mebel

Mebel seçərkən nələrə diqqət etməliyik?

Baxış sayı: 657

Ev üçün mebel seçmək çox məsuliyyətli bir işdir. Çünki mebel uzunmüddətli istifadə üçün nəzərdə tutulduğundan seçimi də diqqətli olmalıdır. Seçim zamanı bir çox nüanslar var ki, onlara fikir verilməlidir. Bir çoxları əvvəlcə evlərini təmir edir, ondan sonra evin interyerinə uyğun mebel axtarmağa başlayır. Mebel mütəxəssisləri bunun səhv addım olduğunu düşünürlər. Çünki artıq evin divarları boyanıb və ya divar kağızı çəkilib, müəyyən rəngdə döşəmə vurulub, tavanın da bütün bunlara uyğun bir rəngi seçilib. Demək, alınacaq mebel artıq mövcud olanlara uyğunlaşdırılmalıdır. Amma mebellər, əsasən, daha çox populyar rəng, forma və ölçülərdə istehsal olunur. Ona görə də yaxşı olar ki, təmirlə birgə mebel barəsində də düşünülsün. Bəs mebel seçərkən nələrə diqqət etməli, nələrə üstünlük verməliyik? Gəlin birlikdə araşdıraq.

 

Zövq, rahatlıq, işləklik…

Mebel ilk növbədə zövqə və rahatlığa görə seçilsə də, işləkliyi mütləq yoxlanılmalıdır. Məsələn, mexanizm olan hissələrə xüsusi diqqət ayırmaq lazımdır. Əgər divan və bazalı (altlıqlı) çarpayı alırsınızsa, ilk növbədə onun rahat açılıb-bağlanmağını yoxlayın. Çarpayının altlığına mütləq diqqət yetirin. Müxtəlif cür altlıqlar var. Ən yaxşısı, taxta və ya metal barmaqlıqlardan düzələndir. Bu cür çarpayıda hava həmişə sirkulyasiya edir və mebel daha uzunömürlü olur.

 

Hər detal önəmlidir

Şifoner və dolabların qapılarının “petlələri”nə, kilidlərinə təkrar-təkrar baxılmalıdır. Onlar keyfiyyətli materiallardan hazırlanmalıdır ki, sıradan tez çıxmasın. Bundan başqa, rəflərinin ağırlıq saxlamaq gücünə də diqqət yetirmək lazımdır. Keyfiyyətsiz materialdan hazırlanan dolab rəflərinin ağırlığa dözməyib sınması nəticəsində büllur qabların, çini servislərin sındığını az görməmişik.

Mütəxəssislər hesab edir ki, stol və stul seçiminə də barmaqarası yanaşmaq olmaz. Stol arxasında düzgün oturmaq sağlamlıq üçün çox vacib məsələdir. Ona görə də stol və stulun hündürlüyü düzgün olmalıdır. Əks halda, onurğaya pis təsir edər. Materialını və dizaynını bəyəndiyiniz stol-stulu almazdan əvvəl yoxlayın. Belinizi dik tutaraq stula oturun. Stolun üstünə yüngülvarı dirsəklənin. Ayaqlarınız tam döşəməyə çatmalı, dizləriniz stolun altlığına toxunmamalıdır. Baxın, əgər hündürlüyü sizə uyğun deyilsə, özünüzü rahat hiss etmirsinizsə, o dəsti almayın.

 

Hər büdcəyə uyğun mebellər

Mebel seçimində zövq və bilgilərimizlə yanaşı, büdcəmizin də rolu böyükdür. Əlbəttə ki, taxtadan hazırlanan mebellər baha olsa da, daha keyfiyyətli və yaxşı hesab olunur. Əsasən qoz, şabalıd, şam və s. ağac növlərindən hazırlanan mebellərin qiyməti əl yandırır. Amma natural məhsul olduğundan ekoloji baxımdan əla sayılır. Orta və aşağı büdcəli təbəqə üçün daha uyğun “DSP” və “MDF”dən hazırlanan mebellərdir.
Əslində, mebel bazarında istənilən büdcəyə uyğun mebellər var. Onların qiyməti materialına, istehsal ölkəsinə, hətta brendinə görə dəyişir. Yataq dəstlərini (ikinəfərlik çarpayı, iki tumba, şifoner, güzgülü komod) minimum 2500-3000-dən başlayaraq, 12000-13000 manat və daha yuxarı qiymətlərə almaq olar.  Bunların bahalıları xaricdən gətirilmə, nisbətən ucuzları isə xarici materiallarla yerli istehsal sayılan dəstlərdir və əsasən fabrik mallarıdır. Türkiyə istehsalı olan dəstlər isə ortalama 4000-6000 manat civarında dəyişir. Amma yerli sexlərdə də yetərincə mebel istehsal olunur. Bu cür istehsal olunan yataq dəstlərini 1200-1500 manata da almaq mümkündür.

Qonaq otağı dəstlərinin (Vitrin, bufet, bufet aynası, stol və 6 stul) qiymətinə nəzər salaq. Yenə də 2000 manatdan başlayaraq 6000-8000 manat və üzü yuxarı qiymət dəyişir. Bu cür dəstlərin də sex istehsalı olan ucuz versiyaları var. Son zamanlarda künc divanları çox dəbdədir. Onların da qiyməti 1500-3500 manat arası dəyişir. Sadə divan formalarını da 500 manatdan başlayaraq istənilən qiymətə almaq olar.

Sifarişli mebellər

Bütün bunlarla yanaşı, deməliyik ki, mebeli təkcə hazır yox, həm də evinizin ölçü və interyerinə uyğun olaraq özünüz də sifariş edə bilərsiniz. Bundan ötrü xüsusi peşəkar mebel ustaları var ki, evə gəlir, otağınızın ölçüsünə və təmirinə uyğun olaraq istədiyiniz mebelin dizaynını çəkir, materialı və qiyməti danışırsınız, hazırlayıb gətirirlər düz ünvanınıza. Üstəlik quraşdırırlar da. Gəlin indi də sifarişlə hazırlanan mebelləri araşdıraq, görək onda nəyə diqqət etməliyik. Mebel ustası Rauf Alagözov deyir ki, ilk növbədə mebel hazırlanacaq materialla maraqlanmaq lazımdır: “Ən keyfiyyətlisi natural ağacdan olan materiallardır ki, onların da qiyməti ağacın növünə və keyfiyyətinə görə dəyişir. Bu cür mebel baha başa gəlir, amma uzunömürlüdür. İndiki dövrdə ən çox istifadə olunan və nisbətən münasib qiymətə olan MDF paneldir. Yəni daha çox bu materiala üstünlük verilir. Daha ucuz materialdan mebel istəyənə laminat (yerli və xarici materiala görə hər qiymətə var) təklif olunur. Bir az bahalı və keyfiyyətli iş istəyənə isə mdf+boya təklif olunur ki, bu həm də mətbəx mebeli üçün idealdır. Mətbəxdə olan nəm və su miqdarını nəzərə alsaq, o mebel üçün laminat istifadə etmək doğru deyil”.

 

Dələduz mebel “ustaları”

Rauf bəy bundan başqa insanların sifarişi harada verəcəklərinə də mütləq diqqət yetirməli olduğunu deyir: “Hazırda bazarda dələduz mebel “ustaları” da az deyil. Sifarişi götürəndə başqa material göstərib mebeli daha ucuz, keyfiyyətsiz materialdan yığırlar ki, bu da müəyyən müddət sonra problemlər yaradır. Belə ki, mebel tez sıradan çıxır, sınıb-dağılır”. Usta qiymətlərlə bağlı da danışdı: “Bu gün mebel bazarında qiymətlər çox dəyişkəndir. Materialı indi bu, bir az sonra başqa qiymətə alırsan. Ona görə də qiymət sifariş götürülən zaman təyin olunur və ona uyğun hazırlanıb, təhvil verilir”.

 

Xanım Aydın




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir