urek

Ölkəmizdə insanlar ən çox hansı xəstəliklərdən dünyasını dəyişir?

Baxış sayı: 689

İki ildir Azərbaycanda qeydə alınan ölümlərin sayında kəskin artım qeydə alınır. “Azadlıq” radiosunun rəsmi statistik məlumatlar əsasında hazırladığı materialda deyilir verir ki, 2019-cu ildə Azərbaycanda 56 minə yaxın ölüm halı baş verib. Öncəki üç ildə də bu göstərici təxminən 57 min nəfər idi. Ancaq 2020-ci ildə ölənlərin sayı cəmi bir il içində 20 min nəfərə yaxın artaraq 75 min 647 oldu. Ötən il bu göstərici bir qədər də artaraq 76 min 878-ə yüksəldi.

Bəs, Azərbaycanda insanlar ən çox hansı xəstəliklərdən dünyasını dəyişir?

Ötən il Azərbaycanda qeydə alınan ölüm hallarının 54 faizi (41 min 708 nəfər) qan dövranı sistemi xəstəliklərindən qaynaqlanıb. Bu xəstəliklər ənənəvi olaraq Azərbaycanda ən çox qeydə alınan ölüm səbəbidir. Ölüm doğuran ikinci xəstəlik onkoloji xəstəliklərdir (yenitörəmələr). Ötən il Azərbaycanda 8 min 509 nəfər bu xəstəliyin qurbanı olub. Bu o deməkdir ki, ölkədə vəfat edən hər doqquz nəfərdən birini məhz onkoloji xəstəliklər öldürür. Bu xəstəlikdən vəfat edənlərin sayı son üç ilə nəzərən nisbətən azalsa da, daha əvvəlki illərlə müqayisədə çox yüksəkdir. 2011-ci ildə Azərbaycanda əhalinin hər 100 min nəfərindən yenitörəmələr səbəbi ilə 66-sı vəfat edirdi. Ötən il həmin rəqəm 84 olub. Nəzərə almaq lazımdır ki, son illərdə hər il onkoloji xəstəlik diaqnozu qoyulan şəxslərin sayı 10 min nəfəri ötür.

Ötən il üzrə ölüm səbəblərinin sayı ilə bağlı rəqəmlər arasında ən diqqətçəkəni sinir sistemi xəstəlikləridir. Belə ki, 2021-ci ildə sinir sisteminin xəstəliklərinə görə vəfat edənlərin sayı öncəki illərlə müqayisədə dörd dəfəyə yaxın artıb. Ötən il Azərbaycanda 2 min 504 nəfər məhz sinir sistemi xəstəliklərindən dünyasını dəyişib. 2020-ci ildə eyni səbəbdən ölənlərin sayı 740 nəfər, 2019-cu ildə isə 848 nəfər olmuşdu. Ümumiyyətlə, indiyədək Azərbaycanda bir ildə sinir sistemi xəstəliklərindən vəfat edənlərin sayı maksimum 1min 338 nəfər olub və heç bir zaman 2021-ci ildəki qədər yüksək rəqəm qeydə alınmayıb.

“Klinik və laborator müayinələrlə aşkar edilən simptomlar, əlamətlər və normadan kənaraçıxmalar” başlığı ilə təsnifləşdirilən ölümlərin də sayı sırf 2021-ci ildə kəskin artıb. 2020 və əvvəlki illərdə hər il ortalama 1 min 600 nəfərin ölümü bu kateqoriyaya daxil edilirdi. 2021-ci ildə isə eyni səbəblərdən vəfat edənlərin sayı birdən-birə 4 min 124-ə yüksəlib.

Ötən il bəzi xəstəliklərə görə ölənlərin sayında nisbi azalma olub. Məsələn, “perinatal dövrdə meydana çıxan bəzi hallardan” 349 nəfər vəfat edib. Öncəki illərdə bu göstərici mindən çox idi. Görünür, ölkədə doğum göstəricisinin kəskin azalması doğum prosesi ilə bağlı ölüm hallarını da azaldıb.

Tibb Universitetinin Tədris Cərrahiyə Klinikasının həkim-nevroloqu Yeganə Rəşidova mövzu ilə bağlı bunları dedi: “Bizdə nevrologiyada əsasən xüsusi insultlarla bağlı ölüm halları olur. Bu da əsasən özünü idarə edə bilməyən, nəzarətsiz insultlardan ölümlərdir. Stress vəziyyəti bu cür ölümlərə səbəb olur. Stress əksər hallarda sinir, ürək-damar, immun,  endokrin, cinsiyyət sisteminə təsir edir. Yəni nevrologiyada ölümlər ən çox stress və insultlar səbəbindən baş verir”.

Həkim əlavə edib ki, insanlar daha çox pandemiya dövründə sinir xəstəliklərindən əziyyət çəkiblər: “Xəstəlikdən sonra insanlar post-COVİD sindromu keçirirlər. Yuxusuzluq, yaddaşsızlıq, arterial təzyiqin qalxması, kəskin baş gicəllənmələri, baş ağrıları artıb ki, bunlar hamısı  COVİD sindromuna aiddir. Bunların da başında yuxusuzluq dayanır”.

Həkim “yaddaşsızlıqla bağlı insanlar daha çox şikayət edir, bununla bağlı nə etmək lazımdır” sualına belə cavab verib: “Birincisi, normal həyat ritmini bərpa etmək lazımdır. Yuxu rejiminə ciddi fikir vermək lazımdır. Normal qidalanma olmalıdır. Təmiz havada ən azı gündə bir saat olmaq lazımdır. Bunlarla bərpa olunmursa, əlbəttə, nevroloji müdaxilə lazımdır”.

Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikası

Y.Rəşidova “ölkədə doğum göstəricisinin kəskin azalması doğum prosesi ilə bağlı ölüm hallarını da azaldıb” fikrinə bu cür münasibət bildirir: “Deməzdim ki, doğuş zamanı ölüm saylarının azalması doğum saylarının az olması ilə bağlıdır. Çünki bizim xarici dövlətlərdə ixtisaslaşıb gəlmiş həkimlərimiz var. Yetərincə diaqnostik müayinə metodlarımız var, analizlərimiz var. İnsanlar da bilgilidir. Mütəmadi olaraq həkimə gedir, müayinələrdən keçirlər. Doğuş zamanı niyə ölüm halları olmalıldır ki?! Normal həkim potensialımızın olması ölümlərin qarşısını alıb”.

Həkim “son dövrlər insanlarda əllərin əsməsi halları çoxalıb, bu, parkinson xəstəliyi ilə bağlıdır, yoxsa sinirlə bağlı başqa xəstəliyin əlamətidir” sualına belə cavab verib: “Əllərin əsməsi tam olaraq parkinson xəstəliyi demək deyil. 35-40 yaş dövründə sinirlə əlaqəli əl əsmələri olur. Parkinson diaqnozu əsasən 50-60 yaşlı xəstələrdə olur. Bu xəstəlikdə əsasən irsi faktor özünü büruzə verir. Əgər əllərin əsməsi 35-40 yaşdan aşağı insanlarda aşkarlanırsa, nevroloji müalicə ilə və düzgün həyat ritmini bərpa etdikdən sonra o insanlar sağalır. Parkinson xəstələrinin də müalicə metodları var. Bəli, statistikaya görə parkinson xəstələri artıb. Bunun da səbəbi insanlarda beyin yükləməsi, yuxusuzluq parkinson xəstəliyinə səbəb olur. Onların aradan qaldırılması xəstəliyin qarşısı alınır”.

 

Afaq MİRAYİQ




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir