intihar

Niyə kişilər daha çox intihar edir? – EKSPERTLƏR DNIŞIRLAR

Baxış sayı: 708

2021-ci ildə Azərbaycanda qeydə alınan intihar faktlarının sayı açıqlanıb. Nazirlər Kabinetinin 2021-ci il üçün hesabatında məlumat yer alıb. Sənəddə Azərbaycanda 612 nəfərin özünə qəsd etdiyi bildirilib. Qeyd olunub ki, intihar hadisələrinin 438-i kişi, 147-si isə qadın tərəfindən törədilib. Niyə kişilər daha çox intihar edir? Psixoloji səbəbləri nədir? Ailənin əsas yükü onların üzərindədir o səbəbdənmi?

Araşdırmalar da onu göstərir ki, dünyada daha çox qadınlar depressiyadan əziyyət çəkir, daha çox onlar intihara meylli olurlar. Lakin intihar edənlərin çoxu kişilər olur. “Kişilər daha çox nədən əzab çəkir” sualına gəldikdə isə mütəxəssislər qeyd edir ki, bunun müxtəlif səbəbləri var. İlk səbəblərdən biri işsizlik səviyyəsinin artmasıdır. Yeni iş yeri tapmaq, pulsuzluq, bundan qaynaqlanan problemlər, ailə məsuliyyəti kişilərin psixoloji problemlərini dərinləşdirir, ovqatına təsir edir, şəxsiyyət böhranı yaradır.

Səbəblərdən biri kimi zərərli vərdişlərdən asılılıq qeyd olunur. Məlum məsələdir ki, kişilər depressiya, psixoloji problem vəziyyətində daha çox alkoqol və yaxud narkotik qəbul etməyə meylli olurlar ki, sonradan bu cür faktorlar intihara gətirib çıxara bilir. Daha bir səbəb, kişilər yaşadıqları problem və çətinlikləri barədə çox hallarda yaxınlarına, dostlarına bildirir, psixoloji yardım, həkim dəstəyi alırlar.

ELNUR RÜSTƏMOV - GÜVƏNSİZLİK - YouTube

Mövzu ilə bağlı psixoloq Elnur Rüstəmov aşağıdakıları dedi: “Bütün dünyada statistika belədir ki, daha çox kişilər intihar edirlər. Lakin statistika həm də onu göstərir ki, qadınlar kişilərə nisbətən 4 dəfə çox intihara cəhd edir. Bunun intiharla  nəticələnməsi kişilərdə daha çoxdur. Yəni kişilər intihara cəhd edəndə bunu daha çox ölmək məqsədilə edirlər. Qadınlar isə daha çox diqqəti özünün mövcud problemlərinə cəlb etmək üçün bu addıma əl atır. Beləliklə, araşdırmalar da onu göstərir ki, əgər 100 kişi intihara cəhd edirsə, onun 90-ı, qadınlarda isə 20-30-u intiharla nəticələnir.

Niyə kişilər intihar edir? Əlbəttə ki, bunun bir çox səbəbləri var. Bu səbəblərə daxildir  insanın fərdi psixoloji narahatlığı, ailə və özü ilə və yaxud sosial mühitlə bağlı problemlər. Bura genetik faktorlar da daxildir.  Məsələn, araşdıranda görürük ki, intihar edənlərin nə vaxtsa əmisi, dayısı, xalası və yaxud digər yaxın qohumu intihar edib. Bu cür insanlar intihara meylli olur və onlara “suisid insanlar” deyilir. “Suisid insanlar” yaşam boyu bir neçə dəfə intihara cəhd edirlər.

Son vaxtların araşdırmaları isə onu göstərir ki, zərərli vərdişlərdən asılı olan insanlarda intihar hissi yüksəkdir, yəni onların intihar etmə riski daha çoxdur.

Səbəblərdən biri də, qeyd etdiyim kimi, günümüzdə olan psixoloji nahatlıqlardır. Məsələn, müasir dövrün yaşam şərtləri. Bu günün yaşam şərtləri 20-30 il bundan əvvəlki şərtlərlə eyni deyil, həyat tərzi sürətlidir və insanlar buna uyğunlaşmaqda çətinlik çəkir ki, bu da onların psixologiyasına təsir göstərir”.

Psixoloq qeyd etdi ki, kişilərin böyük əksəriyyəti öz sağlamlıqları, psixoloji vəziyyətlərinə biganə yanaşırlar ki, bu da sonradan mənfi təsirlərini göstərir: “Dünyanın hər yerində belədir, psixoloqa  müraciət edənlər daha çox qadınlardır, nəinki kişilər. Psixoloqa müraciət edənlərin bir qismi də xanımının tövsiyəsi ilə bu addımı atır. Yəni kişilər psixoloqa getməyə, psixoloq məsləhəti almağa o qədər də tolerant  yanaşmır, düşünülər ki, bu onlara heç bir köməklik edə bilməz. Və yaxud psixoloqla psixiatrı qarışdırırlar. Hətta qadınlara nisbətdə kişilər daha az həkimə müraciət edirlər və əksəriyyəti də qadınların tövsiyəsi ilə baş tutur. Ümumiyyətlə, kişilər özlərinə qarşı biganə yanaşırlar, istər sağlamlıq, istərsə də psixoloji olsun. Qadınlar isə bu məsələlərdə daha həssasdırlar. Onlar daha həvəslə psixoloqa, həkimə müraciət edir, dəstək almaqda daha rahatdırlar”.

Toyların olmaması əhalinin demoqrafik artımına mənfi təsir edəcək – SOSİOLOQLAR NARAHATDIR (MÜSAHİBƏ) - Günün Səsi

Sosioloq Üzeyir Şəfiyev isə qeyd etdi ki,  ümumiyyətlə, intihar xəbərlərinin mətbuatda, mediada geniş yer alması məqbul deyil: “Çünki bu, intiharların artmasına səbəb olur. Yəni intihar informasiyalarının təsir gücü var. Əfsus ki, Avropadan fərqli olaraq Azərbaycanda intihar xəbərləri çox açıq şəkildə verilir, hətta şəxsin hansı üsulla, nədən istifadə edərək intihar etdiyi verilir. Bu, həm etik deyil, həm də həssas insanlara təsir edir. Bəziləri hətta yadda qalmaq üçün buna meyllənirlər.

Araşdıranda görürük ki, intihar səbəbləri müxtəlif olur. Sovet dövründə qeyd olunurdu ki, daha çox psixi xəstələr, alkoqol və narkotik vasitələrdən asılı olanlar intihara meylli olur. Lakin sonrakı araşdırmalar onu göstərdi ki, nəinki alkoqol və narkotik istifadəçiləri, psixi xəstələr, hətta kifayət qədər ciddi fəaliyyət sahəsində çalışanlar da buna əl atır.

Bütün hallarda intiharlar insan çıxılmaz vəziyyətə düşdükdə və çıxış yolu tapa bilmədikdə baş verir. Bəli, qadınlar daha çox intihara cəhd edir, amma kişilərin intiharı daha real olur. Yəni qadınlar daha çox şantaj etmək, təsir göstərmək üçün intihara əl atırsa, kişilər bunu müvafiq olaraq həyata keçirirlər. Hesab edirəm ki, iradəli və şüurlu yanaşma heç vaxt intihara yol açmaz.

Ümumiyyətlə, dinimizdə də intihar qəbahət sayılır və yasaq edilir, pislənilir, günah sayılır”.

 

Xalidə GƏRAY




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir