yeni il

“Bir çoxunun müstəqil gəlir mənbəyi yoxdur, valideynləri onlara pul verir”

Baxış sayı: 557

Hər il olduğu kimi bu il də Yeni İlin daxil olması, Azərbaycanda səs-küylü keçdi. Saat 00:00 olan kimi ardı-arası kəsilmədən partladılan pirotexniki vasitələr, müxtəlif ölçülü fişənglər bəzi insanların əylənməsinə, zövq almasına səbəb olsa da, bu, bir çoxları tərəfindən narahatlıqla qarşılanır.

İldən-ilə daha da təkmilləşdirilən, partlayıcılıq və səs səviyyəsi daha da artırılan bu vasitələrlə DİN və Gömrük Xidməti rəhbərliyi aktiv mübarizə aparıldığını desə də, təəssüf ki, ortada gözlə görülən real nəticəyə rast gəlinmir. Qaçaq yollarla, yaxud hansısa “hörmət” qarşılığında ölkəyə idxal olunan bu məmulatlar, o məmulatların satıldığı məkanlar aşkar edilib, inzibati tədbirlər görülsə də, sanki kimlərsə bu alveri prinsipial şəkildə davam etdirməkdə maraqlı görünür. Bu vasitələrin satışının qanunla qadağan edilməsi və aidiyyatı qurumların bu barədə tədbirlər görməyə çalışması, həmin vasitələrin təhlükə siqnalı verdiyinin göstəricisidir. Suallar isə belədir:

 

Pirotexniki vasitələrin insan sağlamlığına zərəri hansı səviyyədə ola bilər?

Bu məmulatların hazırlanması harada həyata keçirilir? Tərkibində hansı partlayıcı-yanıcı maddələr var?

Onların hazırlanmasını həyata keçirən şirkətə bununla bağlı icazə, sertifikat verilirmi?

Azərbaycanda bu vasitələrin satışı, alışı və istifadəsində maraqlı olan tərəflər hansılardır?

Satışı həyata keçirən mağazalarda reyd keçirib satıcıları saxlamaqla və ya cərimələməklə, məmulatlara əl qoymaqla, bu vasitələrin satışı niyə hələ də azalmaq əvəzinə daha da artır, çoxalır?

Bayram axşamı sosial şəbəkələrdə yayılan bir videoda gənclər inşaatı davam edən binaya doğru fişəng atır, fişəngdən çıxan rəngli partlayıcı binanın mərtəbələrinə daxil olaraq, orada partlayır. Xoşbəxtlikdən hər hansısa hadisə baş verməsə də, o binada tezalışan inşaat materialları da ola bilərdi və inşaatı tamamlanmayan bina bir an içində alova bürünə bilərdi. Bu növ fişənglərin tərkibində barut, kalium-nitrat (KN03 – 75%), kömür (karbon – 15%) kükürt (10%) olur. Lazımi istilik yarandığı zaman bu ləvazimatlar bir-biri ilə reaksiyaya girir və nəticədə partlama baş verir. Həmin tərkibdə olan kimyəvi maddələr, fərqli ölçüdə digər pirotexniki vasitələrdə də istifadə olunur. Partlayıcı maddələrin miqdarından çox olması, partlayışın daha da güclü baş verməsi ilə yanaşı, həm də təhlükənin də miqyasını artırır. Belə ki, yeni il şənliyində bu vasitələrdən istifadə edən yeniyetmələrdən bəziləri “qəhrəmanlıq” nümayiş etdirərək, partlayıcını əlində partlatmağa çalışıb və nəticə bədbəxtliklə bitib. Hər il pirotexniki vasitələrin partlaması səbəbindən yanıq xəsarətləri alanların sayı artır. Bu cür vasitələr xaricdə istehsalçı şirkətdən tədarük olunarsa, bunun leqal gətirilməsi gərəkdir. Ancaq pirotexniki vasitələri böyük istehsal müəssisələrindən deyil, haradasa kustar üsulla düzəldilən yerlərdən, sexlərdən aldıqları üçün texniki tərkibi haqqında sertifikatı, istifadə qaydaları barədə məlumatlar olmur. Hətta həmin vasitənin içində normadan artıq partlayıcı maddə ola bilər. Bu da insan sağlamlığı və təhlükəsizliyi üçün ciddi təhdid yaradır.

“Yadıma gəlir, əvvəllər bu partlayıcıların çox kiçik versiyada olanları satışda idi. Böyükləri də vardı, amma onların qiyməti baha olduğundan, hər kəs ala bilmirdi. Böyük-kiçik çox adamın marağında idi bu vasitələr. Həm də ciddi nəzarət də yox idi. Daha sonra illər keçdikcə, alıcıların da sayı artdı, bunların növ-növ fərqli çeşidləri yarandı. Əsasən yeniyetmələrin marağındadır bu cür məmulatlar. Binanın bloklarına atanlar, liftin içində partladanlar var. Normal şəkildə, açıq ərazidə partladılsa, bəlkə də o qədər təhlükəli olmaz. Amma insanların yaşadığı yerlərdə, istifadə etdikləri maşınların, blokların, liftlərin, mağazaların qarşısında partladanda, istər-istəməz bir qorxu, təşviş yaranır ki, indicə nəsə olacaq. Hər şeydən öncə valideynlər övladlarına nəzarət etməlidirlər. Onlar uşaqlarını bu vasitələrin təhlükəli olması barədə öncədən xəbərdar etməlidirlər. Bu partlayıcıları alanlar, əsasən, hələ yaşı 18 olmayan yeniyetmələr və daha aşağı yaş qruplarına aid uşaqlardır. Şübhəsiz ki, bir çoxunun müstəqil gəlir mənbəyi yoxdur və bu məmulatları almaq üçün valideynləri onlara pul verir. Ola bilsin, gizli şəkildə gedib alırlar. Amma hər bir halda, onlar verdikləri pulların hara xərclənməsinə də nəzarət etməlidirlər” – deyə, mövzu ilə əlaqədar sorğuda iştirak edən vətəndaşlardan biri bildirib.

Tezalışan məddələr və pirotexniki vasitələrdən istifadə bayram əhvali-ruhiyyəsinin, rahatlığın pozulması ilə nəticələnməklə yanaşı, insanların sağlamlığına və ətraf mühitə qarşı da ciddi təhlükədir. Xüsusən də uşaqların əyləncə məqsədilə istifadə etdikləri bu vasitələr onlarda ağır göz yaralanmalarına, qalıcı eşitmə qüsurlarına, müxtəlif dərəcəli yanıqlara yol aça bilir. Təbii ki, uşaqların görmə və eşitmə qabiliyyətlərini itirməsini, ani partlayış səsi ilə yaranan qorxudan müxtəlif psixoloji travmalar almasını heç bir valideyn istəməz. Odur ki, valideynlər öz övladlarına pirotexniki vasitələrin əslində əyləncədən çox sağlamlıq üçün ciddi təhlükə olduğunu izah etməli, onları bu cür vasitələrin alışından çəkindirməlidir.

Məsələ ilə əlaqədar DİN də əhaliyə müraciət edib: “Daxili İşlər Nazirliyi əhalinin nəzərinə çatdırır ki, məişət səs-küyünə qarşı aparılan mübarizə tədbirlərinə nəzarət çərçivəsində pirotexniki, eləcə də yüksək səsyayıcı qabiliyyətə malik partlayıcı və tezalışan məmulatların satışını qanunsuz təşkil edən şəxslər aşkar olunduqda onlar barəsində bundan sonra da ciddi tədbirlər görüləcək”.

 

Mətin Şükürlü




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir