fast food

“Fast food”ların orqanizmə təsiri haqda mühüm məqamlar

Baxış sayı: 658

Zaman azlığından gündəlik həyatımızda praktik istehlak etdiyimiz və qidalanma tərzinə çevirdiyimiz “fast food” məhsulları getdikcə özünə daha çox istehlakçı toplayır. İllərdir mütəxəssislər bu qidaların insan sağlamlığı üçün çox zərərli olduğunu desələr də, nə “fast food” sektoru çökür, nə də bu qidanı sevənlər azalır. Əvvəl isti ocaqda təbii məhsullarla bişirilib süfrə ətrafında yeyilən yeməkləri indi mənşəyi bəlli-olmayan süni və “soyuq” qidalar əvəz edir.

Bəs bu cür xarici dadlı, daxili təhlükəli qidaları yeyərkən sağlamlığımıza təsirləri haqqında da  düşünürükmü? Mütəxəssislər  “fast food”ların orqanizmə təsiri haqqında mühüm məqamlara aydınlıq gətirirlər.

Adil Qeybulla: “Fast food”larla qidalanan şəxslərdə onkoloji xəstəliklər daha çox müşahidə olunur

Tibb elmləri doktoru, professor Adil Qeybulla bildirdi ki, “fast food”lar əhalisi getdikcə artan dünyanın bir problemi olaraq ortaya çıxıb. Yəni, bütün dünyada qidalanma problemi var. Artıq  Yer kürəsində istehsal olunan  qidaların  miqdarı ilə insanların istehlak tələbi arasında ciddi fərq var.  “Fast food”ların da ortaya çıxmasının əsas səbəblərindən biri budur. Digər tərəfdən, insanların tez və asan əmələ gələn bu cür qidalara meyilləri artır.

Mütəxəssis vurğuladı ki, “fast food”lar  sağlamlığımıza təsirsiz ötüşmür:  “Əvvəla, bu cür qida məhsullarında istifadə olunan  yağlar dəfələrlə istifadə olunduğuna görə  orada  konseregen, yəni, xərçəng əmələ gətirən maddələr  yaranır. Bu konseregen maddələrin orqanizmə daxil olması gen mutasiyalarına səbəb ola bilər. Ona  görə də “fast food”larla qidalanan şəxslərdə onkoloji xəstəliklər daha çox müşahidə olunur. Bu cür məhsulların xolesteren mübadiləsinə də neqativ təsirləri çoxdur. Ona görə də insanlar “fast food” qidaların qəbulundan çəkinməlidirlər. Uşaqların “fast food”a meyilli olmaları daha da təhlükəlidir. Uşaqların erkən yaşda orqanizminin “fast food”la zibillənməməsi üçün  buna xüsusi diqqət etmək lazımdır.”

 

Endokrinoloq: “Fast food”ların zərərlərini sadaladıqda ilk növbədə piylənməni vurğulamalıyıq

Endokrinoloq-dietoloq  Vüsalə Babayeva mövzu ilə bağlı bildirdi ki,  “fast food”lar həm görünüşünə , həm də ləzzətinə görə bir çox insanın evdən kənarda olduğu mühitdə ilk tərcih etdiyi yemək çeşididir: “Bu cür qidaların zərərlərini sadaladıqda ilk növbədə piylənməni vurğulamalayıq. Bu qidalar dəyəri ucuz, kalorisi yüksək , bol miqdarda duz və şəkər tərkiblidir. Lif , protein, vitamin, mineral tərkibi demək olar ki, çox azdır. Yüksək karbohidrat tərkibi olduğu üçün mədəaltı vəzdən insulin ifrazını artırır. İnsulin ifrazı artdıqda bu karbohidratlar və yağlar orqanizmdə ehtiyat piy toxuması şəklində toplanır. Beləliklə, həm piylənmə, həm də şəkərli diabet  riski artmış olur.”

 

Mütəxəssis: Məsləhət görərdik ki, bu qidalardan ümumiyyətlə,  istifadə olunmasın

19 saylı Şəhər poliklinikasının baş həkiminin müavini Yeganə Cəfərova isə qəzetimizə açıqlamasında vurğuladı ki, “fast food”lar insanda  doyumluluq hissini tez yaratmasına baxmayaraq xeyrindən daha çox zərərləri var: “Qısa müddət ərzində hazırlanan  bu qidalar ilk növbədə piylənməyə, zehni problemlərə, qavranma qabiliyyətinin azalmasına, yaddaşın pozulmasına, ruh düşkünlüyünə  səbəb olurlar. Belə qidalar təkcə mədə-bağırsaq sistemini deyil, ürək-qan dövranına da öz zərərli təsirini göstərir, xolesterinin artmasına  səbəb olur və artmış xolesterin hesabına damar mənfəzi daralır.  Xolesterinin artması da hipertaniya kimi xəstəliklərin yaranmasına  da zəmin hazırlayır. “Fast food”lar  sümük  və əzələ sistemində dəyişikliklər yaradır. Ən çox tez yorulmalara səbəb olur.

 

“Fast food”ların yaratdığı fəsadlar sonradan həm terapevtik, həm də endokrin cəhətdən orqanizmdə müxtəlif xəstəliklərə yol aça bilər

Azərbaycan Tibb Universiteti II daxili xəstəliklər kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Səbinə Məşədiyeva-Bayramova vurğuladı ki,   bu cür qidalar tərkibində şəkər və duz çox olduğuna, eyni zamanda, dad gücləndiricilərindən əlavə olunduğuna görə onlar uşaqların  çox xoşuna gəlir. “Fast food”ların zərərlərindən danışdıqda ilk növbədə bu cür qidalar çox tez asılılıq yaradır. Onların tərkibinə yüksək miqdarda konservant, dad gücləndiricilər, qidanı boyalandıran maddələr qatılır. Bütün bu əlavələr orqanizmə zərərli təsirləri var. Belə qidaların tərkibində karbohidrat çox olduğu üçün  kalorisi də  yüksək olur. Yəni, bu qidalardan tez-tez istifadə edənlərdə çəki artımı yaranır, piylənmə prosesi sürətlənir. “Fast food”ların yaratdığı fəsadlar sonradan həm terapevtik, həm də endokrin cəhətdən orqanizmdə cürbəcür xəstəliklərə yol aça bilər.”

 

 “Fast food” qidalarını böyüklərdən olduğu kimi, uşaqlardan da uzaq tutmalıyıq

Qastroenteroloq – hepatoloq Nazlı Qasımova  qeyd etdi ki,  “fast food”ların həm böyüklər, həm də  uşaqlar üçün ən çox verdiyi zərər artıq çəki, insulin dirənci problemi yaratması, şəkərli diabet xəstəliyi, metabolik sindrom, eləcə də qaraciyər piylənməsi kimi xəstəliklərin yaranmasına səbəb olmasıdır: ““Fast food” qidalar hazır əldə olunan, əlimizin altında olan, “işimizi yüngülləşdirən”, yüksək kalorili, vitamin və mineral defisiti olan qidalardır.  Bu, həmçinin yüksək şəkərli, asitli içkilərə və karbohidratlı qidalara da aiddir. Bunlar arasında təbii ki, bulkalar, hamburgerlər, çizburgerlər, qızartma kartoflar, həmçinin şirniyyatlar uşaqların ən çox sevdiyi qidalardır. Uşaqların  inkişaf dövründə belə məhsullarla qidalanmaları   onların sağlamlığına həddindən artıq çox ziyanlı təsir edir.

Müsahibimiz əlavə etdi ki, Böyük Britaniyanın Anglia Ruskin Universitetində aparılan  araşdırmalara əsasən, “fast food”un böyüklərə diabet qədər zərərli olduğu sübut olunmuşdur. ABŞ-ın Ohio Universitetində aparılan tədqiqatlara isə 15-18 yaş arasında 8 min şagird cəlb olunmuşdur. Tədqiqat zamanı həftədə 2-3 dəfə “fast food” la qidalanan uşaqların riyaziyyat və digər dəqiq elmlərdə 40 faiz çox zəif olduğu sübut  edilmişdir.  Bunun səbəbi kimi də bu uşaqlarda “fast food” qidalardan aşırı istifadə olunması göstərilib.  Əsas səbəb kimi doymamış yağ turşularının defisiti əsas götürülüb, hansı ki, “fast food” qidalarda da bu defisit miqdarı önəm təşkil edir. Ümumiyyətlə, “fast food”, karbohidratlı qidalar lipid mübadiləsinə də çox ciddi təsir göstərir. Lipid mübadiləsində çox ciddi nöqsanlar yaradır. Bu  isə qan-damar sistemi xəstəliklərinin yaranmasına səbəb olur. Ona görə də bacardığımız qədər “fast food” qidalardan  həm böyüklər, həm uşaqlar uzaq durmalıdırlar. Tövsiyəm odur ki,  hər kəs aktiv həyat  tərzi keçirsin və sağlam qidalansın.

 

Yaqut Ağaşahqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir