“Səhərlər əllərdə uyuşma, şişkinlik, yanma, iynə sancma, qarışqa gəzmə hissi, ağrı ilə yuxudan oyanma hallarından şikayət edənlərə tez-tez rast gəlinir. Günün irəliləyən saatlarında bu şikayətlər itdiyi üçün xəstə həkimə müraciət etmək fikrindən daşınır. Daha sonralar xəstə gecə yuxudan oyananda əllərində ilk üç və dördüncü barmağın iç səthində uyuşma və ağrı olur. Xəstəlik şiddətləndikcə, sinirin sıxılma dərəcəsi və müddəti artdıqca əllərdəki ağrı xəstəni gecə yuxudan oyandırır və xəstə əllərindəki ağrını azaltmaq üçün məcburən əllərini sallatmak, silkələmək, hərəkət etdirmək və ovuşdurmaq məcburiyyətində qalır. Bu hərəkətlər bir qədər xəstənin ağrısının azalmasına səbəb olur”.
Bunu karpal tunel sindromu xəstəliyindən danışan Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi, həkim-terapevt, ailə həkimi Nərminə Abbasova bildirir.
Ağrıların əsasən əllərdə olduğunu, ancaq zaman keçdikcə bu ağrıların saidə, bazuya və çiyinə dogru yayıldığını qeyd edən həkim-terapevt vurğuladı ki, xəstələrin bəzilərinin yay aylarında bir qədər rahatladığı, qışda isə şikayətlərinin artdığı gözlənilir:
“Bu dönəm illərcə davam edə bilir. Sonunda xəstə uyuşmaların çox şiddətlənməsi, yaxud buna əlavə olaraq ovuc içi bölgədə əzələ zəifliyi və incəlmələr səbəbindən həkimə üz tutur. Gecikmə isə əldə qüvvət, güc itkisinə səbəb olur. Belə ki pasient artıq çox yüngül maddələri belə qaldıra bilmir, əlindən düşürür, ya da cismin əlində olduğunu fərq etmir.
Karpal tunel sindromunda ağırlaşmış hallarda irəliləyən mərhələdə xəstə əllərdə ağrı, keylik, gücsüzlüklə yanaşı isti, soyuq kimi hissiyyatları ayırd edə bilmir. Bu isə təhlükəli qəzalara gətirib çıxara bilir. Xəstə bunu – “iynə tuta bilmirəm” kimi ifadə edir”.
Nərminə Abbasovanın sözlərinə görə, karpal tunel sindromu əsasən qadınlarda, 40-60 yaş arasında daha sıx görülür. Şəkər xəstəliyi, revmatoid artrit, hipofiz vəzinin hiperfunksiyalarında, hipotroidi, köklük, doğum kontrol tablet istifadəçilərində, menopauza dövründəki xanımlarda, Gut (Gut – oynaqlarda şişlik, qızartı, şiddətli ağrı ilə müşayiət edilən oynaq iltihabı) kimi xəstəliklərdə yanaşı olaraq bu problem yarana bilməkdədir:
“Hamiləlik dövründə vücudda maye artması karpal tünel içində təzyiq artmasına, bu da keçici olaraq karpal tunel sindromu əlamətlərinin olmasına yol açır. Əgər hamilə xanımlarda əllərdə uyuşma, keylik, gücsüzlük kimi şikayətlər varsa, erkən müddətdə həkimə bu haqqda məlumat vermək lazımdır. Travma, titrəşimli alət istifadə edən, əllərini çox işlətmək məcburiyyətində olan peşə sahiblərində, xüsusilə əl biləyinin davamlı bükülü pozisiyada qaldığı durumlarda, siqaret, spirtli içki aludəçilərində bu sindromun yaranma ehtimalı yüksəkdir. Eyni zamanda evdar xanımların gördükləri əl işi, ev işi kimi aktivliklər bu sindromun oluşma səbəbləri arasında başda yer almaqdadır”.
Həkim-terapevt bildirib ki, bu xəstəliyin araşdırılması və diaqnozunun qoyulması nevropatoloq və neyrocərrahlar tərəfindən xəstənin kliniki müayinəsi əsasında aparılır:
“Bu sindromun diaqnozunun qoyulması üçün EMG və bilək MRT, USM istifadə olunaraq, xəstəliyin şiddəti və yaranma səbəbi araşdırılır. Xəstəliyin ağırlıq dərəcəsinə uyğun olaraq dərman müalicəsi, fizioterapiya və cərrahi müalicə icra olunur. Başlangıç dönəmində əl biləyi hərəkətlərinin məhdudlaşdırılması və bilək ortezi istifadə etmək tövsiyə olunur. Dərmanlardan isə qeyri-steroid iltihab əleyhinə maddələr, vitamin B6, B12, diüretik və steroidlər xəstəliyin simptomlarını erkən mərhələdə yüngülləşdirir. Lazım olarsa, bilək kanalı içərisinə inyeksiya olunan steroidlər sinir ətrafındakı şişlikləri azaldaraq simptomların yaxşılaşmasına yardımçı ola bilər. Fizoterapiyalardan ultrasəs, Tens, maqnitoterapiya və sair proseduralar erkən mərhələlərdə fayda verir”.
Nərminə xanım vurğulayb ki, bir neçə ay ərzində itməyən və konservativ müalicələrə rəğmən davam edən karpal tunel sindromlarında əməliyyat lazım olur. Həkimin sözlərinə görə, əməliyyat yerli, lokal anesteziya ilə icra edilir:
“Əməliyyat təqribən 20-30 dəqiqə davam edir. Əməliyyatdan 3 saat sonra xəstə evə yazılır. Əməliyyat zamanı ovuc içi – əl biləyi arasından qisa məsafədən karpal tunel çatılır və tunelin üstünü təşkil edən transvers karpal ligament (köndələn bilək bağı) insizyona uğradılaraq karpal tunel açılır və beləliklə sıxılmaqda olan median sinir azad olunur. Gecikdirilmiş hallarda isə median sinirin qalınlaşmış sinir qılafı mikroskop altında nevroliz (sinir sərbəstləştirilməsi) olunur. Beləliklə sinir ətrafındakı təzyiq aradan qaldırılmış olur. Əməliyat sonrası şikayətlərin keçməsi həmin dəqiqə olmaz. Adətən əməliyyat sonrası ilk ay içində əməliyyata bağlı şişkinliklə (ödemlə) əlaqədar sinirdəki sıxışma davam edəcəyindən şikayətlərdə qismən artma ola bilər. Buna görə də xəstələrin lüzumsuz olaraq narahat olmasına dəyməz. Ancaq birinci aydan sonra şikayətlərdə ciddi dərəcədə bir azalma hiss edilir və xəstə rahatlaşmış olur”.
Həkim-terapevt bildirib ki, tam sağalma mərhələsi əməliyyatın xəstə tərəfindən gecikdirilmə müddətində, yəni dolayı olaraq sinirin uzun müddət sıxılma müddətindən asılı olaraq əməliyyatdan sonra təqribən 3-6 ay arasında dəyişə bilir:
“Bəzən çox ağır və gecikdirilmiş xəstələrdə əməliyyatdan sonra şikayətlərin əksər hissəsi azalmaqla bərabər tam olaraq ortadan qalxmaya da bilər. Ona görə də erkən müddətdə əməliyyat etdirmək daha faydalı olur”.