usaq

Uşaqlara qarşı zorakılığın sosial-psixoloji kökləri

Baxış sayı: 506

Son dövrlər qız uşaqlarına qarşı təcavüz, zorakılıq hallarının artdığına şahidik. Bu yöndə nə qədər müzakirələr aparılsa da, tədbirlər görülsə də, nəticə yoxdur. Hətta bəzən azyaşlılar öz yaxınları tərəfindən də zorakılığa məruz qalır. Bu isə bir daha sübut edir ki, cəmiyyətdə mənəvi cılızlaşma müşahidə edilir.

 

Bəs uşaqlar təcavüzə uğradıqlarını niyə deyə bilmir?

Əslində uşaqlar təcavüzə uğrayarkən bunun səhv bir addım olduğunu anlayır. Ancaq bu hissi, hadisəni başqaları ilə paylaşa bilmir. Bu qarışıq bir vəziyyətdir və müxtəlif səbəbləri var.

Əvvəlcə cinsi istismarın nə olduğunu müəyyən edək. Cinsi istismar deyildikdə təkcə təcavüz deyil, eyni zamanda cinsi həzz almaq məqsədilə uşağın bədəninin müxtəlif yerlərinin sığallanması, uyğunsuz formada öpməsi, onunla əxlaqsız formada danışmaq, pornoqrafik şəkillər göstərmək və s. deməkdir. Heç kim deyə bilməz ki, cinsi istimar edən şəxslər, iqtisadi baxımdan kasıb və təhsil baxımdan savadsız insanlardır. Xeyr! Cinsi istismar edən şəxslər hər yaş qrupundan və sosial-iqtisadi baxımdan hər sinifdən ola bilər. Təcavüzçü universitet məzunu da ola bilər. Hətta, ailəsi və uşaqları olan biri və ya yaxşı işi və sosial statusu olan biri deyə tanıdığınız da ola bilər.

Araşdırmalara görə, cinsi istismar mövzusunda uşaqlarını məlumatlandırmayan, mənəvi və fiziki cəhətdən uşaqlarının həyatında olmayan, cinsi istismar reallığını yox hesab edən, uşaqlarını dinləməyən və ya onlara inanmayan, onlara yetərli qədər nəzaərt etməyən ailələrin uşaqları daha çox istismara məruz qalır. Yəni, uşaqların cinsi istismarında ilk günahkar ailələlərdir.

Valideynləri ilə danışa bilməyən uşaq, başına gələnləri də onlara deyə bilmir. Cinsi istismara uğrayan uşaq səhv etdiyini, buna səbəb özləri olduqlarını və qarşısını ala bildikləri halda almadığını düşünür. Təcavüzçü də, bu istiqamətdə uşağı manipulyasiya edir. Ona kimsənin inanmayacağını, günaharın özü olduğunu aşılayır. Buna görə də özünü günahkar sayan uşaq bunu heç kimlə paylaşmır. Təcavüzə uğrayan uşaqlar, böyük qorxu yaşayırlar. Bu qorxu güclü səviyyədədir. Çünki təcavüzçü, onu təhdid də etmiş ola bilər. Ailəyə – anasına və ya atasına zərər verəcəyini deyərək, uşağı qorxuda bilər.

usaq

Uşaq nəyin doğru, nəyin yalan olduğunu başa düşə bilmir. Uşaqlar, yaşadıqlarından utanarlar. Başına gələnləri danışmaq, xırdalıqlara cavab vermək və hər şeyi təkrar xatırlamaq uşaq üçün asan məsələ deyil. Bu çox narahatedici bir vəziyyətdir. Bu utanma hissindənq qaça bilmək üçün səssiz qala bilərlər. Çünki düşünürlər ki, danışsalar kimsə onlara inanmayacaq. Təcavüzə uğrayan uşaqlar, sevdiklərini qorumaq üçün susarlar.

Uşaqlarımızın hər an yanında olmaya bilərik. Amma yaşadıqlarını bizimlə paylaşmalarını istəyiriksə, onlara mənəvi baxımdan yaxın olmağı bacarmalıyıq. Buna görə də, onlara qayğı göstərib hər şeyi başa salmağa çalışın.

Məsələn, deyin; “Bədən sənindir, kimsə sənin bədəninə toxuna bilməz. Kimsə səni istəmədiyin heç nəyə məcbur edə bilməz. İstəmədiyin nəsə olsa “Yox” deməyi bacar. Nə olsa, gəl, mənimlə paylaş. Biz səninlə həm də dostuq. Dostların bir-birindən gizli sirri olmaz. Belə olsa, kimsə bizə zərər verə bilməz”.

Ancaq təəsüf olsun ki, bəzi ailələrdə uşağa bu qədər dəyər verilmir. Yeməyi verilir, geyimi verilir. Amma pulsuz olan sevgi və qayğı verilmir. Sevgisiz və qayğısız uşaq həm də qorxaq böyüyür.

Bu gün valideynlərin əksəriyyəti uşaqlarını qorxu ilə böyüdür. Uşağa xərclənən pul, alınan geyim, yemək uşağın başına vurulur. “Mən sənin üçün bunu etdim, onu etdim…” deyərək, uşaqla münasibətdə soyuqluq yaradılır.

 

İlahin Zaman




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir