Son günlər tam (11 illik) orta təhsil səviyyəsi üzrə 12-13 martda keçirilən buraxılış imtahanlarında açıq tipli sualların yoxlanılması zamanı səhvlərə yol verildiyinə dair iddialar səslənir. Buraxılış imtahanlarında iştirak edən abituriyentlər açıq tipli sualların düzgün yoxlanılmadığından, onlara az bal hesablandığından şikayətlənirlər. Buna səbəb kimi imtahan suallarının qeyri-peşəkarlar, hətta tələbələr tərəfindən yoxlanıldığına dair iddialardır.
İmtahan suallarını tələbələr yoxlayırlar
Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə imtahan nəticələrinin tələbələr tərəfindən yoxlanıldığı ilə bağlı iddialara münasibət bildirib. DİM sədri deyib ki, 2015-ci ildən başlayaraq markerlər kursu yaradılıb.
“Bu, yeni işdir. Bu kurslardan və imtahandan keçən namizədlər yoxlamaya buraxılır. Hər bir sualı iki marker yoxlayır. Bəli, markerlər arasında magistrlər da var. Biz dəfələrlə çağırışlar edirik və cavab isə əsasən gənclərdən gəlir”, – deyə o bildirib.
Narazı abituriyent apellyasiyaya şikayət verəcək
Markerlərin imtahana salınan açıq tipli sualların cavabını düzgün yoxlamamasından şikayətlənənlərin biri də 11-ci sinif şagirdi Rəvan Məmmədlidir. Rəvan martın 12-də keçirilmiş buraxılış imtahanından 152 bal toplayıb. Həmsöhbətimiz deyir ki, Azərbaycan dilindən üç açıq tipli suala yazdığı cavaba az bal verilib. Bu səbəbdən də R.Məmmədli apellyasiya şikayəti verəcəyini söyləyib. Onun sözlərinə görə, ümumi hesablanmada da cavablara az bal verilib: “Mən DİM-in saytında balların hesablanması qaydasına əsasən hesablama aparmışam. Onların tənliyi ilə hesabladıqda mənə hesablanan bal olmalı olduğundan 10-12 bal azdır. Ona görə də apellyasiyaya şikayət edəcəyəm”.
Açıq tipli sualların yoxlanılmasında nöqsanlara yol verilib
Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin (AGADMC) sədri, fəlsəfə doktoru İlqar Orucov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, onun da tanıdıqları arasında buraxılış imtahanlarına salınan açıq tipli suallara verilmiş cavabının düzgün yoxlanılmadığından şikayətlənənlər var: “Mənim ünsiyyətdə olduğum insanlar, qohumlarım arasında da martın 12-13-də keçirilmiş buraxılış imtahanlarına salınmış açıq tipli sualların düzgün yoxlanılmadığını söyləyənlər var. Onların bir qismi apellyasiya şikayəti verəcəklərini bildirirlər. Bu da imtahana salınmış açıq tipli sualların yoxlanılmasında müəyyən problemlərin olduğundan xəbər verir”.
İmtahanda iştirak edənlərin taleyi ilə kim oynayıb?
İ.Orucov bildirir ki, heç kəs DİM-in qapalı test suallarının yoxlanılmasına irad bildirə bilməz. Amma açıq sualların yoxlanılması ilə bağlı eyni fikirləri demək olmaz: “Çünki burada insan amili var. İmtahan verənlərin yeniyetmə dövründə olduğunu nəzərə alsaq, imtahan suallarına verilmiş cavabların düzgün yoxlanılmaması onların taleyi ilə oynamaq deməkdir. Açıq tipli suallara verilmiş cavabların qiymətləndirilməsinə təcrübəsiz tələbələrin, magistrlərin cəlb olunması yolverilməzdir. Biz nəzərə almalıyıq ki, narazıların hamısı apellyasiya şikayəti vermir. Əgər onların hamısı apellyasiya şikayəti verərsə, bu zaman şikayətlənənlərin sayı daha da arta bilər. Bəllidir ki, sualların yoxlanılmasında nöqsanlara yol verilib. Nöqsanlara yol verən markerin fəaliyyətdən kənarlaşdırılması vacibdir ki, gələcəkdə onlar başqa abituriyentlərə də eyni stress yaşatmasınlar”.
İ.Orucov narazılıq böyüyərsə, imtahanların yenidən keçirilməsi məsələsinin qaldırılmasını mümkün sayır.
Markerlər tələbə yox, ixtisaslı müəllimlər olmalıdırlar
Təhsil üzrə ekspert Kamran Əsədov isə bildirir ki, Azərbaycanda test üsuluna keçidlə imtahanlarda insan faktoru aradan qaldırılıb, bununla da şəffaflıq təmin olunub. Amma ekspert açıq tipli sualların yoxlanılmasında insan amili olduğundan, səhvə yol verilməsinin qaçılmaz olduğunu söyləyir.
Ekspert bildirir ki, açıq tipli suallar imtahan cavablarını gecikdirir: “Belə suallara verilmiş cavabların təcrübəsiz magistrlər tərəfindən yoxlanılması səhvlərə yol verilməsini qaçılmaz edir. Buraxılış imtahanında iştirak edən 50 min nəfərdən 6 minə yaxının apellyasiya şikayəti verməsi ciddi bir rəqəmdir. Bu keçən buraxılış imtahanının nəticəsidir. 12-13 martda keçirilən buraxılış imtahanlarında da apellyasiyaya müraciət edənlər olacaq. Ən çox narazılıq açıq tipli suallarla bağlıdır”.
K.Əsədov deyir ki, DİM suallara verilmiş cavabların düzgün yoxlanılmasında maraqlı olmalıdır. Bunun üçün isə ixtisaslı müəllimləri yoxlama prosesinə cəlb etməlidir: “Amma bu gün markerlərin çoxu tələbələrdir. Magistr mütəxəssis hesab oluna bilməz. Həmçinin bir sualın bir neçə cavab variantı ola bilər. Ona görə də, ən azı 5 il pedaqoji stajı olanlar marker fəaliyyətinə cəlb edilməlidir”.
Ekspert hesab edir ki, imtahanlarda situasiya sualları lazım deyil. Çünki bu, qiymətləndirməyə insan faktorunu gətirir.
Markerlər cavabları evdən yoxlayıb
Qeyd edək ki, tam (11 illik) orta təhsil səviyyəsi üzrə 12-13 martda keçirilən buraxılış imtahanlarının nəticələri elan olunub. Bu il buraxılış imtahanlarında 92 673 nəfər iştirak edib. Onlardan təxminən 23 650 nəfər 0-50 bal arası nəticə göstərib. İmtahandan aşağı nəticə göstərənlər arasında balların hesablanmasından narazı olanların sayı kifayət qədərdir. Sosial şəbəkələrdə də 12-13 martda keçirilən imtahanlarda açıq sualların cavablarının düzgün yoxlanılmadığına dair iradlar səslənir.
Yazı işlərinin (açıq tipli tapşırıqların cavabları) yoxlanılması prosesi onlayn şəkildə həyata keçirilib. Belə ki, hər marker yoxlama prosesinə öz evindən qoşularaq proqramın onun kompüterinə təsadüfi göndərdiyi işləri yoxlayıb. Qeyd edək ki, onlayn (evdən) yoxlama prosesində üztanıma texnologiyası tətbiq edilib və yoxlama prosesinin bütün tələblərinə (meyarların təkmilləşdirilməsi, işlərin şifrələnməsi, markerlərin hər tapşırıq üzrə yoxlamadan əvvəl kalibrləmədə iştirak etməsi, yoxlama ərzində “seeding” (markerlərə sayıqlığı itirməmək üçün əvvəlcədən hazırlanan və kalibrə edilən sualların mütəmadi olaraq göndərilməsi) prosesinin tətbiqi, işlərin markerlərə proqram tərəfindən təsadüfi göndərilməsi, imtahan protokollarının araşdırılması və s.) əməl olunub.
Yazı işlərinin onlayn (evdən) yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.
Balları necə hesablamalı?
Qeyd edək ki, buraxılış imtahanında şagirdlərə tədris dili fənnindən 10 yazılı cavab tələb edən açıq və 20 qapalı, riyaziyyat fənnindən 7 yazılı cavab tələb edən açıq, 5 kodlaşdırılan açıq, 13 qapalı, xarici dil fənnindən 7 yazılı cavab tələb edən açıq və 23 qapalı tipli tapşırıq olmaqla ümumilikdə 85 tapşırıq təqdim olunur. Bu mərhələdə fənlərinin hər biri üzrə toplanıla biləcək maksimal bal 100 olmaqla, ümumilikdə 300 baldır. Balların hesablanması qaydası ilə linkdəki faylda (2-ci səhifə) tanış olmaq mümkündür.
Apellyasiya şikayəti vermək istəyənlərin nəzərinə!
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 25 aprel tarixindən etibarən onlayn (“Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya komissiyasına müraciət etmək istəyənlər bu gün (18 aprel) saat 10:00-dan 20 aprel saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apellyasiya təşkil olunmur. Apellyasiya müzakirəsində şagirdin iştirakı vacibdir. Şagird ilə yanaşı valideynlərindən biri müzakirədə iştirak edə bilər. Bir şagirdin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.
Apellyasiya komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 20%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin nəzərinə çatdırılıb ki, bu tip müraciətlərə baxılmayacaq.
Zülfiyyə Quliyeva