abort

Cinsiyyət problemi: selektiv abortla necə mübarizə aparmaq olar?

Baxış sayı: 510

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Sosial Dəstək Mərkəzi (SDM) Azərbaycan Respublikasının Qazax, Yardımlı və Ağsu rayonlarında ilk dəfə olaraq yeni doğulmuş qız uşaqları üçün qutuların paylanmasına başlayacaq. Birinci mərhələdə 90 ədəd analoji qutu sifariş edilib.

Yerli mətbuat xəbər verir ki, onların tərkibində uşaq bezləri, uşaq baxımı məhsulları, paltar dəsti, hipoalerjenik yuyucu toz, şampun, oyuncaq və s. var. Belə hədiyyə Azərbaycanda qız uşaqlarının aşağı doğum səviyyəsi ilə əlaqələndirilir ki, bu da selektiv abortlarla izah olunur.

Bir tərəfdən, gənc analar üçün hər hansı bir kömək artıq yaxşıdır. Bəs niyə belə qutular hamı üçün yox, cəmi üç rayon üçün nəzərdə tutulub? Və niyə yalnız qızlar üçün? Bir çox ölkələrdə dövlətdən yeni doğulan körpələr üçün oxşar qutular var, ancaq qız və ya oğlan olmasından asılı olmayaraq orada bütün uşaqlara verilir. Bu, birdəfəlik və aylıq uşaq müavinətləri və sairlə yanaşı, hamilə qadınlara və gənc analara dəstək komponentlərindən biridir.

Aydındır ki, selektiv abort problemi və bunun nəticəsində qızlara qarşı qərəzli münasibət ölkəmizdə mövcuddur və buna diqqət yetirməmək olmaz. Üstəlik, bu problem daha da kəskinləşir – Azərbaycan belə abortların tendensiyasına görə çoxdan müşahidə olunduğu Çini keçib. Digər lider Hindistandır. Hətta selektiv abortlar da daxil olmaqla, bir bölgədə və ya ölkədə gözlənilən qadın sayı ilə müqayisədə qadınların sayının azalmasına işarə edən “yoxa çıxan qadınlar” termini var – 1990-cı ildə Nobel mükafatı laureatı Amartya Sen tərəfindən işlədilib.

2021-ci ilin məlumatına görə, Azərbaycanda hər 100 qıza 115 oğlan düşür, doğum zamanı cins nisbətinin bioloji norması isə, orta hesabla, hər 100 qıza 105 oğlanın düşməsidir. BMT-nin Əhali Fondunun məlumatına görə, 2050-ci ilə qədər hər il doğulan oğlan uşaqlarının sayı yeni doğulan qızların sayından 12-15 min nəfər çox ola bilər.

İkinci hamiləlikdə ilk uşaq qızdırsa, selektiv abort riski artır. Üçüncü hamiləlikdə ilk iki uşaq qızdırsa, belə bir abort ehtimalı əhəmiyyətli dərəcədə artır. Səbəblər cəmiyyətin patriarxal təbiəti və iqtisadi amildir ki, ona görə qız əlavə ağız, oğlan isə gələcək çörəkqazanan və qoyub getməyə heç nəyin olmasa belə, varisidir.

abort

Selektiv abort riski nədir? Zorakılıq və insan alveri hallarının artması, həmçinin erkən nikahların sayının artması, yerli bəylərin xaricdə gəlin axtarmağa məcbur olmasına gətirib çıxara bilər. Təbii ki, bu problemlə mübarizə aparılmalıdır. Ancaq çətin ki, hər kəs uşaq bezi və şampun qutularının alınması perspektivinin qızların doğulmasının xoş qarşılanmadığı ailələri öz mövqelərinə yenidən baxmağa məcbur edəcəyinə ciddi şəkildə inansın.

Azərbaycanda da vaxtaşırı bu neqativ halla mübarizə məsələsi qaldırılır. Vaxtilə qız uşağı olanda onun adına 10 min manatlıq bank hesabı açılacağı haqda xəbərlər yayılsa da, onların əsassız olduğu üzə çıxıb. Bəziləri bunu həkimlərə doğuşdan əvvəl uşağın cinsiyyətini söyləməyi qadağan etməyi bir çıxış yolu hesab edirlər, çünki bu cür abortlar ultrasəs müayinədən istifadə edərək oğlan və ya qızı müəyyən etmək mümkün olduqda ortaya çıxdı.

Ancaq çoxları belə bir qadağanın zəruriliyinə şübhə ilə yanaşır – ayrı bir ödəniş müqabilində bundan yan keçəcək həkimlər var. Bir qadına selektivlikdən şübhələndiyi üçün abort qadağan olunarsa, qeyri-qanuni abortların sayı artacaq. Bəli, tarix bir çox halları bilir ki, arzuolunmaz uşaq dünyaya gəldikdən sonra valideynlər ondan qurtulublar – ən yaxşı halda onu uşaq evinə verir, ən pis halda – küçəyə atılır və ya öldürürlər.

Yeri gəlmişkən, bu yaxınlarda Abşeron rayonunun Masazır qəsəbəsindəki “Yeni Masazır” yaşayış kompleksində qaranlıq avtomobil yolunun kənarında yeni doğulmuş qız uşağının küçədə polietilen torbada qalmış meyiti tapılıb. Bu cür qəddar hərəkətin səbəbləri hələ də məlum deyil, amma yəqin ki, məsələ uşağın cinsiyyəti ilə əlaqədardır. Ancaq arzuolunmaz qız ailədə qalsa belə, sonradan onu yük kimi qəbul edən valideynlərin ayrı-seçkiliyi ilə üzləşə bilər.

Buna görə də bir çox ekspertlər razılaşır ki, selektiv aborta yalnız qadınların sosial vəziyyətinin əhəmiyyətli dərəcədə artırılması və əhali ilə maarifləndirici iş aparılmaqla son qoyula bilər. Qızlar da oğlanlarla eyni təhsilə və hərtərəfli inkişafa, məşğulluq imkanlarına malik olmalı və ümumilikdə bütün sahələrdə gender bərabərliyi təmin edilməlidir.

Dayanıqlı İnkişaf Araşdırmaları Mərkəzinin rəhbəri Nəriman Ağayev də bu fikri bölüşür. Onun AYNA-ya dediyinə görə, əsas diqqət təhsilə, qızların oğlanlardan pis olmamasına yönəldilməlidir və izah edilməlidir ki, çox vaxt onlar stereotiplərin əksinə olaraq valideynlərin dayağına çevrilirlər.

“Yeni doğulmuş körpələrə dövlət tərəfindən yardıma gəlincə, əgər bu yardım göstərilirsə, istisnasız olaraq bütün körpələr üçün olmalıdır. Yalnız qızlara verilərsə, oğlanlara qarşı ayrı-seçkilik edilər. Cinsindən asılı olmayaraq, valideynləri sağlam övlad böyütməyə həvəsləndirmək, onlara müxtəlif dəstək tədbirləri, xüsusən də mənzil almaqla bağlı tədbirlər görmək lazımdır”, – deyə həmsöhbətimiz bildirib.

Bununla yanaşı, Ağayev vurğulayır ki, ümumiyyətlə, uşağı planlaşdırarkən ailə ilk növbədə öz gücünə güvənməli, belə bir addımın məsuliyyətinin tam dərəcəsini dərk etməlidir: “Dövlət yardımı ilk növbədə qadına təkcə uşaq doğulduqdan sonra deyil, bütün hamiləlik dövründə dəstək olmalıdır. Gələcək anaların ixtisaslı pulsuz tibbi xidmət, eləcə də psixoloji dəstək almaq imkanı olmalıdır”.

 

Elya Belskaya




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir