Son zamanlar qadınların müraciət etdiyi manikür proseduru və gel dırnaq boyaları ilə daha uzun müddət qalan baxımlı əllər təhlükəsizlik cəhətdən kifayət qədər öyrənilməmişdi. Bu yaxınlarda tədqiqatçılar əllərin parlaq ultrabənövşəyi işığa məruz qalma riskinin nə qədər zərərli olduğunu araşdırıblar.
Belə ki, gel boya ultrabənövşəyi şüalar altında sərtləşir. Gel dırnaq boyasının üstünlükləri göz qabağındadır: tez quruyur, adi lak kimi tez qopmur. Bundan əlavə, bu gün müxtəlif şirkətlərin gel cilalarının daha zəngin rəng palitrası mövcuddur.
Bununla belə, elm adamları müəyyən ediblər ki, belə bir manikürün düzəldilməsində istifadə olunan gel-boyanı qurutmaq üçün ultrabənövşəyi lampa sağlamlığa böyük təhlükə yaradır. Cihazın zərərləri əvvəllər düşünüldüyündən əhəmiyyətli dərəcədə böyükdür.
Tədqiqatçılar ultrabənövşəyi şüa yaradan bu cihazları tədqiq edərək, onların istifadəsinin hüceyrələrin ölümünə və mutasiyaya səbəb olduğunu müəyyən edərək bildirirlər ki, sağlam insan dəri hüceyrələrinin xərçəng hüceyrələrinə çevrilməsinə kömək edir.
Bu cihazları dəqiq öyrənmək ideyası tədqiqatın aparıcı müəllifi Lyudmil Aleksandrova (bolqar əsilli tədqiqatçı) stomatoloji klinikada olarkən gəldi. O, həkimə müraciət etməyi gözləyərkən orada qoyulan jurnalda barmağında nadir bir dəri xərçəngi diaqnozu qoyulmuş gənc gözəllik müsabiqəsi iştirakçısı haqqında məqalə oxudu.
Aleksandrov öz tədqiqat qrupu ilə bu məsələni daha diqqətlə öyrənməyə başladı.
Tədqiqatın müəllifləri bu prosedurlardakı bir şeyin bu xüsusi xərçəng növünə səbəb ola biləcəyini fərz etdilər. Sonra Aleksandrov və onun həmkarları anladılar ki, UV qurutma cihazlarının molekulyar səviyyədə dəri hüceyrələrinə necə təsir etdiyinə dair heç bir elmi araşdırma yoxdur.
Yeni tədqiqatın müəllifləri bu boşluğu doldurmağa tələsdilər.
Alimlər tədqiqatlarında üç növ hüceyrədən – insan dərisindən, dərinin alt qatlarından, həmçinin siçan embrion hüceyrələrindən istifadə ediblər.
Manikür üçün ultrabənövşəyi şüaları yayan cihazların cəmi 20 dəqiqəlik bir seansda istifadəsi bu hüceyrələrin 20-30%-nin ölümünə səbəb olub. Ardıcıl üç 20 dəqiqəlik seans canlı hüceyrələrin 70%-ni məhv etdi.
Qalan hüceyrələrdə isə ultrabənövşəyi radiasiyaya məruz qalma mitoxondriyaya (hüceyrənin enerji stansiyaları) və DNT-yə ziyan vurur. Bu, insan dəri xərçənglərində görülə bilən mutasiyalara səbəb ola bilər.
Yeri gəlmişkən, bir manikür seansı zamanı bir insan əli 1-2 dəqiqə ərzində 20 dəfəyə qədər və ya daha çox şüalana bilər.
Alimlərin bu yeni məlumatları, tez-tez gel boya istifadə edən insanlarda xərçənglə bağlı bir sıra əvvəlki hesabatlarla birlikdə olduqca kədərli bir mənzərə yaradır.
Məlum olub ki, sırf bu kosmetik prosedur bütün dünyada milyonlarla insanın sağlamlığı üçün ciddi risk yaradır və gözəl və davamlı dırnaqları sevənlər mümkün təhlükədən belə xəbərdar deyillər.
Ən azından, bu məqalədən sonra barmaqlarınızı və dırnaqlarınızı ultrabənövşəyi radiasiyaya mümkün qədər az məruz qoymağa çalışın: yəni ən azı, quruducudan tövsiyə olunan müddətdən artıq istifadə etməyin.Qalıcı gel lakına daha çox təhlükəsiz alternativlər axtarmağa çalışın.
Nubar Süleymanova