Ailə qurmaq gənc yaşına çatan hər bir kəsin arzusudur. Ancaq ailə quran zaman tələskənliyə yol vermək bu nikahın uzunömürlülüyünə heç də zəmanət vermir. Hər şeydən öncə qarşılıqlı hisslərin bütövlüyünə və səmimiyyətinə güvənmək üçün zaman verin. Çünki zaman çox şeyləri bəyan edir. Evlənmədən öncə bəzi şeylərə diqqət etməyimiz çox vacibdir. Əgər bir insan qarşısındakı insanı tanımadan evlənməyə qərar versə , gələcəkdə problemlərlə üzləşməyi qaçınılmazdır. ABŞ psixoloqlarının apardığı araşdırmalar göstərir ki, evlilik problemləri həll etmir, əksinə evlilikdən qabaq bir probleminiz varsa, evlilikdən sonra onların sayı daha da armış olur. Bəs nə etməli?
İlk öncə gələcək həyat yoldaşınızın, sevgilinizin sizin ailənizlə və ya ailə üzvlərinizlə necə münasibətdə olduğu, onlarla yola gedə bilməsi və problemlərinin olub-olmamasıdır. Boşanma hadisələrinin bir çoxunun səbəbi sırf yoldaşının ailəsi ilə yola getməməsi olur. Əgər həqiqətən də sevgilinizin ailəsi ilə ciddi problemlər yaşayırsızsa ya bu problemi tezliklə həll edin, ya da aranızda həll olunmayacaq dərəcədə ciddi problemlər varsa bu münasibəti bitirin, çünki əvvəl-axır evlilik həyatınızda bu problemlərlə üz-üzə gələcəksiz.
Evlənmədən əvvəl diqqət etməli olduğunuz digər məqam isə pulunuzu idarə etməyi bacarmağınızdır. Burda sizin çox imkanlı, varlı olmağınız nəzərdə tutulmur. Sadəcə, pulu yönlü istifadə edə bilmək bacarığınızdan qənaətlə söhbət gedir. Əgər yoldaşınızla bu məqamda problemlər yaşasanız, məsələn, bədxərclik etsəniz, pulunuzu nəyə gəldi xərcləsəz bu, sizin gələcəkdə evliliyinizə mənfi təsir göstərəcək. Ona görə də əvvəlcədən, gələcəkdə bu cür problemlərlə üzləşməmək üçün pul məsələsini ciddi intizama salmağınız məsləhət görülür.
Diqqət etməli olduğunuz digər məqam, münasibətinizdə yalanların olub-olmamasıdır. Əgər partnyorlar bir-birinə çoxlu yalan deyirlərsə, bu münasibət uzun ömürlü olmur. Əslində, yalan patoloji xəstəlik kimidir. Bir insan əgər yalan danışmağı vərdişlidirsə , bu hal siz evli olduğunuz zaman da belə davam edəcək.
Evlənəcəyiniz insana çox aşiq ola bilərsiz, ancaq unutmayın ki, bir münasibətdə vacib olan sevgilinizlə ünsiyyət qurmağı bacara bilməyinizdir. Bəzən bir-birinə vurğun cütlüklər özlərini romantik münasibətə həddindən artıq həsr edirlər və real dünyadan, problemlərdən kənarda qalırlar, problemləri müzakirə etməkdən qaçırlar. Ancaq bu həmişə belə davam etmir və evləndikdən sonra məcbur olub bu problemlərlə üzləşirlər. Ona görə də evlənmədən əvvəl onunla problemləri danışa bildiyinizdən əmin olun.
Ən önəmlisi odur ki, gələcək həyat yoldaşınızla aranızda dostluq münasibətləri olsun. Ancaq yaxşı bir dost olacağımız təqdirdə, ona etibar edib həyatımıza dair ən məhrəm məlumatları onunla paylaşa bilərik. Yəni başqa insanlardan gizlətməyə çalışdığımız şəxsi məlumatlara ancaq həyat yoldaşımızı ortaq edə bilərik. Lakin tərəflərdən birinin niyyəti xoş deyilsə, onda mübahisə zamanı həyat yoldaşının yalnız ona söylədiyi sirləri açıb hər kəsə deyə bilər. Belə zamanlarda qarşı tərəfi ittiham edən ifadələrin ardı-arası kəsilməz. Halbuki ailə üzvləri bir-birilərinə hamıdan daha çox etibar etməlidir. Əgər tərəflər ailə içərisində bir-birilərinə etibar etməsələr, o zaman fikirlərini paylaşa biləcəkləri başqa insanları axtarmağa başlayacaqlar. Bu da ailənin bütövlüyünə zərər verəcək.
Evlilik uşaq oyuncağı deyil, insandan bir az yetkin və olğun olmağı tələb edir. Hər işdə sakit və soyuqqanlı qala bilməyi tələb edir. Ona görə də əgər evlənəcəyiniz insan uşaq kimi davranırsa və ya uşaq xarakterlidirsə, tövsiyə edərdik ki, aranızdakı münasibətinizi bir daha gözdən keçirin.
Sevgi münasibətlərində mütləq fədakar olmalısınız. Əlbəttə, bir münasibətdə sevgi, pul çox böyük rol oynayır, ancaq bir yerdə qərar qəbul edə bilmək, özü də həmişə qəbul etdiyimiz qərarlar sizin xarakterinizə uyğun olmaya bilər və buna görə də yanınızda olan insanı mütləq dinləyib, bəzən onun üçün hətta fədakarlıq etməlisiniz. Əgər bir insan sadəcə özünü fikirləşirsə, qarşısındakı insanı anlamağa çalışmırsa, özünü onun yerinə qoymursa, belə münasibətlərdə qısa zamanda çatlar əmələ gələ bilər. Evlənəcəyiniz insanda empatiya bacarığının olması çox vacibdir.
Araşdırmalar göstərir ki, evlənmədən öncə sevgilinizin sizə qarşı diqqətli olub-olmasına fikir verəsiniz. Bu, özünü birbaşa büruzə verməsə də, tədricən, yəni münasibətlərə təsir göstərməklə əhatə dairəsini genişləndirir. Necə deyərlər, işdən evə dönən və xoş münasibət, üzdə təbəssüm uman kişi və ya xanım tam tərsi ilə qarşılaşınca, evdə mənəvi rahatlıq tapa bilmir.