Aprelin 2-də 11 ayın sultanı müqəddəs Ramazan ayı başlayır. Müsəlmanlar bu ayda oruc tutmağa niyyətlənirlər. Oruc tutmaq bir ibadət sayılırsa, Allahın bizə əmanət etdiyi orqanizmi qorumaq da mütləqdir.
Xəstəliyi olan şəxslər oruc tuta bilərmi? Sağlam qidalanmaq üçün nələrə əməl etmək lazımdır? Xüsusilə də pandemiya dövründə immun sistemi zəifləyir. Belə halda orqanizmimizi necə qorumalıyıq?
Mövzu ilə bağlı uzman dietoloq İlqar Şamilov bildirir ki, orucluq ərəfəsində düzgün qidalanmamaq orqanizmdə müxtəlif fəsadlar yarada bilər: “İmmun sistemimiz möhkəm olarsa, balanslı qidalansaq, xəstəliklər üçün şərait yaranmaz. Qidalarımızda həm mikro, həm də makro elementlər olmalıdır. Balanslı qidalanmaq və su istifadəsinə diqqət edilərsə, orqanizmin zəifləməsindən söhbət gedə bilməz. Ürək, qan-damar xəstəlikləri olan, dərman qəbul edən xəstələrə oruc tutmağı məsləhət görmürük.
Ramazanda əsas iki qida qəbulu vaxtı var. Orucluq ayında insanların ən böyük səhvi sahur vaxtı qida qəbul etməmək, yaxud yüngül qidalarla kifayətlənməkdir. Sahur vaxtı tox saxlayan qidalar qəbul etmək lazımdır ki, gün ərzində yorğunluq və aclıq hissi olmasın. Zülallı məhsullardan yumurta, qoz, fındıq, badam, şirin çay əvəzinə bitki çayları, süd məhsullarından pendir, kəsmik, karbohidrat məhsullarından tam buğda və ya tam taxıl məhsullardan istifadə etmək lazımdır ki, qan şəkəri ani yüksəlməsin və gün ərzində toxluq hissi olsun.
Sahuru bitirdikdən sonra ən azı 2-3 stəkan su istifadə etmək lazımdır. Sahur bitənə qədər yemək yeməkdənsə, 15 dəqiqə əvvəl bitirib aram-aram su istifadə etmək gün ərzində çox da susamamağınıza şərait yaradacaq.
İftarda isə daha diqqətli davranmalıyıq. Uzun müddət qida qəbul etməyən orqanizmimizə birdən-birə qida yükləmək fəsadlar yarada bilər. Əvvəlcə su və xurma ilə orucu açmaq lazımdır. Əgər xurma yoxdursa, digər quru meyvələrlə də orucu açmaq mümkündür. Daha sonra nə çox isti, nə də soyuq olmayan şorba qəbul etmək lazımdır. Həzm prosesinin başlaması üçün qidalanmaya 15 dəqiqə ara verdikdən sonra artıq əsas yeməklərə keçid edə bilərik. Qızarmış və yağlı qidalar istifadə etmək həzm sistemimizi yora bilər. Ət qrupundan toyuq, balıq və qırmızı ət məhsullarından istifadə etməliyik. Qarnir olaraq qarabaşaq, bulqur və az miqdarda düyü də istifadə etmək olar. Menyuda minerallarla zəngin olduğu üçün tərəvəz salatı mütləq olmalıdır. Bu, mədə-bağırsaq probleminin qarşısını ala bilər. Maye məhsullardan isə qazlı sular və təzə sıxılmış meyvə suları tövsiyə olunmur. Ac qalmış orqanizmin qan şəkərini anidən yüksəltmə ehtimalı olduğu üçün təzə sıxılmış meyvə şirələrinin qəbulu tövsiyə olunmur. Ən çox məsləhət görülən isə otaq temperaturunda olan su və duzsuz ayrandır. İftardan sahura qədər ən azı 1.5 litr su istifadə edilməlidir”.
Uzman dietoloq eyni zamanda orucluq ayında fiziki aktivliyə önəm verməyi məsləhət görür: “İftardan 30-45 dəqiqə sonra yürüşə çıxmaq məsləhət görülür. Mütəmadi idmanla məşğul olanlara iftardan 1-2 saat öncə 45 dəqiqə yürüşə çıxmaq məsləhət görülür.
Nərminə AYDIN