ixtisas secimi

Abituriyentlər və ailələri bu yazını oxumadan peşə seçimi etməsin

Baxış sayı: 716

Bu günlərdə ölkədə abituriyentlər üçün ciddi sınaq dönəmidir. Buraxılış imtahanları bitib, abituriyentlər peşə seçimi ilə bağlı düşüncələr içində, seçimlər arasındadır. Son illərdə isə bu sahədə xeyli problemlər üzə çıxıb. Çünki yanlış yönləndirmə, valideyn məsləhəti son nəticədə sevmədiyin işlə məşğul olma nəticəsinə çıxarıb ki, bu da cəmiyyətə və insanın özünə heç bir fayda vermir. Gənclərin əksəriyyətinin yanlış ixtisas seçdiyi və nəticədə işsiz qaldıqları məlum məsələdir. Hər bir insanın öz sevdiyi, potensialı olan işdə çalışması daha yaxşıdır. Əks təqdirdə, hədəfsiz və ruhsuz bir gənc formalaşır. Nəticədə gəncin beynində xaos yaranır və yaratdığı çətinlikləri aradan qaldırmaq çox çətin olur.

Araşdırmalar üzə çıxarıb ki, valideynlər peşə seçimi zamanı mütəxəssislərə müraciət etməlidirlər. Valideynlər çox vaxt övladlarının potensiallarını, bacarıqlarını, komplekslərini nəzərə almadan öz arzu və istəklərinə yönəldirlər. Nəticədə gənc öz bacarıq və ambisiyalarından düzgün istifadə edə bilmir.

İxtisas və peşə seçməmişdən əvvəl gəncin yeniyetmə yaşlarında olan travmaları, kompleksləri öyrənilməlidir. Bəzən gənclər potensialı olmasına baxmayaraq, öz istəyi ilə yiyələndiyi peşədə özünü doğrulda bilmir. Bunun səbəbi isə sosial komplekslərinin olmasıdır.

Uşaqların təhsilində cəzanın faydası və məhdudiyyətləri - Narınc Psixologiya Mərkəzi

Psixoloq Elmira Gərayzadə isə hesab edir ki, insanlar peşə seçərkən onların qərarlarına təsir edəcək bir çox amillərlə qarşılaşırlar. Bu amillər sırasına onun doğulduğu ailəsi, yaşadığı cəmiyyət, fərdi xarakterik xüsusiyyətləri, maraq və meylləri, qabiliyyətləri də daxildir. Bəzi hallarda insanın peşə seçimi etməyində həyat şərtləri də rol oynayır. Ancaq peşə seçiminə təsir edən əsas faktorlardan biri məhz ailədir. Onun fikrincə, adətən ailələr bu cür məqamlarda övladlarına iki formada təsir edə bilirlər: “1.Ailənin birbaşa təsiri; 2.Ailənin dolayı təsiri. Qeyd etdiyimiz birinci tipdə valideynlər övladlarına bilərək təsir edir, onların gələcək seçimləri üçün xüsusi addımlar atırlar. Burada sevindirici bir məqam o ola bilər ki, valideyn övladının hər hansı bir sahədə qabiliyyətini görür və onu həmin sahə üzrə istiqamətləndirir. Zamanında verilmiş düzgün qərarlar nəticəsində gəncin peşə seçimi problemi həll olunur. Ancaq reallıq onu göstərir ki, ailələrin övladlara birbaşa təsiri heç də həmişə müsbət nəticələnmir. Gəlin etiraf edək ki, bir çox valideynlər övladlarını elə öz çalışdığı sahələrdə görmək istəyir. Bu zaman isə meydana ”Valideynin peşəsinin davamçısı, ailə dəyərlərinin “qoruyucusu bir övlad” anlayışı çıxır. Mövzunun daha dərininə getsək, bir çox məqamlarda valideynlərin övladlarına peşə seçimi ilə bağlı psixoloji təsirlərini aydın şəkildə görə bilərik. Nədənsə valideynlər düşünür ki, əgər onlar bir sahədə uğur qazanıbsa, eyni nəticəni övladları da göstərəcək. Genetik amilləri nəzərə alsaq, valideynlərə bu baxımdan haqq qazandırmaq olar. Amma hər şeyi də irsiyyətin üzərinə atmaqla iş həll olunurmu? Əgər valideyni həkim olan birinin marağı başqa sahəyədirsə, niyə özünü o sahədə sınamasın? Əlbəttə ki sınamalıdır. İnsanın marağı nədirsə onu da etməlidir, çünki insan həvəsli olduğu, sevdiyi sahədə uğur qazana bilər”.

DİM 15 rayon və şəhərdə imtahan keçirib - "İki sahil"

Ekspert bildirir ki, gənclərin peşə seçimində ailələrin onlara dolayı yolla təsiri isə daha çox rast gəlinən hallardandır. Məsələn, gənc həyatının erkən vaxtlarından yaşadığı ailədə valideynlərinin iş prosesi ilə tanış olur, onun gündəlik vəzifəsi və ya çalışdığı sahə haqqında məlumat əldə edir: “Əgər bu informasiyalar ona gələcək üçün kifayət edirsə, dolayısı ilə seçəcəyi peşə də valideynin peşəsi ilə eyniyyət təşkil edəcəkdir. Təbii ixtisasdan asılı olaraq, gənc fikrini dəyişə, valideynlərinin peşəsindən tam fərqli bir sahədə özünü sınamağa cəhd göstərə də bilər. Bu hal isə özünü daha çox valideynin peşəsinin ona qazandırdığı maaşdan birbaşa olaraq asılıdır. Məlum olduğu kimi, əksəriyyət daha yüksək maaşı olan, cəmiyyətdə yaxşı statusa malik peşələrə sahib olmaq istəyir. Yuxarıda qeyd etdiyimiz peşənin -”gələcək həyata zəmanəti” olması anlayışı burada öz təsdiqini tapır. Çünki normal şəkildə yaşamaq, öz istək və tələbatlarını ödəmək üçün maddi vəziyyətin yaxşılaşdırılması insanların həyatını da asanlaşdıracaq. Bu baxımdan da gənclər məhz yüksək maaşlı ixtisasları seçməyə meylli olurlar. Valideynin peşəsi kifayət qədər yaxşı qazanc bəxş edirsə, gəncin də həmin sahəni seçmə ehtimalı yüksək olacaqdır. Hər bir halda ailələrin həm birbaşa, həm də dolayı təsiri gənclərin bu mövzudakı qərarlarında rol oynayacaqdır. Burada isə diqqət yetirilməli olan əsəs məsələ, ailələrin zamanında övladlarının qabiliyyətinin fərqində olmaq, onları düzgün istiqamətləndirməkdir. Əlbəttə, valideynlər öz uşaqlarını daha yaxşı yerdə görmək, uğurlu mütəxəssis olmağını istəyir. Ancaq bu o demək deyil ki, gənclər mütləq şəkildə valideynin peşəsini davam etdirməlidir. “Mən bu sahədə uğur qazanmışamsa, övadım da eyni nəticəni göstərəcəkdir” fikrini özünüzdən uzaqlaşdıraraq, ona daha yaxşı seçimlər təklif edə bilərsiniz”.

 

Bu səhvlərə yol verməyin

Amma elmi araşdırmalar da sübut edib ki, ümumiyyətlə, peşə seçimi zamanı bir çox amillər əsas götürülməlidir. Birincisi, peşə seçiminə ömürlük seçim kimi baxmaq lazımdır. Əmək bazarındakı vəziyyəti təhlil etmək, hər il yeni-yeni peşələrin əmələ gəldiyinə diqqət yetirmək də mühüm məqamlardandır.

Peşənin nüfuzuna görə seçimi etmək də ciddi bir variantdır.

Peşələrə münasibətdə cəmiyyət üçün bir sıra əhəmiyyətli peşə və məşğuliyyət növlərinin yaraşmaz olması haqqında səhv fikirlər özünü büruzə verir (məsələn, zibil təmizləyən).

İqtisadçı və ya psixoloq cəmiyyət üçün faydalılığına görə kimyaçı və ya çilingərdən qətiyyən artıq deyil. Yalnız öz maraq və bacarıqlarınız hesaba alındıqdan sonra peşənin nüfuzu nəzərə alınmalıdır. Əks halda, “dəbdə olan”, amma məmnuniyyət hissi gətirməyən ixtisas sahibi olacaqsınız. Ya da nə olursa-olsun, əsas vəzifə öhdəliklərinin icrası üçün yararsız olacaqsınız…

Yoldaşlarının təsiri altında (onlardan geri qalmamaq üçün) peşə seçimi etmək yanlışdır.

Peşə və ixtisas seçimi qərar qəbul etmə prosesi ilə əlaqəlidir. Qərarların qəbul edilməsi, ümumiyyətlə, çox insana çətin gəlir. Burada xasiyyətin müəyyən cizgiləri (məsələn, qətiyyətsizlik, acizlik, tərəddüd, cəsarətsizlik, inamsızlıq və s.), az məlumatlı olmaq, “müsbət” və “mənfi” tərəfləri götür-qoy etmək bacarığının olmaması, ən münasib həll variantı kimi vahid seçim üzərində dayana bilməmək rol oynayır. Bu zaman cəlbedici görünən, amma real olmayan və ya gələcəkdə mənfi nəticələrə gətirən variantları seçim siyahısından çıxarmaq lazımdır. Bəzi insanlar ümumiyyətlə onların yerinə başqalarının qərar qəbul etməyinə üstünlük verirlər.

 

Beləliklə, peşə və ixtisas seçimi zamanı aşağıdakılar lazımdır:

Çoxsaylı peşə və ixtisaslar arasında istiqaməti müəyyən etməyi bacarmaq. Öz maraqlarını dərk etmək. Müxtəlif müəssisələrə ekskursiyalarda iştirak etmək. Hansı təhsil müəssisələrində bu və ya digər peşəyə və ixtisasa yiyələnməyi bilmək. Açıq qapı günlərində iştirak etmək. Seçim üçün əsas və əsas variant baş tutmadığı hal üçün ehtiyat varianta malik olmaq.

Əgər imkan, şərait varsa, seçəcəyiniz peşə və ixtisas üzrə qısamüddətli təcrübə proqramlarında iştirak etmək və ya maraqlı olan peşə üzrə çalışan mütəxəssisin tam iş gününü müşahidə etmək. Alınarsa, seçim etmək istədiyiniz peşə üzrə özünüzü yoxlamaq məqsədilə bir müddət işləməyə çalışmaq. Öz fiziki və mənəvi imkanlarını, bacarıqlarını, eləcə də seçim edəcəyiniz peşənin irəli sürdüyü tələblərə onların uyğun olub-olmadığını qiymətləndirmək. Təhsili başa vurduqdan sonra işlə təmin olunma səviyyəsi haqqında məlumata malik olmaq.

 

Sevinc TELMANQIZI

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir