pul

Şəhid ailələri sığorta pulunu ala biləcəklərmi?

Baxış sayı: 2. 359

Azərbaycan Milli Məclisindən şəhid ailələrinə və müharibə əlillərinə ödənilməli olan sığorta ilə bağlı yaranan narahatlığa aydınlıq gətirilib.

Parlamentin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev APA-ya bildirib ki, problemin səbəbi sosial sığorta almalı olan hərbi qulluqçularının özlərinin və ya yaxınlarının vaxtında müraciət etməməsidir.

M.Quliyev qeyd edib ki, sığorta qanunvericiliyinə görə, hərbi qulluqçunun özü və ya hüquqi varisi 2 il müddətinə Dövlət Sığorta Şirkətinə müraciət edərək, sığortanı almalıdır: “Amma onların əksəriyyəti müxtəlif səbəblərdən vaxtında müraciət etməyiblər, buna görə də sığorta pulunu almayıblar. 2013-cü ildə sığorta haqqının ödənilməsi müddəti limitsiz olması ilə bağlı qanunvericilikdə dəyişiklik edilib. Yəni sığorta haqqının 2 il müddətinə alınması ilə bağlı məhdudiyyət qaldırılıb. Bundan sonra isə kütləvi şəkildə sığorta haqlarının alınması ilə bağlı müraciətlər başlanılıb. Amma burda da başqa bir problem ortaya çıxıb. Məsələ ondadır ki, 2006-cı ilə qədər sığorta 1100 manat dəyərində, 2006-cı ildən sonra isə 11000 manat dəyərində olub. Hazırda 2006-cı ildən sonra şəhid olmuş şəxslərin ailələri, əlillik statusu alanların isə özləri ilə bağlı heç bir problem yoxdur. Əsasən, 2006-cı ildən əvvəl sığorta almalı olan şəxslərlə problem yaranır. Onlar da 11 min manat məbləğində sığorta tələb edirlər. Lakin qanunvericiliyə görə, həmin vaxt sığorta məbləği 1100 manat olub. Məsələnin mahiyyəti bundan ibarətdir”.

Musa Quliyevin sözlərinə görə, bu, maaş, təqaüd və ya müavinət deyil. Bu sığortadır və müəyyən şirkətə müqavilə əsasında köçürülən vəsait əsasında formalaşan fonddan ödənilir: “Həmin vaxt ayrılmış vəsait 1100 manat olduğu üçün Dövlət Sığorta Şirkəti bu vəsaiti onların istədiyi 11000 manat miqdarında ödəyə bilmir”.

Komitə sədrinin müavini deyib ki, hazırda bu problemlə Milli Məclisin iştirakı ilə Nazirlər Kabineti ciddi məşğul olur: “Azərbaycan dövləti öz vətəndaşını heç vaxt köməksiz buraxmır və onun üçün həmişə ən yaxşı olanını edir”.

M.Quliyev qeyd edib ki, artıq bu məsələ ilə bağlı Ali Məhkəmə və Konstitusiya Məhkəməsi də qərar verib: “Lakin hökumət bunun üzərində işləyir. Yəqin ki bu problem həllini tapacaq”.

Musa Quliyevin bildirdiyinə görə, sığortanı ala bilməyənlərin sayı mediada şişirdilib: “Təxminən 9 min nəfərə yaxın adamla bağlı mübahisə yaranıb. Hətta burda da vəziyyət birmənalı deyil. Onların bir qismi zamanında sığortanı alıb. İndi isə dəyişikliklərdən sonra digərləri kimi 11 min manat almaq istəyirlər. Bəziləri isə döyüşdə xəsarət alıb, amma hələ əlillik dərəcəsi müəyyənləşməyib. Bir sözlə, burada müxtəlif kateqoriyadan olanlar var. Hər halda bütün bunlar indi araşdırılır”.

Deputat onu da qeyd edib ki, əslində dövlət öz işini görüb və vaxtında mövcud miqdara uyğun vəsaiti sığorta şirkətinə ödəyib: “Sadəcə, indi hüquqi şərait dəyişdiyinə və vətəndaşlar vaxtında etmədikləri müraciəti indi etdiklərinə görə anlaşılmazlıq yaranıb”.

Xatırladaq ki, Qarabağ müharibəsində şəhid olanların ailələri onlara çatacaq sığorta pulunu ala bilmirlər. Belə ki, 13500 şəhid ailəsi, 11 min əlil 1994-cü ildən bu yana onlara verilməli olan sığorta pulunu ala bilmir. Qeyd edək ki, birdəfəyə verilməli olan sığorta pulu şəhid ailələri üçün 11 min manat, birinci qrup əlillər üçün bunun 80 faizi, ikinci qruplar üçün 70, 3-cü qrup əlillər üçün 60 faizdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir