Mənzil bazarında son aylara qədər hiss olunan bahalaşma artıq dayanıb. Səbəb sadədir: neftin qiymətinin aşağı düşməsi, Avropa Oyunlarının büdcə xərclərini artırması, üstəgəl, Rusiya rublunun qiymətdən düşməsi.
Üstəgəl, nəzərə almaq lazımdır ki, Rusiyada yaşayan və işləyən 2 milyona yaxın azərbaycanlı hər ay Azərbaycana – öz ailəsin və yaxınlarına kifayət qədər vəsait göndərir.
Neft ucuzlaşır
Mənzil bazarındakı mümkün dəyişiklikləri proqnozlaşdırmazdan öncə gəlin bu bu bazara təsir edəcək birinci faktoru təhlil edək.
Əvvəl, hökumət nümayəndələri dünya bazarlarında neftin 1 barelinin qiymətinin hətta 60 ABŞ dollarına düşsə də belə, Azərbaycanın dövlət büdcəsinin icrası üçün heç bir problem yaratmayacağını söyləsələr də indi, sözügedən ucuzlaşmanın icmal büdcəyə təsirsiz ötüşməyəcəyini qeyd etməyə başlayıblar. Bu da təbiidir, o mənada ki, neftin qiymətinin düşməsinin yalnız bu ilin büdcəsinə təsirindən danışmaq olardı. Prosesin 2015-ci ilin dövlət büdcəsinə necə təsir göstərəcəyini isə indidən söyləmək mümkün deyildi.
Əsasən də ona görə ki, ucuzlaşma hələ davam etməkdədir.
Ölkəmizin dövlət büdcəsinin yarıdan çox hissəsi Dövlət Neft Fondundan (ARDNF), qalanı isə demək olar, bütövlükdə Dövlət Neft Şirkətindən daxilolmalardan asılı olduğundan neftin dünya bazarlarındakı qiyməti ona dərhal təsir etmir.
Odur ki, neftin qısamüddətli ucuzlaşmasının dövlətin əsas maliyyə sənədinin icrasında problem yaradacağı bizdə əslində, qeyri-mümkün hesab edilir. Ucuzlaşma uzunmüddətli xarakter daşıyarsa məsələ artıq, başqa xarakter daşıyır. Belə ki, bu, istər-istəməz əvvəl ARDNF-in gəlirlərinə, ardınca dövlət büdcəsinə təsir göstərəcək.
Məsələ bundadır ki, artıq, başa çatmaqda olan bu il ərzində neft iyun ayından ucuzlaşmağa başlasa da oktyabra qədər 1 barelin qiyməti 100 dollardan aşağı düşməmişdi. 2014-cü il dövlət büdcəsində qiymət 100 dollardan götürüldüyündən odur ki, narahatlıq yaranmamışdı. Belə ki, 2014-cü ilin yanvar-sentyabr aylarında azərbaycan neftinin orta qiyməti 109 dollar təşkil edib ki, iyun və oktyabr ayları arasında təqribən 20 faiz səviyyəsində ensə də yalnız oktyabr ayında 100 dollardan aşağı düşdü. Bununla belə, ilin sonunadək qiymət 90-95 dollar arasında qalsaydı 2014-cü il üçün neftin 1 barelinin orta qiyməti ölkəmizə 100 dollardan aşağı başa gəlməyəcəkdi.
Ancaq bəlli olduğu kimi noyabrın ortasından 70 dollardan da aşağı düşdü. Hazırda isə neftin qiyməti 50 dollardan da aşağıdır. Bu isə təbii olaraq ölkəmiz üçün ciddi itkidir. Büdcədəki itkilər isə təbii olaraq dövriyyədəki pulun həcminə təsir edəcək.
Rusiyadan gələn pul azalır
2014-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycanla Rusiya arasında Azərbaycan Beynəlxalq Bankının (ABB) Moskva filialının “IBA-Express” hesablaşma sistemi vasitəsilə həyata keçirilən pul köçürmələrinin həcmi 22,1 milyon dollar təşkil edib.
“ABB-Moskva”dan “Trend”ə bildiriblər ki, bu müddət ərzində köçürmələrin miqdarı 17 min ədəd təşkil edib.
Bankın Moskva filialının fəaliyyətə başladığı müddətdə “IBA-Express” sistemi vasitəsilə cəmi 801,1 milyon dollar transfertlər (529 min köçürmə) aparılıb. O cümlədən, 2013-cü ildə 55 milyon dollar (37 min köçürmə), 2012-ci ildə 71 milyon dollar (48 min köçürmə), 2011-ci ildə 74 milyon dollar (58 min köçürmə), 2010-cu ildə 81 milyon dollar (67 min köçürmə), 2009-cu ildə 70 milyon dollar (55 min köçürmə), 2008-ci ildə 113 milyon dollar (61 min köçürmə), 2007-ci ildə 99 milyon dollar (53 min ədəd), 2006-cı ildə 84 milyon dollar (45 min ədəd), 2005-ci ildə 59 milyon dollar (38 min köçürmə), 2004-cü ildə 47 milyon dollar (30 min köçürmə), 2003-cü ildə 21 milyon dollar (17 min köçürmə), 2002-ci ildə beş milyon dollar (3 min köçürmə) transfert həyata keçirilib. 2014-cü ildə iki ölkə arasında pul köçürmələrinin azalmasına Rusiyadakı iqtisadi vəziyyət təsir edib.
Statistikadan da görünür ki, Rusiyadan Azərbaycana daxil olan maliyyə vəsaiti son illər ərzində ildən-ilə azalıb.
Evlərin qiyməti necə dəyişəcək?
Adının çəkilməsini istəməyən tikinti şirkətlərindən birinin sahibi hesab edir ki, evlərin qiyməti yaxın aylarda qalxacaq: “Rusiyadan gələn tikinti materiallarına fevralın əvvəllərindən etibarən əlavə vergilər qoyulacaq. Bu isə ona gətirib çıxaracaq ki, evlərin qiymətləri qalxacaq”.
Ancaq əks fikirdə olanlar da var. İqtisadçı ekspert Samir Əliyev neftin ucuzlaşması əmlak bazarına da öz təsirini göstərəcək: “Hesab edirəm ki, daşınmaz əmlakın qiymətlərindəki ucuzlaşma qaçılmazdır”.
“Evlərin qiyməti bahalaşmayacaq. Bu, neftin ucuzlaşması ilə daxili tələbatın və Rusiyadan pul axınının azalması ilə bağlıdır”. Bu sözləri isə iqtisadçı ekspert Rəşad Həsənov deyib. Onun sözlərinə görə, əksinə, daşınmaz əmlak bazarında qiymətlərin azalması müşahidə edilir: “Xüsusilə də daha bahalı daşınmaz əmlak məhsullarının qiymətinin azalması hiss olunur. Azərbaycanda vaxtilə ölkədaxili tələbatın formalaşmasında əsas aktyorlardan olan Rusiyada işləyən Azərbaycan vətəndaşlarının artıq alıcı kimi yox, satıcı olaraq bazarda iştirak etməsi və öncədən aldıqları əmlakı bazara çıxarmaları qiymətləri daha da aşağı salır. Faktiki olaraq hazırda daşınmaz əmlak bazarında çox ciddi durğunluq yaşanır. Alğı-satqı prosesləri çox az olduğu üçün müşahidə və nəticələri kompleksləşdirmək çətindir, çünki bir çox hallarda daha baha qiymətlərlə təşviqat ortaya çıxsa da, sonradan alıcı olmadığı üçün qiymət bazara uyğunlaşır. Şəhərin mərkəzində torpaqların qiymətinin qalxması isə təbiidir. Nəzərə alaq ki, mərkəzdə torpaq həddən artıq qıtdır və hər ay getdikcə bazara təqdim olunan istifadə olunmamış torpağın həcmi azalır. Torpağın qiymətinin artdığını müşahidə olunması məhz bu amildən irəli gəlir. Lakin ölkə üzrə götürdükdə, mənzillər, biznes təyinatlı obyektlər və torpağın qiymətində azalma müşahidə olunur. Əminliklə deyə bilərəm ki, 2015-ci ildə daşınmaz əmlak bazarında qiymətlər hiss olunacaq dərəcədə azalacaq. Bunun ən başlıca səbəbi ölkəyə valyuta axınının azalmasıdır”. Ekspertin sözlərinə görə, 2015-ci il Olimpiya oyunlarından sonra daşınmaz əmlak bazarında daha da ucuzlaşma gözlənilir: “Dövriyyəyə daxil olan xərclərin böyük bir qisminin dövlət büdcəsindən qaynaqlandığını nəzərə alsaq, Olimpiya oyunlarından sonra büdcədə “kəmərsıxma”, yəni qənaətcillik ciddi pul qıtlığı yaradacaq. Bu kimi hallarda daşınmaz əmlakın təklifi çoxalsa da, alıcı aşağı düşəcək. Çünki daşınmaz əmlak sahiblər nağd pul qıtlığı səbəbindən əmlaklarını dəyər-dəyməzinə təklif etməyə məcbur olacaqlar. Bu isə qiymətlərin aşağı düşməsinə gətirib çıxaracaq”.
Hazırladı: Vüsal
Xüsusi olaraq gencaile.az üçün