aile

Ənənəvi təhlükə – qohum evliliklər

Baxış sayı: 755

“Statistikaya əsasən deyə bilərik ki, Azərbaycanda indi də qohum nikahlar kifayət qədər çoxdur. Belə nikahlar anadangəlmə fiziki anomaliyalı və talassemiya, hemofiliya, fenilketonuriya kimi genetik xəstəlikli uşaqların doğulma riskini artırır”. Bu fikirləri mətbuata açıqlamasında Səhiyyə Nazirliyi Respublika Ailə Planlanması Məsləhətxanasının baş həkimi Sitarə Haqverdiyeva bildirib. Onun sözlərinə görə, məsləhətxanada gələcək valideynlər nəsildə baş verə biləcək genetik pozulmalar barədə nikahdan əvvəl, ya da heç olmasa hamiləlikdən əvvəl məlumatlandırılır.

Qeyd edək ki, qohum nikahlar Azərbaycanla yanaşı, əksər ölkələrdə də problem olaraq qalmaqdadır. Statistikaya görə, dünyaya gələn uşaqların ən azı 8,4 faizi qohum nikahdan doğulur. Qohum nikahlar Qərbi Aralıq dənizi və Cənubi Hindistanda çox geniş yayılıb. Qohum evliliklərdə problemli uşaqların doğulma riski digərlərinə nisbətən, ikiqat artaraq 8-9 faiz təşkil edir. Almaniya qohum evliliklərinə çox az təsadüf edilən ölkələrdəndir. İnsanların təhsil səviyyəsi və genetik xəstəliklər mövzusundakı məlumatının artması bu cür evliliklərin 0,3 faizdən aşağı düşməsinə, hətta böyük şəhərlərdə daha da azalmasına səbəb olub. Yaponiyada isə qohum evlilikləri 6 faiz nisbətindədir, hətta adalarda 29 faizə yüksəlməkdədir. Ərəb ölkələri, Cənubi Hindistan, Misir və Türkiyə kimi ölkələrdə isə bu nisbət daha da yüksəkdir. Avropa və Amerikada isə qohum evliliklərindən doğulacaq uşaqların qüsurlu, irsi xəstəliklər və əqli qüsurlu olma vəziyyəti geniş yayılıb. Qohum evliliyində olan problem, sağlam olan şəxslərin genlərində daşıdıqları xəstəliklərin uşaqlarına keçməsidir. Birinci dərəcə qohumlar arasında evliliklərdə genlərin 1/8-i paylaşıldıqda genetik olarak aşkarlanan xəstəlik riski 3 faizdir. Aralarında qan bağı olmayan ata-analardan doğulan uşaqlarda isə 2 faizdir. Qohum nikahların ən çox rast gəlindiyi ölkələrdən olan Türkiyədə bu səbəbdən uşaqlarda bir sıra irsi xəstəliklərin yüksək olduğu müşahidə edilir. Belə ki, Türkiyədə qurulan evliliklərin 30-35 faizi qohum nigahların payına düşür. Bu evliliklər irsi xəstəlikləri özü ilə gətirir. Ən çox rast gəlinən irsi xəstəliklərdən biri də talassemiya olduğu vurgulanır. Belə ki, Türkiyədə sümük iliyi nəql edilən 400 xəstənin 150-i talassemiyalı xəstələrdir.

Onu da qeyd edək ki, dünyada qohum evliliyi nəticəsində doğulan uşaqların bir qismi 1 yaşına çatmadan ağır infeksiyalar səbəbindən ölür. Bu isə immun çatışmazlığı ilə bağlıdır ki, bunların da bir qismi məhz qohum evlilikdən qaynaqlanır. Belə ki, insanda 23 cüt xromosom var. Mütəxəssislər bildirirlər ki, hər bir cüt xromosomun biri anadan, digəri atadan gəlir. Xromosomlar DNT-ni formalaşdırır. DNT-nin funksiyalarını müəyyənləşdirən, kodlaşdıran bölümlərinə isə gen deyilir. Bizlər nəsillər öncəsi atalarımızın bizə hədiyyə etdiyi genetik xüsusiyyətlərlə yaşayırıq. Qısası, bu genlər bizim bütün həyat tərzimizin divarlarını hörür. Bir və ya bir neçə gen bizdəki özəlliyin məlumatını özündə daşıyır. Qohum evlilər eyni soydan gəldikləri üçün ana və atanın eyni geninin sürətini daşıyırlar. Qohum evliliklərdə zərərli genlərin bir-biri ilə qarşılaşma ehtimalı yüksəkdir. Ona görə də onların uşaqlarının müəyyən xəstəliklərə tutulması ehtimalı çox yüksək olur. Beləliklə, qohum nigahlar genetik xəstəlikləri artıran önəmli faktordur. Əgər dünyada əngəlli doğulan uşaqlar 1 faizdirsə, qohum evliliklərində 9 faizdir. Bu ailələrdə ölü və yarımçıq doğuşların sayı yad evliliklərə nisbətən 2 dəfə çoxdur. Həkimlər bildirir ki, qohum evliliklərdə ən çox rast gəlinən qan xəstəlikləri, göz, qulaq, əzələ – sinir, ürək – damar və şəkər xəstəlikləri, ağıldankəmlik və sairədir. Qan xəstəlikləri arasında isə talassemiya, hemofiliya və başqa qan xəstəlikləri daha çox yayılıb.

Talassemiya nəsildən-nəsilə keçən çox ağır irsi qan xəstəliyidir. Belə xəstələrdə lazım olan miqdarda qan hemoqlobin hasil olunmur, qanla birlikdə bədənə dəmir də köçür ki, bu da orqanizmdə dəmir artıqlığı yaradır. Dəmir artıqlığı 11 yaşından sonra insanın qara ciyərini, ürəyi, sonra endokrin sistemini zədələyir. Yığılmış dəmir ürək-damar çatışmazlığının inkişafı nəticəsində xəstənin ölümünə səbəb olur.

Bu nikahın yaratdığı fəsadlardan biri otozomal resesif xəstəlikləri adlanır. Burada genetik keçmənin özəllikləri isə odur ki, ilk növbədə, cinsiyyət fərqi yoxdur. Otosomal resessiv xəstəliklər hər nəsildə özünü göstərmir. Sağlam ata-anadan doğulan uşaq xəstədirsə, həm ana, həm də ata daşıyıcıdır. Normal olan ata-ananın uşaqlarının 1/2-nin daşıyıcı olması, 1/4-nin isə genotipik olaraq tamamilə sağlam olması gözlənir. Xəstə adam ilə genotipik olaraq tamamilə sağlam şəxs evlənərsə, uşaqlarının hamısı daşıyıcı olacaq. Xəstə şəxslə daşıyıcı şəxs evlənərsə, uşaqlarının yarısı xəstə, yarısı daşıyıcı olacaq. Daşıyıcılar, fenotipik olaraq sağlam olsalar da xəstə genləri sonrakı nəsillərə ötürən daşıyıcı vəzifəsini yerinə yetirirlər.

Yeri gəlmişkən, yaxın illərdə qohumlar arasında nikahın mənfi nəticələrinə dair mövzulara orta məktəb dərsliklərində də rast gələ biləcəyik. Bu məsələ Baş Nazir Əli Əsədovun ötən il imzaladığı “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın təsdiq edilməsi haqqında qərarda öz əksini tapıb. Qərara əsasən, Təhsil Nazirliyi təhsil müəssisələrində maarifləndirmə tədbirlərinin keçirilməsini, maarifləndirici və metodoloji vəsaitlərin dərc edilməsini, eyni zamanda erkən nikahın və qohumlar arasında nikahın gənclərin həyat və sağlamlığına təhlükəsi barədə valideynlər arasında təbliğat işini təşkil edəcək. Eyni zamanda, 9-11-ci siniflər üçün nəzərdə tutulmuş dərsliklərə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair mövzular daxil ediləcək.

Adil Qeybulla

Mövzu ilə bağlı fikirlərini bölüşən tibb elmləri doktoru, professor Adil Qeybulla bildirir ki, burada əsas məqam hansı kateqoriya qohum evliliyinin olmasıdır: “Təbii ki, birinci dərəcəli qohumlar, yəni xalaoğlu, əmioğlu, əmiqızı və s. arasında evliliklərdə əsas məsələ dölün sağlam gen götürmə ehtimalın məhdudlaşır. Yəni döl hər iki valideyndən gen götürdüyünə görə yaxın qohumlarda müxtəlif xəstəliklər nəsil üzrə davam elədiyindən məsələn, şəkərli diabet, döldə onların qalma ehtimalı daha çox artır. Ona görə də yaxşı olar ki, evlənən cütlüklərin qohumluq əlaqələri olmasın. Bu, mentalitetə bağlı məsələdir. Ona görə hesab edirəm ki, bu cür məsələlər təbliğatla həyata keçirilməlidir. Yəni bunu insanlara hansısa qadağalarla etdirmək mümkün deyil. Hər halda qadağalar da dövlət səviyyəsində həyata keçirilməlidir. Ən əsası, maarifləndirmə işlərinin aparılması və insanlara qohum evliliklərin mənfi fəsadlara gətirib çıxardığını təbliğ etmək lazımdır”.

musa quliyev

Məsələyə münasibət bildirən millət vəkili Musa Quliyev də hesab edir ki, yaxın  qohumlarla evliliyə qadağa qoyulması insan hüquqlarına ziddir: “Cəmiyyətdə belə evliliklərdən qüsurlu uşaqlar doğulsa da, ancaq insanlar evlilikdən öncə genetik analizlərdən keçib bunun qarşısını ala bilərlər. Yəni qanuna dəyişiklik etməkdənsə, maarifləndirici tədbirləri artırmaq lazımdır. Bütün müsəlman ölkələrində olduğu kimi, Azərbaycanda da yaxın qohumların evlənməsi halları məqbul sayılıb və kifayət qədər də geniş yayılıb. Düzdür, yaxın qohumların evliliyi zamanı genetik xəstəliklərin üzə çıxma ehtimalı yüksək olur və daha çox qüsurlu uşaqların dünyaya gəlməsinə səbəb olur. Bu o demək deyil ki, biz qohum evliliklərinə qadağa qoyub, kimin-kiminlə evlənməsinə qərar verməliyik? Sadəcə səhiyyə sahəsində maarifləndirici addımlar atmalı, insanlar arasındakı mədəni əlaqələri yüksəltməliyik. Onu da deyim ki, qohum evlilikərində dünyaya gələn uşaqların heç də hamısı qüsurlu olmur. Bəzən belə ailələrdə dünyaya gələn uşaqlar daha istedadlı, fiziki və əqli cəhətdən daha yüksək potensiala sahib olur. Burada əsas məsələ sağlam və xəstə genlərin kombinasiyasından gedir. Əgər hər hansı bir nəsildə xəstə gen daşıyıcıları varsa, həmin nəsildə qohum evlilikləri riskli ola bilər. Bunu ayırd etmək isə o qədər də çətin deyil. Bir neçə ildir ki, ölkədə nikaha girən şəxslərin icbari – tibbi müayinəsi həyata keçirilir. Hazırda genetik xəstəliklərin yoxlaması aparılmasa da, gələcəkdə müəyyən əlavələr etmək olar. İndiki mərhələdə öz əmisi qızı, yaxud da xalası qızı ilə evlənmək istəyənlər həkimə müraciət edərək genetik xəstəlik daşıyıcısı olub-olmadıqlarını müəyyənləşdirə bilər”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir