, yalnız kağız üstündə tətbiq etdikləri üçün öyrənmə prosesi maraqsız hala gəlir. Ənənəvi təhsil uşaqlara heç nə öyrətmir, deyə bilmərik. Bu, təhsilə və təhsil işçilərinə qarşı haqsızlıq olardı. Amma uşaqların böyüdükcə maraqları və yaradıcılıqlarını itirdikləri məlumdur. Əgər təhsil sistemi insanın ən önəmli xüsusiyyətləri olan maraq və yaradıcılığı qoruyub saxlaya bilmirsə, o zaman sistemdə bir problem olduğunu deməyə haqqımız var. Çünki bu xüsusiyyətlər bizim özümüzü xatırlamağımızda, həyatı mənalı yaşamağımızda, cəmiyyətə və elmə töhfə verə bilməyimizdə baş rol oynayan əsas amillərdir. Bunu NASA rəsmiləri deyir.

NASA, elm adamlarından alim və mühəndislərinin yaradıcılıq potensialını dəqiq ölçəcək xüsusi test hazırlamaqlarını istəyib. Bu işi öhdəsinə götürən Dr. George Land və Beth Jarmanın hazırladıqları test NASA üçün çox yaxşı nəticələr verir. Testi hazırlayan elm adamları işi daha da geniş araşdırmağa başlayırlar. Onları maraqlandıran isə yaradıcılığın nədən qaynaqlanması məsələsi idi.

 

Yaradıcılıq insanın fitrətində var, yoxsa sonradan öyrənilə bilərmi? Onu təcrübəylə qazanmaq mümkündür?

Bu sualların cavablarını tapmaq üçün testi təkcə NASA əməkdaşlarının yox, başqa insanların üzərində də yoxlamağa başlayırlar. Nəticələr isə alimləri çox təəccübləndirir. Əvvəl 4-5 yaşlı 1600 uşaq həmin testdən keçirilir. Bu test problemlərə yeni, fərqli və yaradıcı ideyalarla yanaşma bacarığını ölçür. Qəribədir ki, testdən keçən uşaqların 98 faizi təxəyyül baxımından “dahi” kateqoriyasına uyğun gəlir. Alimlər testin üzərində işləyir və həmin uşaqları 5 il sonra, 10 yaşında ikən yenidən sınaqdan keçirdilər. Bu dəfə uşaqların yalnız 30 faizi həmin kateqoriyaya daxil ola bilirlər. Onlar 15 yaşına çatanda testdə bu nisbət 12 faizə qədər azalır. Təəssüf ki, illərlə davam edən təhsil həyatından sonra hər yüz yetkin insandan da cəmi 2 faizi öz təxəyyülündən istifadə edə bilir.

Araşdırma haqqında məqalə yazan Gavin Nascimento, “Bu nəticələrin ardıcıllığına şübhə edirsinizsə və ya istisnalar olduğunu düşünürsünüzsə, bilin ki, bunlar əslində, bir milyondan çox təkrarlanan nəticədir”, – deyir. O, iddia edir ki, təhsil sistemi və məktəblərimiz içimizdəki yaradıcı dühanı öldürür. Bu fikrinə kitabında aydınlıq gətirən Nascimento yazır: “Bunun arxasında duran məntiqi başa düşmək çətin deyil. Qısaca məktəb dediyimiz struktur tarix boyu sadə insanların deyil, idarəetmədə olan insanların mənafeyinə xidmət etmək üçün qurulmuş bir sistemdir. Elita adlanan təbəqə öz dəbdəbəli və göstərişli həyatlarını yaşaya bilsinlər deyə camaatın uşaqları axmaqlaşdırır, onların beyinlərini yuyaraq öz acgöz planlarını, bitmək bilməyən istismarlarını və müharibələrini qəbul edirdilər”.

Təəssüf ki, bütün bunları bilmək qəlbimizi rahatlatmayacaq. Necə edək ki, öz yaradıcı tərəfimizi, xüsusiyyətlərimizi, təxəyyülümüzlə problem həll etmək bacarığımızı geri qazanaq? Necə edək ki, uşaqların da böyüdükcə yaradıcılıqlarını itirmələrinə mane olaq?

Alim George Land deyir ki, istəsək, təxəyyülümüzü yenidən 98 faizə çatdıra bilərik. O, uşaqlarla aparılan araşdırmalardan belə nəticəyə gəlib ki, beynin iki cür düşünmə tərzi var. Hər ikisi beynin müxtəlif hissələrini aktivləşdirir və düşündüyümüzü təsəvvürümüzdə canlandırmaq baxımından bir-birindən tamamilə fərqlənir.

Onlardan biri fərqli düşüncə adlanır. Bu, sizin təsəvvürünüzdür və o, yeni imkanlar yaratmaq üçün istifadə olunur. Digəri konvergent, yaxud yaxın düşüncə adlanır və beyniniz qərar qəbul edərkən, nəyisə sınaqdan keçirərkən, düşünərkən və ya qiymətləndirərkən ondan istifadə edir.

Land deyir ki, həyatımız boyu daima düşüncə, qayğı, tənqid, özümüzə senzura tətbiq etməkdən neyronların bir-biri ilə savaşdığını və bunun da beynin gücünü tükəndiyini görürük. Qorxu içində hərəkət edərkən beynimizin kiçik bir hissəsini istifadə edirik, lakin yaradıcı düşüncədən istifadə etdikdə beyin öz-özünə parlamağa başlayır.

İçimizdəki beş yaşlı uşağı yenidən ortaya çıxarmalıyıq. Beş yaşında sahib olduğumuz istedad heç vaxt sönmür. Landa görə, biz onsuz da bunu hər gün yuxuda edirik. Yuxu görmək, təxəyyül sahibi olduğumuzun sübutdur.

Alim məktəbdə bizə öyrədilən düşüncə tərzinin yaradıcı düşüncə tərzimizin pedalına çevrildiyini deyir. Biz nə vaxt yaradıcı düşüncə ilə, təxəyyülümüzlə hərəkət etmək istəsək, qınaqdan və ətrafın təzyiqindən qorxan digər düşüncə tərzimiz bunu üstələyir. Bu da yaradıcılığımızın paslanıb unudulmasına səbəb olur.

Bunun əyani sübutunu dünya üçün böyük işlər görmüş insanların həyatına baxanda da görə bilərik. Onların bir çoxu vaxtilə qınaq obyekti olmuş, ciddi qəbul edilməmiş şəxslərdir. Bu insanların ən böyük gücü isə ətrafın fikirlərinə və mühakimələrinə rəğmən, öz təxəyyüllərinin, yaradıcı güclərinin fərqinə varıb onların apardığı yolla getmələri olub.

 

Natəvan Abdulla




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir