neqliyyat

İctimai nəqliyyatı necə xilas edək? – ARAŞDIRMA

Baxış sayı: 546

Sentyabr ayı gəldi, dərslər başladı, Bakı böyük tıxacla üzləşdi. Hər il sentyabr ayında eyni problem yaşanır. Ancaq bu il problem daha böyük oldu. Əslində, öncədən də ekspertlər bunu proqrozlaşdırırdılar. Bildirirdilər ki, dərslər başladıqdan sonra Bakının küçələrində indiyə qədər rast gəlmədiyimiz tıxacları görəcəyik.

Tıxacın bu səviyyədə olmasının səbəblərinə baxsaq, hazırda ictimai nəqliyyatın problemli olması ilk yerdə durur. Bu, onunla izah olunur ki, ictimai nəqliyyatdan istifadə rahat olmayanda, insanlar taksilərə, şəxsi avtomobillərə üz tuturlar. Hansı ki, biz bunu hazırda paytaxtın yollarında müşahidə edirik. Mütəxəssislər açıqlamalarında bildirirlər ki, vəziyyətin bu cür davam etməsi ictimai nəqliyyatı sıradan çıxara bilər. Amma ictimai nəqliyyat vacibdir və onun sıradan çıxmasına imkan verməməliyik. Bəs ictimai nəqliyyata problem yaradan səbəblər nədir? Çıxış yolu olaraq nələr edilməlidir?

Atılmalı ilk addım

Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərin sözlərinə görə, ilk atılmalı addım sərnişindaşımanın keyfiyyətinin yüksəldilməsi olmalıdır: “Birincisi, marşrut xətlərində nəqliyyat vasitələrinin sayı artırılmalıdır. Bununla avtobuslar arasında olan intervalların sayı da azalar və sərnişinlər dayanacaqlarda uzun müddət gözləməzlər. İkincisi, dayanacaqlarda elektron lövhələr olmalıdır ki, sərnişinlər hansı marşrut avtobusunun nə zaman gələcəyini bilsinlər. Digər tərəfdən, “BakıKART”lara ödəmə prosesi sadələşməlidir. Bizdə isə sadələşdirmək əvəzinə daha da çətinləşdirilib. Dayanacaqlardakı terminallar yığışdırılıb, sərnişinə deyilir ki, balansını internetlə artır. İctimai nəqliyyatda vəziyyəti yaxşılaşdırmaq üçün mərhələli şəkildə bu addımlar atılmalıdır ki, insanlar şəxsi avtomobillərə, taksilərə çox üz tutmasınlar”.

 

Qiymət artsa, keyfiyyət yüksələcək?

E.Cəfər deyir ki, hazırda dövlət ictimai nəqliyyata subsidiya ayırır: “Dövlət Bakı Metropoliteninə, daşıyıcı şirkətlərdən isə “Baku Bus MMC”yə illik subsidiya ayırır. Avtobusları dizel mühərriki ilə çalışan özəl daşıyıcı şirkətlərə dizel subsidiyası verir. Bundan əlavə, Azərbaycanda yalnız xidməti vəzifəsinin icrası zamanı polis orqanları əməkdaşları və müddətli həqiqi hərbi xidmət qulluqçularının metrodan ödənişsiz istifadəsi üçün güzəştlər nəzərdə tutulur. Başqa heç bir sosial təbəqəyə, statusu olan şəxslərə güzəşt yoxdur. Bu, özlüyündə dövlətin özəl daşıyıcılara yaratdığı imkandır”.

E.Cəfər “Qiyməti yüksəltməklə ictimai nəqliyyatda keyfiyyətli xidməti təmin edə biləcəyikmi?” sualının cavabının “yox” olduğunu dedi: “İctimai nəqliyyat qiymətlərini yüksəltmək əvəzinə, dövlət maliyyə çətinliyi yaşayan özəl daşıyıcı şirkətlərə il ərzində “Baku Bus MMC” kimi müəyyən subsidiyalar ayıra bilər. Bu subsidiya üçün maliyyə mənbəyi də var. Hazırda Bakı şəhərində parklanma pulsuzdur. Lakin bəzi işbazlar bu yerlərdə qanunsuz parklanma xidməti təşkil edirlər. Qanunsuz parklanma xidmətindən il ərzində 40 milyon manat pul götürürlər. Parklanmanı dövlət pullu edə, il ərzində yığılan 40 milyon manatı ictimai nəqliyyatda işləyən özəl daşıyıcı şirkətlərə subsidiya verə bilər. Bununla da qiymətlərin yüksəldilməsi spekulyativ söhbətləri bitməlidir”.

“İctimai nəqliyyat dövlətin əlinə keçməlidir”

“Avtostop” radio verilişinin aparıcısı, Dj Tural Yusifov deyir ki, ictimai nəqliyyatın bu gün problemli halda olmasının səbəbi onun özəl əllərdə cəmləşməsidir: “Bir avtobusun xəttə çıxması üçün sahibkarın xərclərinə baxaq. Avtobuslar lizinq yolu ilə götürülür. Onların aylıq ödənişi, sürücünün əməkhaqqısı, amortizasiya xərcləri və s. var. Avtobus parkının saxlanma xərcləri də var. Avtobus parkı sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şirkətlərin qarajı, qarajın servisi olan yerdir. Orda sürücülər hər gün həkim müayinəsindən, avtobuslar texniki baxışdan keçirilməlidir. İndiki sərnişindaşıma qiymətləri ilə şirkətlər avtobus parkını saxlaya bilməzlər. 10-20 qəpiklik qiymət artımı ilə də daşıyıcı şirkətlərin yenə bir qazancı olmayacaq. Yanacaq, ehtiyat hissələrinin qiyməti artdıqca sahibkarın xərcləri yenə artacaq. Bu şərtlərlə keyfiyyətli xidmət təşkil etmələri çətindir”.

T.Yusifov bildirdi ki, ictimai nəqliyyat dövlətin idarəetməsində olmalıdır: “İctimai nəqliyyat gəlirli sahə deyil. Şirkətlər burdan pul qazana bilməz. Qazanmaq üçün gərək müəyyən xərcləri azaltsınlar. Məsələn, sürücüləri həkim müayinəsindən, avtobusları texniki baxışdan keçirməsinlər. Bunun nəticəsidir ki, iki şirkətdən başqa digərləri demək olar ki, bunu etmirlər. Bu səbəbdən dünyanın bir çox ölkələrində ictimai nəqliyyat ya şəhər bələdiyyəsinə aiddir, ya da hansısa dövlət qurumuna. Bizdə isə icra hakimiyyətinə, yaxud hansısa dövlət qurumuna aid olmalıdır ki, dövlət bunu dotasiyada saxlaya bilsin. Yəni ictimai nəqliyyat dövlətin əlinə keçməli, bunu dövlət idarə etməlidir. Necə ki əvvəllər bu var idi. Sadəcə, bunun infrastrukturu yox idi, ona görə özəl şəxslərə verdilər. İndi isə dövlətin “Baku Bus” kimi təcrübəsi var. Onun üzərindən getmək olar”.

 

“Metro stansiyalarının  sayı artırılmalıdır”

Aparıcının sözlərinə görə, ictimai nəqliyyatın prioriteti olmalıdır, insanlar onun üstünlüyünü hiss etməlidir: “Bayıldan Neftçilər prospekti boyunca gələn avtobus Azneft dairəsində tıxacda qalacaqsa, bu ictimai nəqliyyatın mənası yoxdur. İctimai nəqliyyat tıxacda qalmamalıdır. Görürəm ki, ictimai nəqliyyatdayam, adam çoxdur, basabasdır, avtobus da tıxacda qalıb. Onda deyirəm ki, kreditlə maşın götürüb rahat öz maşınımda tıxacda qalım”.

T.Yusifov dedi ki, şəhər insanyönümlü, ictimai nəqliyyat yönümlü, mobil olmalıdır: “Metronun inkişaf planına baxanda stansiyalarının sayı çox azdır. Düzdür, bəzi yerlərdə qazıntı aparmaq çətindir, yaxud müəyyən yerlərdə tikintilər var, orda metronun yüksək gərginlikli naqilini aparmaq çətindir. Amma ümumilikdə, stansiya sayının artırılması lazımdır”.

 

Aygün Asimqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir