Onlayn satış üzrə mütəxəssis Aysel Əliyeva bildirir ki, müştəri mağazada alış-veriş edərkən məhsullardakı aşkar qüsuru öz gözləri ilə görür. İstənilən halda hamı bilir ki, bəzi böyük internet alış-veriş saytlarında məhsul çeşidi demək olar ki, limitsizdir. Çünki bu saytlarda yüzlərlə satıcı var. Onlayn alış-veriş saytının özü adətən birbaşa satıcı deyil, öz saytında həmin satıcıları təqdim edir. Satıcılar da birbaşa müştərilərə satırlar.
“Ancaq qavrayış belədir ki, internet alış-veriş saytına daxil olaraq məhsul aldığı zaman saytın satıcı olduğunu düşünür. Bu zaman internetdən alınan məhsulun qüsurlu olduğu aşkar olunarsa, satışın həyata keçirildiyi internet saytı ilə yanaşı, satıcının da məsuliyyət daşıyıb-daşımayacağı ilə bağlı problem yaranır. Çünki satıcı bəzən veb saytın özü ola bilər. Veb saytın özü birbaşa satıcı deyilsə, həmin veb saytdakı satıcı məsuliyyət daşıyır. Veb saytın özü bütün reklamlarda və tanıtımlarda şəxsiyyət kimi göstərilsə də, qüsurlara görə məsuliyyət daşımır”,– deyən mütəxəssis qeyd edir ki, belə hallarda müştəri məhsuu geri qaytara bilmirsə, müxtəlif qurumlara müraciət edir ki, adətən bu müraciətlər də nəticəsiz olur. Və yaxud müştəri 100 manata aldığı məhsul üçün artıq vəsait xərcləyib məhkəmələrə düşmək istəmir. Belə hallarda qazanan sadəcə sayt üzərində olan satıcılar olur.
“Bəli, onlayn satışın müsbət tərəfləri olduğu kimi mənfi tərəfləri də var. Bu səbbədən də, alış-veriş zamanı iki dəfə düşünmək lazımdır. Məhsulu satan satıcını araşdırmaq, məhsullar haqqında yazılan, satıcı haqqında yazılan şərhlər oxumaq lazımdır. Bundan sonra əgər 100 faiz əminlik yaranırsa, onlayn məhsul sifariş edə bilərsiniz” – deyə Aysel Əliyeva əlavə etdi.