Osteoxondroz onurğa sütununda yaranan xroniki distrofik prosesdir. Hazırda osteoxondroz tibb elmində çox ciddi problem kimi qəbul olunur. Vaxtında və düzgün edilməyən müalicənin fəsadları ağır ola bilər.
Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının təsisçisi və baş həkimi, həkim-terapevt, ailə həkimi Nərminə Abbasova bildirir ki, uzunmüddətli fəqərə sütunu ağrısı osteoxondrozun əsas əlamətidir. Əgər problem boyun nahiyəsində müşahidə edilirsə, başgicəllənmə, sinə, boyun, qol ağrıları, əllərin, dilin keyiməsi kimi simptomlar hiss olunur. Döş qəfəsi nahiyəsində yaranan osteoxondroz problemi ürək ağrısına bənzəyir. Bu səbəbdən müalicədən öncə düzgün diaqnoz vacibdir.
Osteoxondroza meyillilik irsi xarakter daşıya bilər. Burada xəstəliyin profilaktikası əhəmiyyətli yer tutur. Fəqərə sütununda yaşla bağlı dəyişikliklər, fiziki aktivliyin azlığı, normadan artıq fiziki gərginlik, artıq çəki osteoxondrozun əsas risk amilləridir. Fəqərəarası disklərin damarları olmur. Disk qidalandırıcı maddələri və oksigeni ətraf toxumalardan alır. Fəal insanların orqanizmində həmin toxumalarda qan dövranı və nəticə olaraq disklərin qidalanma prosesi daha operativdir. Hərəkətsizliyin daha bir mənfi nəticəsi də kürək və bel əzələlərinin zəifləməsidir. Eyni zamanda artıq çəki fəqərə sütununa düşən yükü artırır və osteoxondrozu ağırlaşdırır. Bud, bel, qarın nahiyəsində olan artıq piylər xüsusilə zərərlidir. Osteoxondrozun ilk əlamətləri müşahidə edildikdə dərhal həkimə müraciət edilməlidir. Fəqərə sütununun ən informativ müayinə növü maqnit rezonans tomoqrafiyasıdır (MRT). Bu müayinə həkim tərəfindən təyin edilir və fəqərə sütununun vəziyyətində yaranan dəyişikliklər haqqında dəqiq məlumat verir.