bosanma

Cəmiyyətimizdə niyə boşanma mədəniyyəti formalaşmayıb?

Baxış sayı: 671

“Bizdə evdən gəlinliklə çıxıb, kəfənlə qayıdarlar”… Hələ uzun illər əvvəl eşitmişdim bu ifadəni. Deyilirdi ki, əgər ailə həyatı qururamsa, ata evindən gəlinliklə çıxıramsa, boşana bilmərəm, geri dönmək istəsəm, ancaq həmin evə mənim cənzaəm qayıda bilər. Yəni ailə qurdunsa, ayrılmamalısan… Sonradan eşitdiyim bu ifadənin necə yerini aldığını da gördüm. Ata evindən gəlinlə çıxan qız üçün boşanmaq istəsə, ayrılmaq istəsə, əksər ailələrdə ata evinin qapısı birdəfəlik bağlanırmış… Ya həmin qızdan ailəsi imtina edirmiş, həyatı tək yaşamalı olurmuş, ya da, boşanmaq istədiyi əri tərəfindən öldürülürmüş…

Təəssüf ki, Azərbaycanda ailələrin boşanmaq  mədəniyyəti hələ də formalaşmayıb. Əfsus ki, boşanan tərəflər arasında davamlı münaqişələr olur, zorakılıq və ölüm halları baş verir. Azərbaycan kişisi ayrılmaq və ya boşanmaq məqamında xatırlamağa başlayır ki, qarşısında illərlə əziyyət verdiyi qadın onunla bir həyatı paylaşan qadındır və onu kiməsə vermək, ondan imtina etmək istəmir. Bunun əvəzində onun ölümünü arzulayır. Yəni “başqasının olunca, qara torpağın olsun” təfəkkürü ilə hərəkət etməyə başlayır, Azərbaycan “kişi”si. Bu isə, hər il 100-ə qədər qadının ölümü deməkdir.

Bəzi dövlət qurumları Azərbaycanda qadın qətllərini digər ölkələrlə müqayisə edərək, o qədər də çox olmadığı iddiasını irəli sürsə də, reallıq odur ki, hər il 100-ə yaxın qadının vəhşicəsinə öldürülməsinə şahid oluruq. Cinayətkarlar həbs olunur, cəzasını çəkir. Amma onlar yenidən azadlığa çıxıb həyatını davam edə bilir. Öldürülən qadının isə, həyatı elə həmin gün bitir. Bu reallığı görən, başa düşən döclət qurumları da susmaqda davam edir.

Bəlkə də qadın qatillərinin cəzasını elə ağırlaşdırmaq lazımdır ki, qadın öldürülən gün qatil üçün də həyat “bitsin”. Bəlkə belə olarsa, Azərbaycan kişisi bir zamanlar “sevdiyi” bir həyatı paylaşdığı qadını öldürmək fikrindən daşına bilər.

Psixoloqlar hesab edir ki, bəzən kişilər o qədər aqressivləşir və affekt halında düşə bilir ki, onun gözünə nə cəza, nə qətldən sonrakı vəziyyət önəmli olmur.

Psixloq Nərmin Abdullayeva bildirir ki, bir insanı öldürmək asan proses deyil. Və qatil, qurbanını öldürməmişdən öncə bu barədə illərlə düşünüb plan qura bilir. Yəni ənənəvi qadın qətlləri bir günə verilmiş qərarla, ani qərarla həyata keçirilmir. Qatillər bunun üçün zamanla araşdırır, oxuyur və məlumatlı olduqdan sonra bu addımı atırlar.

Nərminə Abdullayeva

“Bəzən qısqanclıq o qədər güçlü həddə çatır ki, kişi qətlədən sonrakı prosesləri bildiyi halda onun üçün önəmli olmur. Əsəb, aqressiya, hirs, cəzalandırmaq, qisas almaq, aşağılamaq,güc tətbiq etmək, dedi-qodu çıxarmaq… Bu tərk edilmiş və yaxud istəyini əldə edə bilməyən kişilərin psixikasında yaranan duyğulardır. Tərk edilmiş və yaxud istəyini əldə edə bilməyən kişinin gözünə heç nə görünümr. O qadını məhv etmək üçün özünü belə məhv etməyə hazırdır. Onu nə insanların düşüncəsi maraqlandırmır, nə ona veriləcək cəza. Məqsəd birdir, o qadını itirməmək” – deyə psixoloq qeyd edir.

Ekspertin sözlərinə görə, bu itirməmək istəyi heç də sevgidən irəli gəlmir. Sevən kişi qadını başa düşür və sakitcə ayrılmağı, onu itirməmək üçün dost qalmağı bacarır. Ürəyində “bəlkə yenidən qovuşarıq” ümidi qalır. Buna görə, qadınla daha mehriban davranmağa başlayır. Ayrılsa belə, daha çox zaman ayırmağa çalışır, uşağı varsa daha çox diqqət göstərir, itirmək istəmədiyi qadına kiçik hədiyyələr edir. Və hətta onun xoşbəxt olması üçün tamamilə geri çəkilə biləcəyini də etiraf edir.

“Qadın elə varlıqdır ki, onu sevgi ilə, əzizləməklə, diqqətlə ram etmək mümkündür. Məcburiyyətlə, zorla heç bir qadını əldə etmək mümkün deyil. Bu, göründüyü kimi çox zaman qətllə cinayətlə başa çatır. Müşahidələr göstərir ki, son dövrlərdə kişilər itirmək üzrə olduqları qadınla sakit şəkildə, mehribancasına davrana bilmir. Qadını sıxmaq olmaz, əksinə ona hiss etdirmək lazımdır ki, “sən azadsan, istədiyin zaman gedə bilərsən, amma istəsən hər zaman yanındayam”… Qadın sevildiyini hiss etdiyi heç bir kişidən getməz!” – deyə psixoloq bildirir. Onun sözlərinə görə, qadın qatilləri olan kişilər həyat yoldaşlarını, “sevgililərini” sevdikləri üçün deyil, çarəsizlikdən, itirməkdən qorxduqları üçün və ya sevməyi bacara bilmədikləri üçün öldürürlər.

 

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir