erken nikah

Erkən nikahların qarşısını necə almalı?

Baxış sayı: 598

Dünən Şəmkir rayonunda 14 yaşlı yeniyetmə qızın 26 yaşlı əmisi oğlu ilə nişanlanması xəbəri mətbuata sızdı. Məlumatın mediada işıqlandırılmasından sonra Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları rayonda nişan mərasimi olduğu bildirilən yeniyetmə qızın evində olublar.

Bu barədə DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Qızın ailəsi hələlik elçiliyin keçirildiyini, yaxın günlərdə isə nişan mərasiminin olacağını deyib. Yeniyetmənin valideynləri isə toy mərasiminin qanunun tələbinə uyğun olaraq qızlarının 18 yaşı tamam olduqdan sonra keçiriləcəyini bildiriblər.

DİN-dən bildirilib ki, qızın və oğlanın valideynləri Polis Şöbəsinə dəvət olunub, onlarla profilaktik söhbət aparılacaq: “Yetkinlik yaşına çatmayan şəxslərin nikaha cəlb edilməsi məsuliyyət yaradır və məsuliyyət valideynlərin üzərindədir”.

Bəlkə də bu xəbər gündəmə gəlməsəydi, nişan mərasimi baş tutar, ardınca da erkən nikaha zəmin yaradılardı.

erken nikah

Hər bir valideyn övladın savadlı, təhsilli, xüsusilə də ali təhsilli olması və bir şəxsiyyət kimi cəmiyyətdə layiqli mövqe tutmasını arzulayır. Əsasən də qızların təhsilli, savadlı olmasına xüsusi diqqət yetirilməlidir. Elə valideynlər də var ki, qız övladlarının təhsil almasında maraqlı deyillər və onları ərə verməklə bu məsuliyyətdən qaçırlar. Erkən nikahların qarşısını almaq üçün maarifləndirmə işləri davam etdirilməli, həm qızların həm də valideynlərin erkən nikaha münasibətinin dəyişməsinə nail olunmalıdır. Əgər bütün dünya üzrə qızların tam orta təhsil alması problemi həll olunarsa, 18 yaşa qədər bağlanan nikahların sayı, eləcə də hədd-buluğa çatmayanlar arasında uşaq doğumu riskləri əhəmiyyətli dərəcədə azalacaq.

Qızlar erkən yaşlarda bioloji cəhətdən ana ola bilsələr də, analıq hissinin, analığın nə olduğunu tam dərk edə bilmirlər. Bu səbəbdən də çox zaman erkən ailə quran qızlarda övlalarına qarşı laqeydlik, biganəlik müşahidə olunur. Aparılan araşdırmalar sübut edir ki erkən yaşlarında ailə quran qadınların 53 faizində psixoloji problemlərlərlə üz-üzə qalma riski daha çoxdur. Həkim və psixoloqlar belə ailələrdə stres və depressiyanın, əsəb pozuntusunun və digər mənfi halların olduğunu istisna etmirlər. Erkən evlənmə cəmiyyətə həyatından narazı bədbəxt cütlüklər və psixoloji problemlərlə böyüyən uşaqlar bəxş edir.

Bu kimi səbəblərdən erkən nikahların qarşısını almaq, uşaq hüquqlarını qorumaq, təhsilə dəstək vermək, gələcək anaların və körpələrin sağlamlığına qayğı göstərmək günümüzün ən vacib məsələlərindəndir. Nikah məcburiyyətinə məruz qalan qız uşaqları “860 qaynar xətt”inə müraciət etməlidirlər. Bakı ərazisindən birbaşa 860, mobil nömrələrdən və ölkənin regionlarından isə 012 860 yığmaqla qaynar xətlə əlaqə saxlamaq mümkündür. Qaynar xəttə müraciət etmiş şəxslər genderəsaslı zorakılıq və məişət zorakılığı, eləcə də müvafiq dəstək xidmətləri ilə bağlı məlumatlar ala, zəruri hallarda təmənnasız psixoloji konsultasiya ilə təmin olunur.

erken nikah

Obsessiv-Kompulsiv pozuntunun meydana çıxmasına zəmin yaradan əsas səbəb tərəflərdən birinin cinsi akta hələ hazır olmaması və ya özünü bu aktın baş verməsi üçün hazır hiss etməməsidir. Sözügedən hallar, adətən qadınlarda daha sıx müşahidə olunur. Bəzən erkən nikah zamanı tərəflərin bir-birlərini tanımağa kifayət qədər vaxtı olmur. Nəticə etibarilə tərəflərdən biri, bəzən isə hər ikisində depressiv əlamətlər təzahür edir.

Ölkəmizdə erkən nikahların qarşısının alınması üçün mövcud qanunlar təkmilləşdirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş ” Gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən hazırlanmış “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına əsasən Azərbaycanda uşaqların, o cümlədən qızların hüquqlarının müdafiəsi sahəsində böyük işlər görülmüş, gələcəkdə görüləcək tədbirlər artıq müəyyən edilmişdir. “Məişət zorakılığının qarşısının alınması haqqında”, “Gender (kişi və qadın) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanunları bu sahədə olan problemlərin həllinə yönəlib. 2011-ci ildə Azərbaycan Respublikasının Ailə Məcəlləsinə dəyişiklik edilərək qadınlar üçün minimum yaş həddinin 17-dən 18-ə qaldırılması bu sahədə aparılan dövlət siyasətinin ən mühüm göstəricilərindən biridir.

e4rken nikah

Qanunvericiliyə görə tam fəaliyyət qabiliyyəti olmayan şəxslər uşaq hesab edilir. Belə olan halda uşaqların nikaha daxil olması insan hüquqlarının pozulması hesab olunur. Eyni zamanda erkən yaşda ərə verilən qızlar 18 yaşdan aşağı olduğu üçün heç bir hüquqi zəmanət olmadan ailə qururlar. Boşanmalar baş verdikdə isə rəsmi nigah olmadığından həmin insanlar heç bir mülkiyyət hüquqi əldə edə bilmirlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir