Ötən ilin sonuna olan məlumata görə, ölkədə 1 milyon 395 min kredit kartı var idi. Bu ilin aprel ayında isə bu rəqəm 1 milyon 521 min olub. Ümumilikdə, kredit kartlarından istifadə günü-gündən geniş yayılır. Ancaq bunun fonunda kredit kartı istifadəçiləri narazılıqlarını da tez-tez dilə gətirirlər. Bu günlərdə biri yazmışdı: “Kredit kartım artıq məni bezdirib, anlamıram. Dəhşətli dərəcədə pul tutulur”. Bu kartlardan istifadə edənlərdən tez-tez “Ödə-ödə bitmir”, “Kredit kartları cibimizdən oğurluq edir” kimi fikirlər eşidirik. Problem nədədir? Kredit kartlarında maksimum faiz 25-26-dır. Ancaq insanlarda belə təəssürat var ki, ödədikləri məbləğ bankın təyin etdiyi 25-26 faizdən də yüksəkdir. Elədirmi?
Kredit kartlarında aylıq ödənişə yanaşma
Maliyyə və bank məsələləri üzrə ekspert Xəyal Məmmədli deyir ki, kredit kartları bir kredit xəttidir. Kredit xətlərində borcun ödənilməsinə yanaşma kreditlərdən fərqlidir: “Kredit budur ki, bank müştəriyə nağd pul verir. Sonra ödəmə üçün qrafik təyin edir. O qrafikdə həm əsas borcla bağlı ödəmə təyin edilir, həm də faiz borcundan ödəmə. Bir də var kredit xətləri. Kredit xətləri o deməkdir ki, bank sizə kredit verir və deyir ki, hər ay banka borcunuzun aylıq faizini ödəyirsiniz, əsas borcu isə təyin edilən müddətin sonuna qədər ödəyə bilərsiniz. 1000 manatlıq kredit xəttiniz varsa, onun bu ay üçün faizi 50 manatdırsa, bank yalnız aylıq ödəniş olaraq sizdən onu tələb edir. Kredit kartı dediyimiz, əslində, plastik kart vasitəsilə müştəriyə verilən kredit xəttidir. Yəni kredit kartlarında bankın bizə aylıq ödəniş olaraq təyin etdiyi məbləğ borcumuza o ay üçün hesablanan faizin məbləğidir. Əsas ödənişi kredit kartının müddəti nə qədərdirsə, o vaxta qədər ödəmək imkanı verir. Yalnız bir halda əsas borcun ödənilməsi tələbi yaranır. Məhsul alanda ödənişi aylığa böldürübsünüzsə, o məbləğ də aylıq faizin üzərinə əlavə edilir. Başqa halda siz kartdan pul çəkib xərcləyibsinizsə, yaxud onlayn alış-veriş edibsinizsə, borcunuz yaranıbsa, onu bölüb aylıq ödəniş olaraq sizə göndərmirlər, yalnız faizini istəyirlər”.
Kredit kartında daha çox faiz ödəyirik?
X.Məmmədli deyir ki, kredit xətlərində hər ay yalnız borcun faizini qaytarırıqsa, deməli, borcumuz azalmır: “Banklarda kreditlər qalığa hesablanır. Kreditlərdə hər ay əsas borcdan da ödəniş edirsən. Ona görə də, növbəti ay üçün borc məbləğin və borc faizin azalır. Kredit kartında isə sizdən faizi tələb edir. Əsas borcu istəmir deyə (taksitlə almayıbsınızsa), növbəti ay da borcunuz, təxminən dəyişməz qalır və yenə faiz ödəyirsiniz. Götürdüyünüz 1000 manatı qaytarmırsınızsa, yalnız faizini ödəyirsinizsə, banka borc məbləğiniz azalmır. Bu o deməkdir ki, kart vasitəsilə götürülən kreditlərdə faiz daha çox hesablanmış olur. Əsas borcun azalması, bağlanması, faizin azalması üçün minimum məbləğdən çox ödənilməsi lazımdır”.
Ekspert bildirdi ki, kredit kartı istifadəçiləri artıq faiz ödəməmək üçün bankların təqdim etdiyi güzəşt imkanından istifadə etsinlər: “Bankların əksəriyyətinin kredit kartında güzəşt müddəti var. Siz onlayn ödəniş edərək nə isə alırsınız. 40, ya 60 gün ona faiz hesablanmır. O müddətə qədər kredit kartından xərclədiyiniz pulu geri qaytarsanız, daha planlı olar. Faizsiz istifadə etmək istəyənlər bunu diqqətdə saxlaya bilərlər. Oradan xərcləsinlər, maaş alanda geri qaytarsınlar”.
“Nağdlaşdıranda daha çox itiririk”
Bir dəfə bankdan kredit kartı alanda bank əməkdaşı “sizə nağd pul lazımdırsa, kredit daha sərfəlidir, kredit kartı yox” demişdi. Bank məsələləri üzrə ekspert Əkrəm Həsənovun sözlərinə görə, kredit kartlarını onlayn ödənişlər üçün istifadə etmək yaxşıdır. Nağdlaşdıranda daha çox pul itiririk: “Kredit kartındakı pulu nağdlaşdırmaq sərfəli deyil. Hər bir bankın kredit kartındakı pulun nağdlaşdırılması üçün komisyon haqqı var. Bankdan nağd kredit götürəndə də komisyon haqqı ödəməli oluruq. Çünki banklar da nağd pulu Mərkəzi Bankdan komisyon haqq ödəməklə götürürlər. Nağd pul lazım deyilsə, kredit kartını onlayn ödənişlər üçün istifadə etmək məsləhətdir”.
“Borc olduğunu unutma”
Ə.Həsənov bildirdi ki, kredit kartlarına yanaşmada maliyyə planlaması olmalıdır: “Debet kartları belədir ki, vətəndaş öz vəsaitini karta yerləşdirir və sonra ondan istifadə edir. Kredit kartında isə bank karta müəyyən bir məbləğ yerləşdirib kredit olaraq sənə verir və onu xərcləyirsən. Hər ikisində maliyyəyə yanaşma planlı olmalıdır. Kredit kartlarında problem yoxdur. Vətəndaşlar əksər hallarda ayaqlarını yorğanlarına görə uzatmırlar. Hamıya aid deyil, bəzilərinə, doğrudan da, pul lazımdır. Amma bir çox insana kredit kartı lazım deyil. Telefonu, ya hansısa əşyanı dəyişmək, maşın almaq üçün istifadə edirlər. Yaxud kredit kartından pul çəkib gəzməyə gedirlər. Bir də baxırlar ki, borc yığılıb. Həyatın üçün çox da vacib deyilsə, alma. Kredit kartı deyil, elə kredit də götürüb onları etsəniz, yenə də borcunuz çox olacaq. Xərcləyərkən bunun borc olduğunu unutmamalısan”.
Aygün Asimqızı