Repetitor

Repetitorluq, yoxsa yeni dələduzluq forması?

Baxış sayı: 511

Əvvəl tərifləyir, sonra “özünü itirdi” deyir – Hazırlıq kurslarının kələyi Son vaxtlar repetititorlardan narazı qalan valideynlərin sayı artıb.

Onlar düşünürlər ki, repetitorlar şagirdlərin biliyini düzgün qiymətləndirmir, valideynlərə övladlarının hazırlıq səviyyəsi barədə doğru məlumat vermirlər. Çünki “sənin övladın oxumur” desələr, aylıq əlavə qazanclarını itirmiş olacaqlar.

Sonda abituryent az bal topladıqda isə repetitorlar “yəqin stress keçirib”, “özünü itirib” kimi cümlələrlə yaxalarını kənara çəkirlər. Bəs bu iddialar nə qədər doğrudur? Repetitor Mərcan Rüstəmova isə səsləndirilən iradlarla razılaşmır.

Onun fikrincə, bu cür məsələlərdə əsas məsuliyyət valideyn və abituryentlərin üzərinə düşür:

“Valideynlər övladlarını repetitor yanına göndərərkən elə bilirlər ki, repetitor sehirli bir qüvvədir ki, mütləq o uşağın necə olur olsun öyrədəcək. Əslində isə elə deyil hər uşağı öyrətmək o qədər də asan bir məsələ deyil, hər uşağ eyni səviyyədə öyrənmir. İmtahan verən şagird də təbiidir ki, müəyyən narahatlıq olur ya məsuliyyətdən, ya qorxudan həyacanlana bilər, stress ola bilər bu təbiidir, amma müəllimin bir vəzifəsi də öyrətdiyi uşağları o vəziyyətə hazırlamaqdır”.

Təhsil üzrə mütəxəssis Nəzrin Fərzəliyeva isə düşünür ki, valideynlər şikayətlərində tam haqlıdırlar. Bəzi müəllimlərin və hazırlıq kurslarının əsas məqsədi tamam başqadır:

“Bəzi hazırlıq kursları və yaxud da repetitorlar valideynləri və abituryentləri yanlış yönləndirir. Tələbəni itirməmək üçün dərsində yaşadığı hansısa çətinliyi və yaxud pərformansının aşağı olmasını valideynlə bölüşmür. Yekun nəticədə uğursuz bir göstərici əldə etdiyi zaman tələbəni stresslə və yaxud da sürüşdürmə ilə günahlandırır ki, buna görə aşağı bal toplayıb. Lakin bununla bağlı edə biləcəyimiz tək bir şey var. Dövlət İmtahan Mərkəzi sınaq imtahanları keçirir. Abituryentlər burada tez-tez iştirak etsinlər, öz nəticələrinin fərqində olsunlar və təbii ki, çalışma qrafiklərini məhz buna uyğun düzənləsinlər”.

Bəs valideynə övladının təhsil səviyyəsi ilə bağlı doğru məlumat verməyən, daha çox pul almaq üçün saxta qiymətləndirmə aparan müəllimlər və ya kurslar hansısa hüquqi məsuliyyət daşıyırlarmı?

Məsələn, 4-5 il hazırlığa gedən, müəllimlərin təriflədiyi abituryentin nəticələri çox aşağı olduğu halda valideyn pulunu geri ala bilərmi?

Hüquqşunas Şamil Paşayevin sözlərinə görə, bu yalnız müqavilə bağlandığı halda ola bilər:

“Abituryent və abituryentin valideyniynən müəllim və yaxud da kurs arasında bağlanan muqaviləyə baxmaq lazımdır. Müqavilə şərtlərində və yaxud da bunların razılaşmasına əsasən uşağın hazırlaşdırılması və nəticədə uşağa 100 % universitetə qəbul olmaq kimi bir öhtəliyi repetitor və yaxud da kurs öz boynuna götürürsə, o zaman bəli məhkəməyə verib və hər hansısa nəticə əldə etmək mümkündür, amma ümumi hallar da adətən müəllimlər və kurslar bu məsələlərdə uşağı sadəcə hazırlaşdırmağı öhtəsinə götürür, amma universitetə qəbul olub olmaması artıq onlarnan bağlı olan məsələ deyil, belə olan halda həmin kursu və yaxud da repetitoru hər hansısa bir təzminat, cəza, pul cəriməsi gözlənilmir”.

Gördüyünüz kimi, ölkəmizdə bu sahədə xüsusi məsuliyyət aktı yoxdur. Məsuliyyət daşıyan yeganə tərəf abituryentdir. Buna görə də, mütəxəssislər tövsiyə edirlər ki, valideyn heç bir halda övladının təhsil prosesinə biganə yanaşmamalı, müxtəlif sınaq imtahanları vasitəsilə onun bilgisini özü qiymətləndirməlidir. Belə olan halda illərlə xərclədiyiniz vəsait də boşuna getməyəcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir