mekteb

Yeni dərs ilinin vaxtı dəyişdiriləcək?

Baxış sayı: 617

Dərs ili yenicə başa çatsa da, artıq yeni tədris ilinin başlanma vaxtının dəyişdirilməsi ilə bağlı müzakirələr başlayıb. Millət vəkili Fazil Mustafa tədris ilinin sentyabrın 15-dən başlaması qərarının dəyişdirilməsi təklifi ilə çıxış edib.

Deputat bildirib ki, dərslərin sentyabr ayının ortasında başlanılması qarışıqlıq yaradır:

“Kim nə deyir desin, müstəqillik dövrümüzdə alınan ən yersiz, lazımsız, faydasız, zərərli qərarlardan biri və bəlkə də birincisi orta və ali məktəblərdə dərslərin sentyabrın 15-dən başlaması barədə qərardır. Fikrimcə, bu qərar təhsil sistemimizdə məqsədli şəkildə dolaşıqlıq yaratmaq üçün verilib”.

fazil mustafa

Deputat narazıdır

Fazil Mustafanın fikrincə, dərslər sentyabrın 1-dən başlasa, bu tədrisin keyfiyyətinə də öz təsirini göstərəcək:

“Məhz bu qərara görə, Azərbaycanda bütün tədris planı allaq-bullaq olub. Yalan deyirlər, mayın 25-dən sonra heç bir məktəbdə normal dərs keçirilmir, bütün təhsil sistemimiz bu mənasız qərarın girovuna çevrilib. Heç bir ciddi əsaslandırması da yoxdur.”

Onun sözlərinə görə, hava şəraitinin bu qərara aidiyyəti yoxdur:

“Günəş elə getdi, külək belə əsdi – bunun modern binanın içindəki təhsilə nə dəxli? Günəş çox şüa yollasa, məktəb pəncərələrinin jalüzlərini aşağı salın, vəssəlam. Jalüz yoxdursa valideynlərə deyin pul yığıb düzəltsinlər. Müəllimlər də iyun ayının 15-dək olan mənasız uzatmalardan beziblər. Müzakirəyə çıxarın görək neçə faiz ağıllı tapılacaq ki, dərslərin 15 gün gec başlamasını dəstəkləsin? Mən tam əminliklə söyləyirəm, dərsləri sentyabrın 1-dən başlamaq qərarı verilsin, tədrisin keyfiyyətinə dərhal öz təsirini göstərəcək. Tədrisdə itirilən bir gün belə önəmlidir. Sentyabrın 1-i dərslər başlamalıdır!”.

 

Tədris ilinin başlanma tarixinin dəyişdirilməsi müzakirə olunmur!

Təhsil Nazirliyindən isə  bildirildi ki, hazırda bu məsələnin müzakirə olunmur:

“Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 24 fevral 2020-ci il tarixli Qərarının 2.3. nömrəli bəndinə əsasən, ümumi təhsilin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələri üzrə dərs məşğələləri hər il sentyabrın 15-də başlayır və növbəti il iyunun 14-də başa çatır. Hazırda bu prosesin dəyişdirilməsi müzakirə olunmur”.

 nadir israfilov

Təhsilin keyfiyyətinə də təsiri yoxdur

Təhsil üzrə ekspert Nadir İsrafilov bildirir ki, dərs ilinin başlanama vaxtının 15 gün irəli çəkilməsinin təhsilin keyfiyyətinə müsbət təsirindən çox mənfi təsirləri olub. Həmsöhbətimiz deyir ki, sentyabrın 1-də dərslərin başlanması təklifini dəstəkləyir:

“Bu, Sovet dövründən qalma ənənədir deyə onu mütləq dəyişmək doğru qərar deyil. Bu qərar verildikdə 5 min vətəndaş petisiya imzalayaraq dərslərin sentyabrın 15-də keçirilməsinə qarşı çıxdı. Təcrübə göstərdi ki, biz bu dəyişikliklə elə bir naliyyət əldə etmədik. On beş gün irəli çəkilmə dərs yükünü də azaltmadı. Əksinə, iyunun əvvəlindən istilər düşür. Şagirdlər dərsə getmirlər. Dərs proqramı da başa çatdığından, məktəblər boş qalır”.

N.İsrafilov bildirir ki, dərslərin iyunun 15-də başa çatması Dövlət İmtahan Mərkəzinin də imtahan qrafikinə təsir edir:

“Dövlət imthahan Mərkəzi dərs ili başa çatmamış qəbul imtahanı keçirdir. Onlar nə qədər desələr ki, keçirilməmiş proqram imtahana salınmır, insanlar dərs ili başa çatmamış imtahanın keçirilməsindən narahat qalırlar”.

mekteb

Nazirlik təklif verməlidir

Ekspert Təshil Nazirliyinin dərs ilinin başlanma və başa çatma vaxtının dəyişdirilməsi üçün Nazirlər Kabinetinə təklif verməli olduğunu söyləyir:

“Təhsildə dövlət siyasətinin prinsipləri var Orada ümumi ictimai rəyin nəzərə alınması da öz əksini tapıb. Təhsil təkcə ümumdövlət işi deyil, həm də ümumxalq işidir. Nazirlik bunun narahatlıq yaratdığını nəzərə alaraq məsəə qaldıra bilər ki, qərar dəyişdirilsin. Çünki, bu qərarın dərs yükünün azlamasına, yaxud da şagirdlərin dərs proqramını daha yaxşı mənimsəməsinə bir təsiri yoxdur. Onsuz da mayın sonundan sonra məktəbə çox az sayda şagird gedir”.

 

18 ildir dəyişməyən qərar

Qeyd edək ki, ölkə prezidentinin “Azərbaycan Respublikasında “Bilik günü”nün təsis edilməsi və təhsil müəssisələrində iş rejiminin tənzimlənməsi haqqında” 21 avqust 2004-cü il tarixli 114 nömrəli fərmanı ilə 15 sentyabr “Bilik günü” elan edilib və Azərbaycan Respublikasının bütün təhsil müəssisələrində dərslərin sentyabrın 15-dən başlanması müəyyənləşib.

Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə edilmiş dəyişikliyə əsasən, ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb, iyunun 14-də başa çatmalıdır.

Bu qərar 2014-2015-ci dərs ili başlandıqdan sonra qəbul olunduğundan, həmin dəyişiklik 2015-2016-cı dərs ilindən etibarən respublikanın ümumtəhsil məktəblərində tətbiq edilib. Bununla da, dərs ili ərzində tədris həftələrinin sayı artırılaraq, orta hesabla 32,8-dən 34,8 həftəyə çatdırılıb.

 

Zülfiyyə Quliyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir