Etiraf etməliyik ki, Azərbaycanda qadına qarşı zorakılıq halları və qadın qətlləri hər gün artır. Qadın qətllərini təhlil edərkən, qatilin qadının həyat yoldaşı, sevgilisi, nişanlısı və yaxud yaxını olduğunu görürük. Məsələn, dünən Abşeronda nişanlısını öldürən saxlanıldı. Abşeron rayon Prokurorluğundan verilən məlumata görə, oktyabrın 20-si Abşeron rayonu ərazisində 16 yaşlı A.N. (ad şərtidir) öldürülməsi barədə məlumat daxil olub. Aparılmış araşdırmalarla zərərçəkmişin nişanlısı, 26 yaşlı Murad Həsənovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarət yetirərək A.N. qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Bu fakt bu qəbldən olan hadisələrdən sadəcə biridir. Mətbuata vaxtaşırı belə məlumatlar sızır. Bəzən qadınlar sevəndə “düşmənlə bir yataqda olduğunun” fərqinə varmır. Fərqinə varanda isə… artıq qarşı tərəf zəifliyini bilir. Qadınları necə məhv edə biləcəyini və necə əzə biləcəyini yaxşı bilir, “yatağıınızdakı düşmən”…
Etiraf etməliyik ki, bu gün Azərbaycanda hüquq mühafizə orqanları qadınlara qarşı artan zorakılıq hallarının qarşısını ala bilmir. Zorakılıqla qarşılaşan, həyat yoldaşı, sevgilisi, tanışı, yaxını, qohumu, oğlu tərəfindən döyülən, işgəncələrə məruz qalan, iqtisadi, sosial, psixoloji, fiziki zorakılığa məruz qalan qadın dərdini kimə deyəcəyini bilmir. Polis də çox zaman bu tip şikayətlərə səthi yanaşır. “Həyat yoldaşındır, ailədə söz-söhbət olar” deyib, çarəsiz qadını potensial qatillə baş-başa buraxırlar. Polis qadın öldürüləndən sonra məsələyə ciddi şəkildə yanaşmağa başlayır ki, o zaman da gec olmuş olur.
Və yaxud Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi. Komitə zorakılıq, qətl, təcavüz və s. bu kimi hasiələr baş verdikdən, digər qurumlar reaksiya göstərdikdən sonra “məsələ nəzarətimizdədir” deməklə işini bitmiş hesab edir. Qadın sığınacaqlarına gəldikdə isə, ölkədə az sayda qadın sığınacağı var ki, bu sığınacaqlarda da qadınların həyatı təhlükə altındadır.
Dövlət bu mövzu üzrə nə iş görür?
Dövlət qərarlar, qanunlar qəbul edir. Məişət zorakılığı ilə bağlı cərimələri artırır. Hansı ki, bu qərarlar, qanunlar elə kağız üzərindəcə qalır. Bu qanunları qəbul edən, qərarlara imza atan şəxslər vəziyyətin necə acınacaqlı həddə olduğunu başa düşmək istəmir.
“Qatil psixologiyası” o qədər fərqlidir ki, qatilin gözündə zorakılıq etdiyi üçün ödəməli olacağı məbləğ və ya qadınını öldürdüyü üçün çəkəcəyi cəza göz önündə olmur. Yəni bu problemin qarşısını cəriməni 50-100 manat artırmaqla almaq mümkün deyil.\
Artan intiharlar…
Son zamanlar Azərbaycanda intihar hadisələrinin, qadın intiharlarının da sayı artır. Qadınlar, gənc qızlar intihar etdikdən sonra məlum olur ki, şantaj edilirmiş…
BMT Baş Məclisi, 1999-cu ildən 25 noyabrı Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə günü elan edib. İldə bir gün, zorakılığa qarşı mübarizə ilə bağlı fikirlər irəli sürülür. Müvafiq qurumlar da bir neçə şablon tədbir keçirib, “gözdən pərdə asmağa” çalışırlar. Nəticədə hər gün öldürülən, döyülən, şantaja məruz qalan və “əxlaqsız” damğası vurulan biz – qadınlar həyatından məhrum olur. Bizi öldürülməkdən, döyülməkdən, şantaja məruz qalmaqdan heç kim qoruya bilmir… Tənhayıq…
Deyirlər, “cənnət anaların ayağı altındadır”. Biz də anayıq, niyə bizi öldürürlər?
Psixoloqlar qadına qarşı zorakılığı cinayətkarın keçmişi, uşaqlığında yaşadığı psixoloji sarsıntılar və həyat tərzi ilə əlaqələndirir. Hüquqşünaslar, qanunların daha sərt olmasını təklif edir. Sosioloqlar təklif edir ki, yeni sığınacaqlar açılsın. Polis qadın öldürüləndən sonra müdaxilə edir. Ailə, Qadın və Uşaq Problemləri üzə Komitə də hadisələrdən sonra məsələni “nəzarətə götürür”…