Yeni Zelandiyada siqaretlə bağlı maraqlı qərar qəbul edilib. Belə ki, gələcək nəsillərə siqaret çəkmək qadağan edilib. Hökumətin qəbul etdiyi həmin qərara əsasən, 2008-ci ildən sonra doğulanlara siqaret satışı ömürlük qadağan olunur.
Yaşı 14 və ondan aşağı olan şəxslərin qanuni olaraq siqaret almasının qarşısının alınması ilə bağlı qərar 2023-cü ildə qüvvəyə minəcək.
Yeni Zelandiya səhiyyə nazirinin müavini Ayesha Verrall qanunun qəbulu ilə minlərlə insanın daha uzun və daha sağlam yaşayacağını vurğulayıb: “Səhiyyə sistemi 5 milyard dollar irəlidə olacaq, çünki siqaretin səbəb olduğu bir çox xərçəng növlərinin (ağciyər, qırtlaq, dil xərçəngi – red.) müalicəsinə ehtiyac qalmayacaq”.
Bu addım səhiyyə mütəxəssisləri tərəfindən müsbət qarşılanıb.
Araşdırmaya görə, 2010-cu ildə Yeni Zelandiyada siqaret çəkənlərin sayı əhalinin 18 faizini təşkil edib. Bu göstərici 2018-ci ildə 11,6 faizə qədər azalıb. Nazirliyin daha əvvəlki açıqlamasında yeni plan çərçivəsində tütün məmulatlarında nikotin nisbətinin də aşağı salınacağı bildirilmişdi.
Əfsus ki, ölkəmizdə hələ də tütünçülük sahəsi mövcuddur, tütün fabriki fəaliyyət göstərir. Halbuki buna sırf biznes sferası kimi baxmaq yanlışdır. Ən azı ona görə ki, tütün yetişdirənlər, tütünlə təmasda olanlar, o cümlədən uşaqlar artıq bəri başdan özlərini riskə məruz qoyurlar.
Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, Azərbaycanda, ümumiyyətlə, böyüklər arasında tütün çəkmənin azalması tendensiyası var. Lakin bununla yanaşı, Azərbaycanda passiv tütün çəkmə, yəni ətraf mühitə yayılan tütün tüstüsündə nəfəsalma yüksəkdir. Araşdırmalara görə, Azərbaycanda siqaret çəkməyənlərin 29% evdə, 41% isə qapalı ictimai yerlərdə tütünün təsirinə məruz qalır. Dövlət Statistika Komitəsinin 2017-ci il üçün verdiyi məlumata əsasən, 15 yaşdan yuxarı olan kişilər arasında siqaretçəkmə 33,1% təşkil edib. Həmin göstərici qadınlarda kişilərə nisbətən 100 dəfə azdır. Siqaret çəkən qadınlar orta hesabla gündə 3, kişilər isə 15,2 ədəd siqaret çəkirlər. Digər araşdırmalara görə isə 13-15 yaşlı məktəblilərin 10 faizi nə vaxtsa siqaretin dadına baxıb, 7 faizi hələ də siqaret çəkir. Siqaret çəkənlərin üçdə biri bunu 10 yaşadək edib.
Son məlumatlara əsasən, ölkədə kişilərin 32%-i siqaret çəkir. Böyüklər arasında passiv tütünçəkmə göstəriciləri, son illər azaldığına baxmayaraq, hələ də yüksək olaraq qalır. Araşdırmalara görə, kişilərin 28%-i iş yerlərində, qadınların 23%-i evdə tütün tüstüsünün təsirinə məruz qalır.
Tütündən imtina etmək istəyənlərə dəstək olmaq və onlara yardım etmək məqsədilə 01 fevral 2021-ci il tarixdən etibarən Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən əhali üçün tütündən imtina üzrə “Qaynar xətt” (050 800 70 45) təşkil edilib.
Tütündən imtina üzrə “Qaynar xətt”ə 2021-ci ilin sonunadək 800-dən çox zənglə müraciət olunub. Müraciət edənlərin təxminən yarısı Bakı şəhərindən, digərləri ölkənin müxtəlif regionlarından olub.
Müraciət edən kişilər qadınlardan 2 dəfə çox olub. Yaxınlarının tütündən imtina etməsini arzulayaraq zəng edən şəxslər 5% təşkil edib. Tütündən tam imtina edən və ya gün ərzində çəkilən siqaretlərin sayını xeyli azaldan şəxslər 5%-dən çox olub. Zəng edənlərin 15%-i özləri tütün istifadəçisi olmasa da, yaxınları üçün məlumatlandırıcı informasiya almaq istədiklərini bildirib. Onlara müvafiq məlumat və maarifləndirici informasiya verilib.
Qeyd edək ki, ölkəmizdə 18 yaşına çatmamış vətəndaşlara siqaretin satılmaması barədə qanun qəbul olunub. Lakin reallıqda bu qanunun tələblərinə nə qədər riayət olunur?
Bəs Azərbaycanda da tütün məhsulları haqda mövcud qanunun daha da sərtləşdirilməsi mümkündürmü?
İqtisadçı ekspert Natiq Cəfərli mövzu ilə bağlı aşağıdakıları dedi:
“Hesab edirəm ki, Azərbaycanda tütün məhsullarının qiymətinin qaldırılması, satışına məhdudiyyətlər qoyulması ilə ondan istifadənin azadılması yetərli deyil. Bu məsələdə bizdə çatışmayan məsələ sosial çarxlar, reklamlardır. Yəni insanlar üçün maarifləndirici media kontingenti azdır, xüsusilə də televiziyalarda, radiolarda. Həmçinin məktəblərdə bununla bağlı iş aparılmalı, 9-11-ci sinif şagirdlərinə hansısa nüfuzlu şəxslərin mühazirələrini keçirmək olar. Yalnız bununla ölkəmizdə də tütün məhsullarından istifadənin azalması yönündə hansısa irəliləyişlərə nail olmaq olar.
Əlbəttə ki, Azərbaycanda tütün məhsullarının satışı ilə bağlı yaş məhdudiyyəti, qiymətin bahalaşdırılması amilləri var. Amma qeyd etdiyim kimi, bu, yetərli görünmür. Daha çox təşviqedici, sağlam həyat tərzini reklam edən yanaşmaya da ehtiyac var”.
Ekspert də qeyd etdi ki, böyük supermarket şəbəkəsində satışla bağlı mövcud qaydalara əməl olunsa da, xüsusilə də regionlarda kiçik mağazalarda qaydalara riayət edilmir:
“Böyük supermarket şəbəkəsində 18 yaşdan aşağı olan şəxslərə siqaret satışının qadağan olunduğunu görürük. Amma xüsusilə də regionlarda kiçik, məhəllə dükanlarında, daha az dövriyyəsi olan mağazalarda bu qaydalara əməl olunduğunu söyləmək mümkün deyil. Yəni çox zaman yaşla bağlı məhdudiyyətlərə, ümumiyyətlə, əməl olunmur. Sırf nəzarət etmə baxımından hansısa qaydaları daha da sərtləşdirmək olar. Amma Azərbaycan reallığını da unutmaq olmaz, ölkəmizdə 16 yaşlı şəxsin 19 yaşlı dostu, tanışı ola bilər və onun vasitəsilə siqareti ala bilər. Ona görə də hesab edirəm ki, sırf məhdudiyyətlərlə bu problemi həll etmək mümkün deyil. Belə olsaydı, dünya çoxdan problemi həll etmişdi.
Təşviqedici, sağlam həyat tərzini aşılayan çarx və ya proqramlardan başqa dövlət də bu məsələdə hansısa işlər görə bilər. Məsələn, 15 yaşa qədər olan gənclərə fitnes klublarda müəyyən endirimlər edilməsi üçün dövlət proqramları, vergi güzəştləri ola bilər”.
“Ankara” klinikasının baş həkimi Zülfüqar Yusifov isə bunları qeyd etdi:
“Siqaretin insan orqanizminə necə ziyan vurduğu haqda insanlar davamlı olaraq maarifləndirilir. Amma göründüyü kimi, o qədər də effekt vermir. Bir sıra ziyanlı vərdişlərin məhdudlaşdırılması əlbəttə ki, insan sağlamlığı üçün olduqca faydalıdır və səhiyyənin də xərclərini azaldır. Belə bir söz də var ki, ən yaxşı müalicə profilaktikadır, yəni öncədən başvermə səbəblərinin aradan qaldırılması müəyyən xəstəliklərin yaranmasının qarşısını alır.
Bu baxımdan hesab edirəm ki, məhdudiyyət, qadağalarla o qədər də effekt əldə etmək olmur, çünki insanlar daha məxfi üsullarla istəklərini həyata keçirməyə çalışırlar. Bu baxımdan, hesab edirəm ki, daha çox maarifləndirmə işlərini artırmaq lazımdır. İnsan təhlükəni nə qədər çox hiss edərsə, ondan daha çox qaçmağa çalışacaq”.
Ekspertlər bildirir ki, siqaret ildə milyonlarla adamın həyatına son qoyur. Bədxassəli şişləri əmələ gətirən əsas səbəblərdən biri siqaretdir. Sənayeləşmiş ölkələrdə hər beş nəfərdən biri siqaretdən ölür. Siqaret çəkənlər çəkməyənlərdən 6-8 il az yaşayırlar. Siqaret çəkənlərdə bədənin müqaviməti zəiflədiyinə görə belə adamlar xəstəliklərə daha tez yoluxurlar. Siqaret çəkənlərdə digərlərinə nisbətən 10 dəfə çox mədə yarası, 13 dəfə çox stenokardiya, 12 dəfə çox infarkt olur. Həmçinin siqaret çəkənlərdə vərəmə tutulma hallarına başqaları ilə müqayisədə 2 dəfə çox rast gəlinir.
Siqaret tüstüsünün tərkibində 1000-ə yaxın maddə var. Bunların çoxu insan sağlamlığı üçün təhlükəlidir. Ən təhlükəlisi nikotindir.
Siqaret ürək-damar sisteminə çox zərər verir. O, ateroskleroz adlanan ürək xəstəliyini yaradır. Tütünün təsiredici maddələri böyrəküstü vəzə təsir göstərdikdə qanda yağa oxşar maddənin miqdarı artır. Qanın hərəkəti zəifləyir və ateroskleroz güclənir.
Miokard infarktını yaradanlardan biri də siqaretdir. Aterosklerozla əlaqədar olaraq qan damarları daralır və ürək əzələlərinin qidalanması yavaşıyır. Çox vaxt qan damarlarının spazması baş verir və ürək əzələləri qidalanmadığından toxuma ölür. Nəticədə miokard infarktı baş verir.
Siqaret çəkən adamlarda qan təzyiqi həmişə yüksək olur. Bu, böyrəküstü vəzilərdən qana adrenalin ifrazı ilə əlaqədardır. Adrenalin simpatik sinir sistemini fəallaşdırır. Nəticədə ürək normal işləmir. Qan təzyiqinin artması hipertoniya xəstəliyi üçün xarakterikdir.
Siqaret çəkən adamların dodaqlarında, ağzında xərçəng şişlərinə təsadüf olunur. Tütünün tərkibindəki polonium-210 tənəffüs üzvləri sisteminə düşdükdə dərhal qana sorulur, nəticədə bədxassəli şişlər törənir.
Nikotin və onun başqa komponentləri ağız suyuna qarışaraq mədəyə düşür. Mütəmadi olaraq mədənin selikli qişasını qıcıqlandırır və orada olan damarları sıxılmış vəziyyətdə saxlayır. Bu, şirə ifrazına təsir göstərir və nəticədə tədricən xroniki qastrit, yaxud mədə-bağırsaq xorası əmələ gəlir.
Xalidə GƏRAY