qadin

Nə zaman dərk edəcəyik: Ayıb təcavüz qurbanının yox, təcavüz edənindir

Baxış sayı: 478

Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, dünyada hər il 1 milyon 500 min uşaq zorakılığa məruz qalır. Bu acını yaşamaq təəssüf ki, azərbaycanlı uşaqların da bəxtinə düşür. Uşaq zorakılığına azyaşlıları yalnız yadlar, təraf mühit deyil, öz doğmaları da məruz qoyurlar. Ailədaxili zorakılıqla bağlı uşaqların hüquq-mühafizə orqanlarına müraciət etməsi ilə bağlı isə təcrübə təəssüf ki, bizdə geniş tətbiq olunmur. Valideyn zorakılığına məruz qalan uşaqlar ümumiyyətlə bu məsələylə bağlı kömək istəmək lazım olduğunu anlamırlar.

Ən pisi budur ki, uşaqlar yalnız böyüklər tərəfindən deyil, öz yaşıdları tərəfindən də zorakılığa məruz qala bilirlər.

Statistikaya görə, Azərbaycanda cinayət törətmiş uşaqlarda orta yaş 13-14-dür. Cinayəti daha çox oğlanlar törədir. Uşaqlar arasında ən geniş yayılmış cinayətlər oğurluq və xırda xuliqanlıqdır. Yetkinlik yaşına çatmayanlar arasında seksual xarakterli cinayətlərin sayında artım müşahidə edilir. Uşaqlar öz yaşıdlarını və ya özlərindən balacaları zorlayırlar.

Eynək taxan, kök, hansısa gözlə görünən fiziki qüsuru olan uşaqlara yoldaşları lağ edir, onları özlərindən uzaq tuturlar, acımasızca rəftar edir, psixoloji təzyiq göstərirlər. Onlar çox zaman bu barədə şikayət etməyə, kömək istəməyə utanırlar.

Bütün bunların arxasında şablon kimi səslənsə də ailə tərbiyəsinin olmaması dayanır. Söhbət uşağın məktəbə getməsindən, vaxtlı- vaxtsız yeməyindən, dərs oxuyub oxumamasından getmir. Söhbət öncə valideyn maarifsizliyindən gedir.

Çox ata –ana hesab edir ki nə qədər ciddi olsa, sərt olsa uşaq bir o qədər çəkinəcək, özünü yaxşı aparacaq. Amma valideyn anlamır ki, ondan çəkinən uşaq problemlərini də dilə gətirmək istəməyəcək.

Məsələn birdən uşaq itir, ana-ata onu axtarır, tapanda ilk iş üstünə qışqırır və ya döyürlər ki, niyə yoxa çıxmışdın? Təkcə itməsinə və ya evə gec gəldiyinə görə ailəiçi təzyiqə məruz qalan azyaşlı cinsi zorakılığa məruz qalanda əlbəttə ki, bunu ailədə danışmağa qorxacaq. Üstəlik zorakılıq edən tərəf də qorxudur ki, “kimsə bilməsin bilsələr səni öldürərəm”. Uşaqla danışmaq, səbəbləri öyrənmək, “qorxma, yanındayam” mesajı əvəzinə, şiddədtə əl atırıqsa, o uşaq ən gizli dərdini sirrini açmaq istəməyəcək. Üstəlik böyüklər anlamalıdırlar ki, bi,zim əslində heç nə hesab elədiyimiz səsimizi yüksəltməyimiz belə uşaq üçün böyük qorxu, təhlükə siqnalıdır. Üstəlik o uşaq qorxudulubsa, travma alıbsa üstünə qışqırmaq döyülməkdən də betər təsir edəcək. Bunun izlərini ömrü boyu daşıyacaq.

 

 Tabu mövzu – cinsi həyat

Əsas problemlərimizdən biri də valideynlərin uşaqlarla cinsi həyat barədə danışa bilməmələridir. Uşaq bu barədə adətən ən balaca yaşlarda soruşmağa başlayır, yaşa dolduqca instinktiv olaraq o da soruşmağa utanır. Çünki ailədə bu mövzu tabudur, utancdır, ayıbdır.

Əslində bu mövzunu uşağa çox sakit şəkildə, rahat bir dillə müyyən formada başa salmaq olar. Demək olar ki, bu da yemək, gəzmək kimi insana xas bir təbii təlabatdır. Zaman gəlincə sən bunu anlayacaqsan. Cəmiyyətimizin cinsi həyat barədə qoyduğu qadağalar, milli ənənələrimiz barəsində də qısa şəkildə məlumat vermək lazımdır ki, uşaq nələri edə biləcəyini və etməli olmadığını bilsin. Ümumiyyətlə uşağa “olmaz” sözünü demək yox, niyə olmazın izahını vermək lazımdır.

“Toxunma” yox, “toxunsan, yanarsan” demək daha məqbuldur. Yaxud hansısa dərmana əl vurma yox, bunu içsən ölə bilərsən, zəhərlənə bilərsən şəklində izah vermək gərəkdir. Bu kimi problemlər ailələrdə uşaqlara cinsi tərbiyənin düzgün verilməməsi, valideynin maarifsiz olması səbəbi ilə yaranır. Valideyn uşağa öyrətmir ki, sənin bədəninin harasına toxunmaq olar, harasına toxunmaq olmaz. Və ya sənə toxunan olanda nə eləmək lazımdır. Uşağa cins zorakılıq tətbiq ediləndə o qışqırmalıdır. Qışqırıb qaçmalı və yaxın bildiyi insana, məktəbdirsə müəlliminə, anasına atasına deməldir. Və ümumiyyətlə cəmiyyət olaraq böyüklü, kiçikli hər birimiz dərk etməliyyik ki, zorakılığa, təcavüzə məruz qalan yox, qoyan tərəf utanmalıdır, bu ayıb deyil. Cəmiyyətimizin ən yaralı yeri zorlanmaya məruz qalmış adamlara qəribə gözlə baxılması, damğalı kimi görməsidir. Sizcə bundan sonra kim səsini çıxarar, dəstək istəyər?

Bakı şəhərində insanlar daha açıqdır, lazım gələrsə əlləri hər yerə daha asan çatır. Bəs rayonlarda psixoloq xidməti göstərilirmi, yetərli səviyyədədirmi? Bəli, bu xidmət var, hətta Bakıdan daha ucuz qiymətə xidmət göstərilir, sadəcə bizdə psixoloqa getməyi ayıb hesab edirlər. Deyirlər “dəli” həkimidir. Rayon yerlərində zorakılığa məruz qalan və zorakılıq törədən uşaqların ailələri ilə işləmək həm çox vacibdir həm də çox çətin. Çünki insanlar bir-birlərini yaxşı tanıyırlar və bu kimi halların üzə çıxmasının tərəfdarı olmurlar. Çünki, bilirlər ki, hadisə barədə bilinsə, bu ömürlük damğadır. Hətta mütəxəssislərə, belə ailəni həmin vəziyyətdən çıxarmaq çətin olur. Ona görə psixoloq dəstəyi mütləqdir.

Uşaqlarla işləyən vətəndaş cəmiyyəti nümayəndələri hesab edirlər ki, ölkədə uşaq müdafiəsi yetərincə təşkil edilməyib, lakin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bunun əksini iddia edir. Ümumiyyətlə, hər bir insanı hanısa komitə və təşkilat əhatə edə bilməz, biz vətəndaşlar olaraq, köməyə ehtiyacı olanları görməli, hansısa formada dəstək verməliyik. Lazımi orqanlara xəbər vermək kimi məsələn.

Azərbaycanda uşaqlara qarşı məişət zorakılığı ilə bağlı qanunvericilik bazası mövcuddur.

Məişət zorakılığının qarşısının alınması ilə bağlı 2010-cu ildə qanun qəbul edilib. Azərbaycanda məişət zorakılığı qurbanlarına mühafizə orderinin verilməsi nəzərdə tutlub. Yerli icra hakimiyyəti orqanlarına ailə daxilində baş verən hadisədə cinayət əməli olmadıqda, yəni inzibati xəta olduqda şikayətləri araşdırmaq səlahiyyəti verilib. Yerli icra hakimiyyəti orqanlarında gender zorakılığı və uşaqlara qarşı zorlakılıq üzrə monitorinq qrupları da yaradılıb və bu qruplar zorakılıq halları ilə bağlı təhlillər aparır, uşaqların müdafiəsi üçün yardım göstərilməsinə çalışırlar.

Bütün bunlar gözəldir, amma real nəticələr olmalıdır. Var olmaq xətrinə var olub dövlətdən maaş alıb, sakit işdir deyən bəzi məmurlar öz laqeydlikləri ilə əslində nə qədər insan çarəsizliyinin, göz yaşının davamlı olmasına səbəb olduqlarını bilmirlər.

Gələcək normal, sağlam bir cəmiyyət, o həsrətini çəkdiyimiz avropalı düşüncə tərzinin toxumlarını biz bu gün səpə bilərik. Balacalara verdiyimiz düzgün tərbiyə ilə. Düzgün tərbiyə vermək üçünsə, ilk növbədə tərbiyə verənin özü düz düşünməlidir.Pis tərbiyə və xətalarla yetişdirilmiş övlad, sabah cani olacaqsa ilk sənə əl qaldıracaq – Valideyninə. Nə görüb, nəyi düz hesab edibsə onunla yaşayacaq.

 

İlhamə Rəsulova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir