Ramin Haciyev

“Kimi oynasam, Məhəbbətə oxşayır…”

Baxış sayı: 530

Tanıdığımız, sevdiyimiz “Məhəbbət” və ya Əməkdar mədəniyyət işçisi Ramin Hacıyevlə söhbətləşdik. Ramin bəy deyir ki, rejissorun daxili nədirsə, xarici də odur: “Yəni rejissor daxilindəkini üzə çıxarır. İçimdə indi komediya varsa, komediya çəkəcəm, dram varsa, dram”.

O ruhda deyiləm

Komediya janrında tanınan Ramin bəy dram janrında da serial çəkib: “Mən kiməm” serialı dram janrındadır. Onu çəkəndə məqsədim heç kimin etmədiyini etmək idi. Yəni serial daun sindromlu uşağın həyatından bəhs edirdi. Bu işimi də çox sevirəm. Orda elə bilirəm ki, ən gözəl, ən səmimi oynayan da elə həmin o uşaqdır. Yeni mövsümdə “Qaratikan” adlı romantik komediya serialını çəkirəm. Bu işim də xoşuma gəlir. Nə isə indi mənə elə gəlir ki, çox zarafatı olan komediyalardan çıxmışam, uzaqlaşmışam. Daha güldürmək istəyən serialları istəmirəm. Çünki o ruhda deyiləm. Romantik, həyati, daha çox sakit tərzdə, qışqırığı olmadan təqdim edən serial istəyirəm. Artıq mənə məhz bu cür işlərə rejissorluq etmək xoş olur”.

Aktyor, yoxsa rejissor

Məhəbbət kimi yaddaşlarda qalan Ramin bəy daha aktyor kimi çəkilmək istəmədiyini deyir: “Mən “Bacanaqlar” serialında “Məhəbbət”i oynadım və bu, klişe oldu. İndi kimi oynasam, elə bilirəm, Məhəbbətə oxşayır. Ona görə də ancaq çəkmək istəyirəm. Mənə hələ o vaxt gözəl sənətkarımız Yaşar Nuri demişdi ki, aktyorluq eləmə, aktyorlarla işlə. O, mənim aktyorlarla işimi sevirdi. Bilirəm ki, mən aktyor deyiləm, rejissoram”.

Səhnədə “Xalxın evi” arzusu

Müsahibimiz “Bəs rejissor kimi səhnəyə tamaşa qoymaq istəmədənizmi heç?” sualımızı da cavablandırdı: “İstədim, özü də çox istədim. “Xalxın evi” serialı çox maraqla qarşılanmışdı. Personajlar da  rəngarəng idi, ləhcələri də. Onu tamaşa kimi qurub Musiqili Teatrda səhnəyə qoymaq istədim. Əliqismət müəllimlə də danışdım, amma çox heyif ki, bizim maliyyə məsələmiz alınmadı”.

Serial sektorunda inkişaf dayanıb

Serial sektorunda inkişafın dayandığını deyir rejissor: “2012-ci ilin may ayının 1-dən etibarən Azərbaycan televiziyalarında xarici serialların yayımı dayandırılmışdı. Yerli serialların çəkilməsi üçün maliyyə ayrılmışdı. Həmin vaxtdan da serial sektoru inkişaf etməyə başlamışdı. Yavaş-yavaş ayaq üstə də qalxırdı. Amma nə oldu? Yenidən xarici serialların efirə buraxılması haqqında qərar verildi. Vəssalam! İnkişaf dayandı. İndi telekanallara yerli serialların çəkilməsi qətiyyən sərf etmir. Çünki xaricdən ucuz serial alır, dublyaj edir, buraxır efirə. Amma biz onların aldığı qiymətə serial ərsəyə gətirə bilmirik. Bu sahədən ki pul çıxdı, inkişaf da dayanır”.

Televiziya reytinqlərinin əsiriyik

Rejissorla komediya janrının indiki durumundan da danışdıq: “Hər aşiqin bir dövranı var. Zaman dəyişdikcə o da dəyişir. 90-cı illərdə Afaq Bəşirqızının “Afaq  gülür, güldürür” layihəsi vardı, sonra “Təksəbir” gəldi, “Bu şəhərdə” gəldi, partlatdı. İndi “Komedixana” var, o da partladır. İnsanlar baxır, gülür, sevir. Vaxt vardı “Bacanaqlar” serialı da çox sevilirdi. Onun bir epizoduna çəkilən məşhur olurdu. İndi isə öndə “Komedixana”dır. Mən də baxıram, bəyənirəm. Bilirsiniz, tamaşaçı nəyə gülürsə, biz də onu veririk. Yəni onun istəyi ilə ayaqlaşmalıyıq. Çünki biz bu işi onun bəyənməsi üçün edirik. Amma əsas məsələ həm də reytinqdir. Təəssüf ki, biz televiziya reytiqlərinin əsiriyik”.

Sponsor varsa, nə istəyisən edə bilərsən

Ramin bəy sponsor probleminə də toxundu: “Mən bir serial çəkdim, kanal rəhbəri əvvəl işi bəyənsə də, sonradan dedi ki, bura bir az qıjılıq, bayağılıq, şitlik qat ki, baxılsın. Halbuki o serial tamam fərqli idi. Obrazları sanballı, kübar, olduqca mədəni idi. Bu serial kanala baha başa gəlirdi. Təsəvvür edin ki, adicə ZİM maşının kirayəsi elə 400 manat idi. Ev, geyim, həyat tərzi də öz yerində. Sonluğun da ingilislərdən götürüb, özümüzə uyğunlaşdırıb çəkmişdim. Amma o cür serial efirə getmədi. Bir maraqlı veriliş layihəm də var. May ayından bəri reallaşdıra bilmirəm. Kanallardan 90 faizi deyir ki, sponsor tap gətir. Yəni sponsor olsa, nə istəyirsən çək göstər. Amma əvvəllər tamam başqa idi. Bu cür işləri kanal maliyyələşdirirdi. İndi isə deyirlər ki, sponsor gətir. Yəni indiki durumda əsas olan sponsordur. Tap, nə istəyirsən elə. Hansı kanala gedirsən, deyir sponsorun var? Mən rejissoram e, sponsor axtarmaq mənim işim deyil. Mənim işim çəkməkdir!”

“Seriallarda varlı ailə göstərə bilmirik” 

Rejissor serial sektorundakı çətinliklərin daha çox maddiyyata bağlı olduğunu deyir: “Seriallarda varlı ailə göstərə bilmirik. Niyə? Ona görə ki, hər şey çox bahadır. Evin elə günlük kirayəsi 300 manatdır. Bəzən deyirlər ki, yox e, serialda o olmalıdır, bu olmalıdır. Bəyəm rejissor bilmir ki, internetdən 5 dollar verib musiqi yükləməməlidir, bəstəkara musiqi bəstələtməlidir?  Bəyəm rejissor bilmir ki, nəyi necə çəkməlidir və ya kimi çəkməlidir? Əlbəttə, bilir. Aktyorları qınayırlar ki, yaxşı oynamadı. Aktyorun bir günlük çəkilişinə 50 manat verirlər. Bunun vergisi var, DSMF-si var, tibbi sığortası var. Bəs aktyora nə qalsın? Yazıq aktyor məcburdur ki, eyni vaxtda bir neçə seriala çəkilsin. Birinciyə çəkiləndə fikri qalır ikincinin yanında. İkinciyə çəkiləndə fikri qalır üçüncünün yanında. Qınamaq da olmur, neyləsin? Yəqin, düşünürlər ki, aktyora alqış lazımdır. Alqışını, üstündə də 50 manatını verin, bəsidir. Hərdən bizim serialları Türkiyəylə müqayisə edirlər. Onların seriala çəkilən 2-ci-3-cü dərəcəli aktyoru, bizim çəkdiyimiz serialın bir aylıq ümumi çəkiliş pulundan daha çox məvacib alır həftəyə. Hansı müqayisədən gedir söhbət?! Amma tamaşaçı üçün fərqi yoxdur, sən işə əsəbi gəlmisən, kim az pul alır, kim çox pul alır. Ona komediya lazımdır, baxsın, gülsün, vəssalam”.

 

Xanım Aydın
Fotolar: Rüfət Mikayılov/Global Media Group




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir