bosanma

Azərbaycan qanunları və məhkəmələri uşaqların hüquqlarını necə pozur?

Baxış sayı: 696

Uşaqların himayəyə, qəyyumluğa verilməsi zamanı bəzi məsələlər nəzərə alınmır. Ona görə də qanunvericilikdə bəzi təkmilləşdirmə işləri aparılmalıdır.

Bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPK) informasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyir. O, fikrini belə əsaslandırır ki, boşanma zamanı uşağın valideynlərdən hansısa birinə verilməsi, yaxud qohumda qalmasına dair qərar çıxarılmamışdan qabaq psixoloqların və sosial işçilərin rəylərinin alınması çox vacibdir.

Fransa, Almaniya, Böyük Britaniya, ABŞ və digər ölkələrdə də bu təcrübədən isitfadə olunur. Həmin ölkələrdə məhkəmədə sosial işçi və psxioloqların rəyi dinlənilir, buna əsasən qiymətləndirmə aparılır. Təkcə yetkinlik yaşına çatmamış şəxsin yox, uşağı himayəyə götürən şəxsin də psixoloji və sosioloji vəziyyəti qiymətləndirilir.

“Bu vacib nüans uşağın xoşbəxt ailədə böyüməsinə təsir edir. Qanunvericiliyin sonrakı mərhələdə, yəni, uşaq himayəyə verildikdən sonra da monitorinqlərin aparılması istiqamətində təkmilləşdirilməsi vacibdir”, – Səfərov deyir.

Onun sözlərinə görə, vətəndaşlar mütəmadi olaraq bu tip problemlərlə bağlı AQUPK-ya müraciət edirlər. Çünki bəzi hallarda valideynlər manipulyasiya edərək uşaqlardan sui-istifadə edir və onların hüquqlarını pozurlar.

bosanma

“Azərbaycan Uşaqlar Birliyi”nin sədri Kəmalə Ağazadə isə deyir ki, çox vaxt uşaqlar boşanma prosesində alət olurlar və valideynlər bundan sui-istifadə edirlər:

“Biz “Mediasiya prosesləri zamanı ailə mübahisələrinin həllində uşaq hüquqlarının müdafiəsi məsələlərinin aktuallığı” mövzusunda keçirilən tədbirdə təklif etdik ki, mediasiya dövründə QHT-lərlə əməkdaşlıq edilsin. Çünki QHT-lərdə uşaqlarla işləyə bilən kadrlar var. Hətta biz hüquqi baxımdan bu işləri tənzimləyərək alternativ rəy də verə bilərik. Rəyimiz müqayisə üçün çox böyük əhəmiyyətə malik ola bilər”.

K.Ağazadənin fikrincə, bəzən tərəflərin maraqları uşaqların hüquqlarından daha çox nəzərə alınır. Belə qərəzli yanaşmalar olduğu üçün dəfələrlə məhkəmə qəyyumluqla bağlı verilən qərarı ləğv edib. Çünki yaranmış bu vəziyyətin kökündə qərəzli, birtərəfli münasibət olub, uşaqların öyrədilməsi ilə bağlı nüanslar qiymətləndirilməyib, onlar reabilitasiyaya yönləndirilməyib.

“Dəfələrlə vurğulayırıq ki, boşanma prosesi gedən zaman, xüsusən də hansısa şiddət, zorakılıq halları baş verən ailələrdə uşaqlarla bağlı dolğun və dəqiq məlumatlar əldə etmək istəyiriksə, uşaqlar həmin vaxt mütləq ailədən uzaqlaşdırılmalıdır. Təcrübəmdə şahid olmuşam ki, uşaq qətl törədən tərəfə verilib və o da uşağa şiddət göstərib”, – Ağazadə deyir.

bosanma

Vəkil Tahir Əliyev isə düşünür ki, öncəki illərdə bu problem daha aktual olsa da, artıq aktuallığını itirir. Artıq qətnamə icra olunanadək ata uşağı görmək üçün müvəqqəti təminatla bağlı məhkəməyə ərizə verə bilər. Qısa müddətdə məhkəmə həmin ərizəni təmin edir.

“Məhkəmə qətnaməsindən sonra uşağın atasını görmək istəyindən imtina etməsinə baxmayaraq, nə qədər ki ata uşaqla görüşün təmin olunmasını tələb edir, icraçılar həmin qətnaməni icra etməyə məcburdurlar”, – deyə o, əlavə edib.

Mediasiya prosesləri zamanı ailə mübahisələrinin həllində uşaq hüquqlarının müdafiəsi məsələlərinin aktuallığı” mövzusunda keçirilən tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva bildirib ki, bəzi hallarda uşağın zorla qarşı tərəflə görüşdürülməsi və himayəyə verilməsi hallarına da rast gəlinib.

Onun sözlərinə görə, sənədlərin icrası zamanı bəzən uşaqların psixi-emosional vəziyyətinin düzgün qiymətləndirilməməsi halları aşkarlanıb.

“Biz müraciətlər zamanı yerli icra hakimiyyətləri yanında qəyyumluq və himayəçilik komissiyaları tərəfindən verilən rəylərdə bəzən uşaqların mənafeyi məsələsinə qeyri-obyektiv tərzdə yanaşılma müşahidə etmişik. Ona görə də mediatorlar tərəfindən məsələyə qərəzsiz şəkildə yanaşılması üçün komissiyanın rəyi mütləq istinad sənədi kimi qəbul olunmamalıdır”,- deyə Sofiyeva bildirib.

Qeyd edək ki, bu gün Uşaqların Beynəlxalq Müdafiəsi günüdür. 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən qadınların beynəlxalq konfransında iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb.

BMT-də uşaq hüquqlarına dair konvensiya qəbul edilib, Azərbaycan müstəqillik qazandıqdan sonra bu konvensiyaya qoşulub. Bütün demokratik dövlətlərdə olduğu kimi, Azərbaycanda da uşaq hüquqlarının qorunmasına xüsusi önəm verilir.

Uşaqların hüquqlarını təmin edən bəyannamə ilk dəfə olaraq 1924-cü ildə qəbul edilib.

 

Nigar İsgəndərova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir