eseb

Gecə klubundakından daha güclü “partlayış”: hamı hamını lənətləyir

Baxış sayı: 856
Aprel ayının 3-ü səhərə yaxın Bakıda fəaliyyət göstərən gecə klublarından birində partlayış baş verməsindən sonra sosial şəbəkədə qızğın müzakirə başladı. Bir qisim sosial media istifadəçisi hadisəyə sevinən dindar, mühafizəkar insanların olduğunu yazdı və onları bu əməlinə görə qınadı. Hətta daha irəli gedib, bütövlükdə İslam dininə, ibadət əhlinə, oruc tutanlara qarşı həqarət edənlər oldu.Özünü dindar, mentalitetin keşikçisi kimi qələmə verməklə, hadisə barədə paylaşımların rəy bölmələrində kluba gedənlərə aqressiyasını, hadisədən sevindiyini, Ramazan ayında kluba getdiklərinə, içki içdiklərinə görə Allahın qəzəbinə tuş gəldiklərini düşünənlərə qarşı yazılmış statuslar, qınaq dolu fikirlər isə həmin rəylərdən daha çox diqqət çəkdi. Hadisəyə qeyri-insani yanaşma sərgiləyənlər arasında cəmiyyətdə tanınan, hörmət edilən kimsə gözə dəymədiyi halda, qarşı tərəfdə duranlar arasında tanınmış şəxslər də yer aldı.

Diqqətlə araşdırdıqda məlur olur ki, baş vermiş faciəyə “əcəb oldu” prizmasından yanaşanların əksəriyyəti saxta profilli, sosial mediadan ancaq əyləncə vasitəsi kimi istifadə edənlərdən ibarətdir ki, onları da nə dərəcədə ciddi qəbul edib-etməmək sual doğurur. Hər bir halda görünən o oldu ki, iki  tərəf də qəzəbini, hirsini tökməyə bənd imiş kimi fürsəti əldən vermədi.

İlahiyyatçı Rəsul Mirhəşimli deyir ki, ümumi mənzərəyə baxıldıqda hər iki tərəfin təqsirli olduğu görünür: “Baş verən faciəyə bu cür münasibət cəmiyyətdə özünə kök salmış nifrət hissinin ictimai müstəvidə mənfi çalarlarla meydana çıxmasıdır. Sosial şəbəkələrdə yayılan bu qarşılıqlı nifrət sahiblərinin davranışlarına baxdıqda hər iki tərəfin təqsirli olduğu aydın görünür. Bir tərəf faciədə din amilini əsas tutaraq Allahın adından qərar verir, qarşı tərəf isə bu zəif iradəli insanların naqis cəhətlərini bir yana buraxıb, dini hədəf seçir”.

“Dünyəvi modelin təlqin etdiyi dünyagörüşünü əsas götürsək, görərik ki, bir çox Avropa ölkələrində insanın dini inancını hədəfə almaq yolverilməzdir, bir çox ölkənin əsas qanunlarında bu hal cinayət sayılır. Əgər bir insan ölənlərin faciəsinə sevinirsə, bu halda tənqid olunan obyekt həmin insanın özü, yaxud düşüncəsi olmalıdır, onun mənsub olduğu dini deyil”, – deyə həmsöhbətimiz bildirir.

Onun sözlərinə görə, ölüm insanın dünya ilə bağlarının qoparmasıdır: “Başqa sözlə, ölüm maddi aləmdən, fanidən sıyrılıb, əbədi olan həyata köç etməkdir. Fanidə (dünyada) qalanın Allahla bəndəsi arasına girməsi təkəbbür göstəricisi sayılır. Çünki dünyadan köçən insanların cəzasını, yaxud mükafatını yalnız Allah verir. İnsanların bu mənada istəkləri arzudan o yana keçə bilməz. Uca dinimiz İslam insana, onun inanc və düşüncələrinə, dini dəyərlərə və müqəddəslərə sayğını əsas sayır. Buna görə də sosial şəbəkələrdə hansısa inanclı insanın baş verən faciəyə sevinməsi etirazla qarşılandı”.

İlahiyyatçının fikrincə, sanki kimlərsə Ramazan ayı gələndə müsəlmanların hisslərini hədəf almaqla qarşılıqlı nifrətin yaranmasına çalışırlar: “İnsan daha çox mənəvi varlıqdır, dinimizin hikmətinə görə, Yer üzündə ən şərəfli varlıqdır. Şərəfli varlıq isə faciəni lağlağıya çevirməz. Amma bir məqama da diqqət edək. Bu hadisədən bir qədər əvvəl bütün İslam dünyasında olduğu kimi, ölkəmizin müsəlmanları da Ramazan ayına hazırlaşırdı. Elə sosial şəbəkələrdə də bu insanların oruc tutmasına münasibət bəzi istifadəçilər tərəfindən lağa qoyulurdu. Sanki Ramazan ayı gələndə hansısa qüvvələr  müsəlmanların inanc hisslərini hədəf alıb, onları təhrik etməyi qarşılarına məqsəd qoyur. Bu təhrikçilik də qarşılıqlı nifrətin yayılmasına səbəb olur. Bu qədər emosional və nifrət dolu münasibət cəmiyyətdə neqativlərin yaranmasına səbəb olur”.

“Mömin heç kimi məsxərəyə qoymaz, məsxərəyə qoyanları da bəyənməz. İnanclı insan bu məsxərə və ələsalmaları nəinki təsdiq etmir, onu ələ salanlara qarşı lazımi reaksiyanı göstərir. Əgər mane ola bilməsə, məclisi tərk edər və onların günahlarına şərik olmaz. Bu məsələ “Quran”da açıq şəkildə bildirilir. Bir sözlə, faciəni ələ salan da məsum deyil, bu münasibətə reaksiya verərkən insanların inancını ələ salan da. İnsanın başına müsibət gələndə ya üsyan edər, ya da səbr edər. Səbr edənlərə bu müsibət imtahan, üsyan edənlərə cəzadır. Anlayanlar üçün bir fayda var. Allah qatında hər kəs eyni məsafədədir. “Biz sizə şah damarınızdan yaxınıq” hikməti bunu bəyan edər. Məsafəni özü ilə Allah arasına insanlar qoyar”,  – deyə Mirhəşimli fikrini yekunlaşdırıb.

Milli Məclisin keçmiş üzvü, Ümid Partiyasının sədri İqbal Ağazadə də birinin başqasının inancına qarşı çıxmasının yolerilməz olduğunu söyləyir: “Bu cür problemlər cəmiyyətmizdə insanların azad düşüncə və yaşama sahib olmamasından qaynaqlanır. Mən insanların inancına, dünyagörüşünə, yaşam tərzinə müdaxilə edilməsinin tərəfdarı deyiləm. Bunun əksi yanlışdır, çünki bu halda nə kimisə tərbiyələndirmiş olursan, nə də kiməsə dəstək vermiş. Hesab edirəm ki, başqalarının yaşam tərzinə, düşüncələrinə hörmət edərək yaşamağı öyrənməliyik. Kim oruc tutur, ibadət edir – Allah qəbul etsin. Lakin oruc tutmamaq, ibadət etməmək də bir seçim, yaşam tərzidir və hər kəs özü bilər”.

“Buna görə düşünürəm ki, hansısa formada aqressiv yanaşmaq yersizdir. Çox təəssüf ki, cəmiyyət olaraq azad düşüncə və azad yaşama malik deyilik və bu cür problemlər də bundan qaynaqlanır. Cəmiyyət azad yaşamağın nə olduğunu bilmədiyi üçün hesab edir ki, hamı onun kimi yaşamalıdır, əks halda səhv edir, ağılsızdır. Buna görə də cəmiyyətimiz savadlanmalı və azad yaşamağı öyrənməlidir”, – deyə müsahibimiz vurğulayır.

Sabiq deputatın sözlərinə görə, cəmiyyətimizdə təkcə dindarlara qarşı deyil, liberallara, feministlərə, mühafizəkarlara, ümumiyyətlə, hamı bir-birinə qarşı aqressivdir: “Bu da cəmiyyətin problemlərindən, azad olmamağından irəli gəlir. Bizdə insanların davranışları, yaşam tərzi qanunla deyil, polislə tənzimlənir. Hesab edirlər ki, nəyin olub-olmayacağına icazəni qanun yox, polis verir. Əgər qanun müəyyən etmiş olsa idi, belə problemlər yaranmazdı. Hər kəs bilərdi ki, əməlini qanun qiymətləndirir. Kimsə nəsə edirsə, deməli, qanun icazə verir, etmirsə, deməli, qanun icazə vermir. Hüquqi dövlət olmayanda bu cür problemlər yaşanır. Nəticədə də cəmiyyət aqressiv olur”.

“Gəlin qəbul edək ki, cəmiyyətimizin böyük bir hissəsi, çox təəssüf ki, savadlı düşünə bilmir. Son illərdə xeyli dərəcədə təhsildən, elmdən uzaq düşmüşük. Bəzən təhsilli, savadlı adamların da məsələləri bir istiqamətdə, dar çərçivədə qiymətləndirdiyinin şahidi oluruq. Biz yeni, azad, demokratik cəmiyyət qurmalıyıq ki, hər kəs yerində ola bilsin və bu cür problemlər olmasın”, – deyə Ağazadə fikrini tamamladı.

 

Aləmdə Nəsib




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir